Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36
Onlar «iqtidar»la «müxalifət»i bir çantanın içində daşıyırlar. Metro çıxışlarında, avtomobil yollarının kənarlarında, qısası, gediş-gəlişin sıx olduğu yerlərdə rastlaşa bilərsiz onlarla. Əvvəllər daha çox gözə dəyərdilər, indi sayları da azalıb, pulları da.

Səyyar qəzet satıcılığı dünyada evsiz-eşiksizlərə, kasıblara iş verib sosial vəziyyətlərini yaxşılaşdırmaq istəyindən yaranıb. Azərbaycanda isə küçədə qəzet satanlar ara-sıra çətinliklərlə üzləşir, iş vaxtlarını ordan bura, burdan ora qovhaqovla keçirdiklərini deyirlər. Bu ilin yanvarında Mətbuat Şurası da Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı ki, onlara yaradılan əngəllərin qarşısı alınsın.

SƏHƏR 7-DƏN AXŞAM 9-A...

Həmsöhbətim İsa Nəzərov 10 ildir əl yayımı ilə məşğul olduğunu, işindən məmnun qalsa da, qazancının ürəkaçan olmadığını deyir. Dediyinə görə, qəzet satışından günə maksimum 3 manat gəliri olur:

«Bizim iş sərf eləmir. Amma tək adamam, birtəhər başımı dolandırıram».

53 yaşlı səyyar qəzetçi səhər dan yeri ağaran kimi evdən çıxır, bir də axşam 9 ərəfəsində işini bitirir. Orta təhsilli İsa Nəzərov qəzet işindən əvvəlki həyatını fəhləliklə keçirib.

İsa Nəzərov deyir ki, hakimiyyətyönlü qəzetlərin oxucuları müəssisələrdə olduğu üçün küçədə bu qəzetlərin satışından bir fayda yoxdur:

«Müəssisələrə paylanılır iqtidar qəzetləri. Həkimlərə, polislərə... Onlar abunədirlər, maaşlarından tuturlar. 3-4 dənə götürürəm, intəhası bir Foto: Arxiv

Foto: Arxiv

müştəri var, ona verirəm, qurtardı».

«İNTERNET ÇIXDI, QƏZETİ ÖLDÜRDÜ»

İsa Nəzərov küçədə 10 illik qəzet satıcısı təcrübəsini xatırlayır, deyir ki, internet onun əvvəlki alıcılarını əlindən alıb:

«Qabaqlar - 3-5 il əvvəl bir günə 50-60 qəzet satırdım. İndi bu internet çıxdı, qəzeti öldürdü, qəzet işləmir. Keçən gün 20 qəzet satmışam. 20 dənə siyasi qəzet. Onunla da heç nə olan deyil axı».

Satıcı təəssüflə qeyd edir ki, oxucuların azalması təkcə onun gəlirinə yox, bütövlükdə Azərbaycanın həyatına təsirsiz ötüşməyib:

«XALQIMIZ KÜTLƏŞİR...»

«Qəzet satışının aşağı düşməsiylə bizim xalqımız kütləşir. Qəzeti çıxardırlar ki, camaat oxusun, beyni kütləşməsin. Qəzet başqa şeydir, burda müxalifət-iqtidar söhbəti yoxdur. Qəzet adi xəbərçidir. Bütün dünyadan xəbər tutursan - su haradan gəldi, filankəs hara getdi? Amma bizim camaat buna meyl eləmir. Getdikcə xalqımız oxumur».

İsa Nəzərov Sovet dönəmində çıxan qəzetləri bir-bir sadalayır, özünü tanıyandan qəzet oxuduğunu deyir. İndi gördüyü mənzərə isə bambaşqadır:

Foto: Arxiv

Foto: Arxiv

«20 yaşdan aşağı götürək də... Heç biri bir qəzet almır. Yaşlılar alır. Köhnə, Sovet vaxtından qalan adamlar alırlar ən çox. Cavanlarımız belə şeyə heç meyl eləmirlər».

QƏZETLƏR NƏDƏN YAZIR?

Qəzetlərini aldırmaq üçün satıcı özü də xəbər başlıqlarını səsləndirdiyini və diqqət çəkmək istədiyini deyir:

- Türkiyədə, başqa respublikalarda bir hadisə olarsa, onları deyirəm. Amma bizdən demirəm.

- Niyə?

- Sərf eləmir mənə.

- Nə mənada sərf eləmir?

- Olmaz. Siyasətdir. Onu mən deyə bilmərəm...

Şərhləri göstər

XS
SM
MD
LG