Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16

Ədalət Şükürov: «Müğənnilər piratlara görə disklərindən pul qazana bilmir»


Foto: Arxiv
Foto: Arxiv
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Azərbaycanda yazılan elmi əsərlər arasında son zamanlar xeyli plagiat iş olduğunu bildirir. Xüsusilə Rusiyadan götürülmə plagiat işlər üstünlük təşkil edir, bu işlər tərcümə olunmuş əsərlərdir.

Kamran İmanov hesab edir ki, indi Azərbaycanda müəlliflik hüquqları daha çox elm sahəsində pozulur:

TƏBİƏT VƏ HUMANİTAR ELMLƏRDƏ PLAGİAT

«Biz yalnız qeydiyyata gələn və ya bizə göndərilən əsərlər üzərində araşdırma aparırıq. Elmi işlərə, xüsusən də dissertasiyalara nəzarəti Ali Attestasiya Komissiyası aparır. Plagiatlığa gəlincə, bəli, bizə hansısa elmi əsərlər, kitablar və sairənin köçürüldüyü barədə müraciətlər olur. Həmin əsərlər yoxlanılır və çox vaxt deyilən həqiqət olur».

Kamran İmanov deyir ki, plagiat təbiət və humanitar elmlərə aid əsərlərdə aşkarlanıb. Müəlliflik hüquqlarının daha çox pozulmasına görə ikinci yeri media, üçüncü yeri isə musiqi sahəsi tutur.

«Azəri-Press» İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı deyir ki, bu məsələ mediada daha acınacaqlı vəziyyətdədir. Saytlar, agentliklər, televiziyalar özgənin məlumatını götürərək istinad etmədən öz materialları kimi təqdim edirlər. Televiziyalar Türkiyə televiziyalarının veriliş adlarını olduğu kimi götürürlər və eyni məzmunlu da verilişlər edirlər. Ortaya çıxardıqları filmlərdə də həmçinin:

MƏHKƏMƏYƏ VERMƏYİN PRİNSİPİ YOXDUR

Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı
«Bizdən isə xəbərləri götürürlər. Xüsusi olaraq eksklüziv xəbərləri. Biz artıq tədbirlərdən olan xəbərlərimizi medianın olduğu kimi götürüb istifadə etməsi ilə razılaşmışıq. Çox vaxt mən bundan gileylənəndə məhkəməyə müraciət etməyi tövsiyə edirlər. Amma indi plagiatlıqla məşğul olanların böyük əksəriyyəti həvəskar sayt kimi fəaliyyət göstərir. Hüquqi ünvanları da göstərilmir. Onları məhkəməyə verməyin prinsipi də yoxdur. Çünki onlar hüquqi məsuliyyət daşıyan subyekt kimi fəaliyyət göstərmirlər».

Vüsalə Mahirqızı deyir ki, hazırda onlar istəsələr də, məsələni hüquqi müstəvidə həll edə bilməyəcəklər. Çünki «Müəllif hüquqları haqqında» qanunda «internet media» anlayışı yoxdur. O hesab edir ki, bu qanuna internet media ilə bağlı bir müddəa salınmalıdır.

Ümumilikdə isə APA-nın baş direktoru düşünür ki, əslində plagiatdan yaxa qurtarmağın yolu peşəkarlıqdan keçir. Deyir, bu, həm də bir vicdan məsələsidir. Onun fikrincə, ciddi müzakirələr və güclü ictimai qınaqla bu məsələdə nəyəsə nail olmaq ehtimalı hüquqi müstəvidə ediləcək cəhdlərdən daha çoxdur.
Ədalət Şükürov
Ədalət Şükürov

«MÜĞƏNNİLƏR PLAGİATDAN DAHA ÇOX PİRATÇILIQDAN ZİYAN ÇƏKİRLƏR»

Azərbaycanın əməkdar artisti Ədalət Şükürov isə deyir ki, bəzən onun yazdığı mahnılarınkı ilə təxminən üst-üstə düşən musiqilər olur. ​Amma onun fikrincə, müğənnilər plagiatdan daha çox piratçılıqdan ziyan çəkirlər, çünki piratçılıq müğənnilərə öz disklərindən pul qazanmağa imkan vermir:

«Plagiat o deməkdi ki, mahnını götürüb deyir bunu mən yazmışam. Belə şeylər olur əlbəttə. Amma dünyada bir milyard mahnı var. Hamısı da 7 not üzərində qurulur. Haradasa üst-üstə gələ bilər mahnılar. Amma əsas problem odur ki, müğənninin yazdırdığı diskin birini alıb çoxaldıb satırlar. Bu da səsyazma studiyasının istehsalı olan disklərin satılmasına imkan vermir. Bu günədək müğənnilərdən heç kim heç vaxt disklərdən pul qazana bilməyib».

Ədalət Şükürov hesab edir ki, bu məsələləri tənzimləyən qanun olmalıdır. Onun bildirdiyinə görə, belə bir qanun hazırlanır. Amma deyir, yalnız qanunla da iş bitmir. Həmin qanunun icrasına da nəzarət olunmalıdır ki, plagiat problemi aradan qalxsın.

Hələlik Azərbaycanda bu sahədə qanunvericilik bazası «Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında» qanun sayılır. Bu qanun 1996-cı ildə qəbul edilib. 2010-cu ildə qanuna plagiatlıq və bəzi digər məsələlərə dair əlavə və dəyişikliklər edilib.
Xudayat Həsənli
Xudayat Həsənli

YENİ QANUN OLSA...

Ölkə 1997-ci ildən «Müəlliflik hüququna dair Ümumdünya Konvensiyası»na qoşulub.

Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli ötən il bildirmişdi ki, ölkədə piratçılığın səviyyəsi kitab nəşrində 61 faizdən 40 faizə, kompyuter proqramlarında 96 faizdən 88 faizə, audiovizual məhsul istehsalında 96 faizdən 70-80 faizə düşüb.

O, deyir ki, nəzarət markalarının yapışdırılması «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında» qanun layihəsinin qəbulu ilə tənzimlənəcək.

Hələlik Azərbaycanda bu qanun qəbul edilməyib. Onun yaxın vaxtlarda qəbul ediləcəyi bildirilir. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov isə açıqlamalarının birində deyib ki, qanunun qəbulundan sonra Azərbaycanda piratçılıqla mübarizədə yeni mərhələ başlayacaq.

Kamran İmanov Azərbaycanda kəşflərlə bağlı qanun layihəsi üzərində də iş getdiyini bildirir.
XS
SM
MD
LG