Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

İntiqam Hacılı: "Əsl şair mən deyiləm, əsl şair..."


İntiqam Hacılı
İntiqam Hacılı
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş İntiqam Hacılının 34 yaşı var. Ssenarist və kinoşünasdır. Kinoyazar Mərkəzinin direktorudur.


- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinodramaturq Aydın Dadaşovun kursunu bitirməyim həyatdakı nadir şanslarımdan biridir.

Özümü daha çox kinoda görürəm və orada daha rahat hiss edirəm. Hazirda bu sahədə fəaliyyətim daha aktivdir, nəinki ədəbiyyatda. Vaxtilə ədəbiyyat adamları kinoda hökmranlıq edirdi. İndi də bir-iki kino adamı ədəbi mətnlər yazır, dünya dağılmaz ki... nolsun.

Kinoşünas Sevda Sultanovanın da “Tarkovski” əsəri hekayə müsabiqəsində onluğa düşüb. Gənc rejissor Xəyyam Abdullayevin də “Rejissorun şüurüstü filmi” adlı şeirlər kitabı var.

Sadəcə, mən də sözügedən onluğa düşən formada şeir yazmağı bacarıram. İstəsəm belə ədəbi mətnləri bundan sonra da yaza bilərəm.

Bu o demək deyil ki, mən şairəm. Əsl şair Aqşindir, araq içməyindən, gülməyindən tutmuş şeir yazmağına qədər. Mən tay-tuşumun adını çəkdim. Bir az da irəli getsək, Salam Sarvan, Murad Köhnəqala və Ramiz Rövşən və s. adlarını çəkmək olar.

- Tez-tez mətbuatda imzası görünən yazarlardan deyilsiniz?

- Mən yazar deyiləm, ssenaristəm, kino işi ilə məşğulam. Mətbuatda isə kino yazılarımla görünürəm. Kinodan fərqli olaraq, ədəbiyyatda heç bir iddiam yoxdu. İki sənədli - “Xatirələrdə yaşanan ömür” və “Cənubda şimal küləyi” filmlərin ssenari müəllifiyəm. Fehruz Şamıyevin “Yol” qısametrajlı bədii filmində isə icraçı prodüser işləmişəm. Kinoyazar Prodüser Mərkəzinin təsisçisiyəm. Bu mərkəzdə bu il iki sənədli və bir qısametrajlı bədii filmin istehsalı nəzərdə tutulur. Sözsüz ki, bu filmlərdə özümü rejissor kimi də sınayacam. Kinoda özümü doğruldacağıma inanıram. Şeirə gəldikdə isə, futbolu şeirdən çox istəyirəm, kinonu isə onlardan da çox.

- Müsabiqəyə necə oldu qatıldınız?

- Azadlıq radiosunun saytını oxuyarkən rast gəldim. Və beləcə qatıldım. Onluğa düşəcəyimi ən azından şeirlərimdəki sosial və siyasi məqamlara görə bilirdim. Bu şeirləri başqası yazsaydı, mən də sevərdim onları.

- Onluqdakı imzalardan hansını daha çox qiymətləndirirsiz?

- Onluqda olanları qiymətləndirirəm. Maraqlı məqamlar və detallar var. Amma “Şadlinski küçəsində bir ev”i bəyəndim. Mən hər şeyə kino gözü ilə baxıram. Kameraya alına biləcək kadrlar, detallar, hisslər harda varsa, onların vurgunuyam.

- Çağdaş dünya və Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Azərbaycan ədəbiyyatında müasir yazarların nəşr olunan bütün kitablarını oxuyuram.
Ən çox da nəsr əsərlərini. Uzun-uzadı fəlsəfi şeirləri sevmirəm və oxumuram. Konkret məkanı, hadisəsi, ideyası olan lakonik şeirlər mənimçün daha maraqlıdır. Nəsrə gəldikdə, Sevinc Pərvanənin “Şəhər” romanı başdan-ayağadək kino üçün hazır materialdır. Şərifin hekayələrindən film çəkməklə Qarabağ və onunla bağlı əsl hadisələri kinematoqrafiyaya gətirmək olar. Seymur Baycanın “Quqark”ı da bu baxımdan önəmlidir.

Çağdaş dünya ədəbiyyatını da oxuyuram. Ad çəkməklə özümü ağıllı göstərmək istəmirəm. “Uşaqlığın son gecəsi” filmində kombinatın böyük iş icraçısı rolunu oynayan aktyor Yusif Vəliyevin ona verilən “nə içirsən” sualına belə bir cavabı var: “Sovet sənayesi nə istehsal edirsə onu”. İndi mən də, nəşriyyatlarımız xarici ədəbiyyatdan hansı maraqlı əsərləri nəşr edirsə, onu da alıb oxuyuram. Bir pis xüsusiyyətim də var. Başqasının olan kitabı oxuya bilmirəm. Söhbət ədəbi əsərlərin yer aldığı kitablardan gedir. Gərək o kitab şəxsən özümün olsun ki, oxuya bilim. Kitaba pul verən adamam. Bir sözlə, haqqında danışılan və lazım olan əsərləri oxuyuram. Düzdü, həmin əsərləri ədəbiyyatçılardan tez oxuya bilmirəm. Misalçün, Qan Turalıdan ən azı 4-5 ay gec oxuyuram. Çünki həftədə ən azı 3-4 filmə də baxıram. Paralel olaraq kinoyla bağlı kitabları da oxuyuram.

- Nəsr sahəsində də qələminizi sınayırsızmı? Yaxud belə bir planınız varmı?

- Əvvəllər fikrim olub. Vaxtilə kitabçalarımda hekayələr üçün qeyd elədiyim həmin mövzuları indi ssenarilərə çevirirəm. Onları birbaşa kinoda görmək istəyirəm. Artıq o dünyaya kino işçisi kimi gedəcəyimi bilirəm. Əgər ədəbiyyat sahəsinə can atsam, normal hekayələr də yaza bilərəm.

- Vaxtilə yazarlar üçün öz qələmini sınamaq üçün bir ünvan da vardı - kino. Sssenarilər yazırdılar və bu ssenarilərə filmlər çəkilirdi.

- Yazıçı və ssenarist fərqli anlayışlardı. Amma yazarların ssenari yazmasına pis baxmıram. Bu şərtlə ki, heç olmasa kinodan xəbərləri olsun, ssenarinin yazılış texnikasını bilsinlər. Ssenaridə ədəbi cümlələr yazmaqla rejissorların zəhləsini tökməsinlər. Əslində yazarlar vaxtlarını hekayə və romanlar yazmağa sərf etsələr daha yaxşı olar. Qoy ssenaristlər onların əsərlərinə müraciət etsinlər. Necə ki, mənim hədəfimdə 2-3 yazarımızın əsərləri var.

- Azərbaycan ədəbiyyatının ən böyük problemi nədir sizcə?

- Azərbaycan kinosunun ən böyük problemi haqqında danışmaq mənə daha rahatdır. Sözsüz ki, müsabiqəyə görə, siz ədəbiyyatın ən böyük problemini soruşmalısız. Məncə, problemlərdən biri yazarlara istər dövlət, istər özəl təşkilatların diqqət göstərməməsində, yazarların sosial problemlərində, nəşriyyatların iş sistemində, yazarlarla münasibətindədir. İnanmıram ki, yaradıcılıq problemləri var. Əgər sosial şəraiti yaxşı olarsa, nəşriyyatdan sifariş alarsa, onda yazar da oturub əsərin yazar. Daha Seymur Baycan vəziyyətinə düşməz. Mədəniyyət nazirindən “Avroviziya” müsabiqəsinin 4 biletinin pulunu istəməz. Bunu gülmək üçün dedim. Baycanın məktubunun isə ümumi ab-havanın təsvirindən gəldiyini yaxşı anlayıram.

- İndi bir gəncin kino sahəsinə üz tutub uğur qazanmasına nə dərəcədə imkan var?

- Məncə imkan var. Kinoya üz tutan gənc əvvəl özünün bu sahədə nəyə malik, istedadının nəyə qadir olduğunu müəyyənləşdirməlidir. Öz qüsurlarını aradan qaldırmalıdır. Başlanğıcdan böyük işdən yapışıb özünü gülünc vəziyyətə qoymamalıdır. Kino kollektiv və böyük işdir. Öyrənə-öyrənə addımlamalıdır.

Digər tərəfdən isə, dövlət dəstəyi ilə aparılan istehsalatda islahatlara ehtiyac var. Dövlət doğru və təcrübədən keçmiş mexanizmlərin tətbiqində maraqlı olmalıdır. Yalnız bu vəziyyətdə kinoya üz tutan hər bir istedadlı gəncə qapılar açıla bilər. Əgər bürokratiya və məmur maraqları varsa, istənilən sahə üşün inkişafdan danışmaq olmaz.

"Oxu zalı"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG