Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Qafqazlı gənc "Titanik"də olmayıbmış (Yeni faktlar)


Murzaxan Kuçiyev
Murzaxan Kuçiyev
Bu ürəkparçalayan hekayət Rusiyanın “Arqumentı i faktı” qəzetindən tutmuş 1-ci kanalına qədər ən müxtəlif media orqanlarında yayılıb.

Hekayət belədir ki, 1912-ci ildə Şimali Osetiyadan olan Murzaxan Kuçiyev adlı yeniyetmə Britaniyanın Southampton limanından “Titanik” gəmisinə minərək Amerikaya öz həyatını qurmağa yollanır.

Səyahət zamanı yediyi balıq yeməyindən özünü pis hiss etdiyi üçün Murzaxan göyərtəyə qalxır.

Elə bu zaman “Titanik” aysberqlə toqquşur və bunun təsirindən

Murzaxan göyərtədən yıxılıb okeana düşür

Buz kimi soyuq suya düşən yeniyetmə üzə bildiyi üçün batmır.

Bu hekayəti Azadlıq Radiosuna da Kuçiyevin nəvəsi Indira Kadzova danışır:

“O xeyli müddət suda qalır. Suya düşmüş bir qadın boğulmamaq üçün qollarını onun boynuna dolayır. Bir müddət sonra qadın suda donsa da, qolları babamın boynundan açılmır. Çünki qolları da donubmuş”.

Hekayət belə bitir ki, Murzaxanı buz kimi sudan çıxarıb xəstəxanaya çatdırırlar.

O sağ qalır və “Titanik” faciəsini yaşayanlara verilmiş kompensasiya cibində vətəni Rusiyaya qayıdır.

Rus mətbuatı Kuçiyevin hekayətini 1997-ci ildə çəkilmiş məşhur “Titanik” filmindəki dramatik hekayətlə də müqayisə edir.

Amma Britaniyalı araşdırmaçı, gəmi arxivləri üzrə ekspert Debbie Beavis Kuçiyev haqqında mətbuatda dövriyyəyə buraxılan məlumatların həqiqət olmadığını bildirir.

O deyir ki, “Titanik”lə bağlı heç bir sənəddə, o dövrün mətbuatında Kuçiyev adlı sərnişinin adı çəkilmir.

Debbie Beavis “Titanikdə üzənlər kimlər idi?” adlı kitabın müəllifidir

Kitab dünyada "Titanik"lə bağlı ən ciddi araşdırmalardan sayılır.

O deyir ki, o zaman “Titanik” sərnişinlərinin əksəriyyətinin kimliyi bir neçə mərhələdə - gəmiyə minəndə də, xəstəxanada müalicə ediləndə də, hətta yenidən Britaniyaya qayıdanda da sənədlərə düşüb.

“Tutalım ki, o gəmidə olub və suya düşəndən sonra xilas edilib. Əgər belədirsə, onda onun adı niyə xilasetmə qayıqlarına götürülənlər arasında yoxdur? Xilas edilənlərin adları çox diqqətlə qeydiyyata alınıb. Tutalım ki, o, xilas edilənlərin çoxunun çatdırıldığı Müqəddəs Vinsent Hospitalına aparılıb. Bəs onda niyə adı xəstəxanaya çatdırılanlar arasında yoxdur. Onun adı “Carpathia” g’misi ilə Nyu-Yorka aparılanlar arasında da yoxdur”.

Kuçiyev sonradan Stalin repressiyalarının qurbanı olub və 1940-cı ildə sürgündə ölüb.

Ailəsi bildirir ki, buna görə ondan nə passportu, nə də digər sənədləri qalıb.

Araşdırmaçı Debbie Beavis isə bildirir ki, “Titanik”in batmasından sonrakı illərdə təxminən 7000 adam gəmidən xilas olmaları barədə iddialar səsləndirib, məlumatlar yayıb.

“Onlar həmin dövrdə müxtəli müxtəlif ölkələrə etdikləri səyahətləri “bəzəyərək” özlərini “Titanik” sərnişini kimi təqdim ediblər” – deyə araşdırmaçı bildirir.

Halbuki Titanikdə təxminən 2200 sərnişin olub, onlardan da təxminən 700 nəfəri xilas ola bilib.
XS
SM
MD
LG