Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


əvvəli

15 yanvar, bazar ertəsi. 1985-ci il

... Bir azdan isti su qurtaracaq, özümü buğa vermək istədiyim üçün qısa yazıram: Səhər məşqini 2-ci şəkildən başlatdım, hər şeyi cikinə-bikinədək təmizlədim (tfu-tfu, göz dəyməsin!..), Cümhuru işlətdim. Hərçənd, inanmıram ki, bütün bunları sabah yadda saxlasın. Üçüncü pərdənin ortalarına çatanda, Tufan balet qrupuyla gəldi və mən şamlarla rəqs səhnəsinə baxdım. Ortadan aşağı qiymətləndirmək olar, amma neyləyəsən ki?

Fasilədə maestronu haqladım və bir cəndviçə satın aldım. Daha çəkinməyə başlayıb, bizdən ona arxa olmağımızı umur. Söhbətin sonunda Hüsaməddin peyda olub soruşdu:

- Ne yapıyorsunuz?

- Çalışıyoruz! – deyə maestro cavab verdi, amma Hüsü amansız bir tövr alıb:

- Böylə çalışmanız bənim hoşuma gitmiyor – dedi və çıxıb-getdi.

Maestro sonra bizi Hüsaməddin bəyin kabinetinə aparıb, orada mızıldamağa, aranı düzəltməyə çalışdı, amma Hüsü ayaqqabısını dəyişəndə mən artıq dözmədim və ayağa durub qapını çırparaq uzaqlaşdım. Sexləri gəzib, hər şeyi gözdən keçirdim. Minə nə var, göstərdi: pis deyil, işə yarıyar...

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Teatr bölümünə baş çəkdim; 2-ci Minə 5.30-da gəlməyimi xahiş etdi, çünki o vaxt Rüştü də gələcək və birlikdə müdirin yanına gedəcəkdik. Yenə atelyeləri dolaşıb, butoforçularla, radiosexlə işlədim, rəqslərə düzəliş verdim, aktyorlarla söhbətləşib, təkrar teatr bölümünə endim. Beş dəqiqədən sonra Rüştü gəlib çıxdı və bizdən şefin yanına baş çəkməyi xahiş etdilər (onun soyadını sonra yazaram). Çox xoş adam idi. Həm də ona görə ki, Mirzə Fətəlinin könlümə yatan bir komediyasını tamaşaya qoymağımı təklif etdi.

Vestibüldə Əhəd məni gözləyirdi, saat 9.00-dək “Orkestro Odası”nda oturduq. Maestro işlə məşğul olmaq yerinə, su bulandırırdı. Хороша Маша, да не наша (“Maşa” sözünün altından müəllif xətt çəkib. Bütövlükdə təxminən “Adı bizim, dadı özgənin” məsəlinə uyğun gəlir – Z.M.)…

Sonra “Akman”da (Ankarada otel adıdır – Z.M.) Vaaqan Vaçeyeviçə (Baqratuni nəzərdə tutulur – Z.M.) baş çəkdik, kofe içib söhbətləşdik. 25 min TL-ni ona qaytardıq, o da bizə konyak bağışladı və 6 rubla, 2 rubl 50 qəpiyə məbəd tikən, hər yerdə “VEF” radiosunu və “Zenit” fotoaparatını özüylə gəzdirən bir bənna haqqında gülməcə danışdı. Belə bənnaları görən gözüm yoxdur (müəllif “каменщик” sözünün “камен” – “daş” hissəsini vurğulamaqla müsahibinə münasibətini bldirib – Z.M.).

“AKMAN” (504-cü oda), 16 yanvar, çərşənbə. 1985-ci il

Bu gün səhərdən texniki məşqlər aparılır. Yəni bütün dekorlar səhnəyə çıxarılır, quraşdırılır, bərkidilir, uyğun sexlər çağrılır və nə gərəkdirsə, elə yerindəcə düzəldilir. Başqa sözlə, daha aşağı düşmək lazım gəlmir. İşləyərkən tapançalardan yararlanır, hara desən, dırmaşmağa imkan verən təkərli nərdivanlardan itifadə edirlər. İşıq məsələsinə macal tapmadım, sabah buna ayrıca zaman ayrılıb.

Məşqin gedişində nəsə başqa bir işi də öhdəsinə götürən xorçu Şakir mənə yanaşdı və bildirdi ki, “Güleryüz”lə müqavilənin vaxtı bitdiyindən “Akman” otelinə köçməliyəm. Bitir, bitsin də...

İkinci mərtəbəyə -- foyeyə qalxdım, 4-cü pərdəni məşq etdirdim, sexləri dolaşdım. Bir də ayıldım ki, saat 15.15-dir. Oğuz məni dincəlməyə göndərdi. Yolda köçmək məsələsini xatırladım. Şey-şüyümü toplayıb “Akman”a yollandım. Artıq 3 gündür ki, yollar buz bağlayıb. Bu üzdən, birtəhər, sürüşə-sürüşə, otelə çatdım. Burada məni 301-ci nömrəyə yerləşdirib, sabah başqa otağa dəyişdirəcəklərini söylədilər...

Məsələni çox da xırdalamayaq, 30 ildən sonra hər şey gün işığına çıxar... Pal-paltarımı daşıyıb, nəfəsimi dərəndən sonra operaya qayıtdım. Burada təxminən 20 dəqiqə Vaaqan Vaçeyeviçə tərcüməçilik etmək tapşırılan rus dili aspirantı Ayşə (Ayşe) ilə mırt vurdum... Qızcığaz rusca güclə danışır, amma öyrənməyə can atır. Çexovu, Mixaylovskini oxuyur...

Saat 18.00-da orkestr və balet solistləriylə məşqə başladım. Birinci hissə babat, 2-ci hissə yaxşı keçdi. Birinci hissədə Bülənd, 2-cisində Cahid üz güldürdü. Üçüncü hissə xeyli pis, süst təsir bağışladı. Heç nə eşidilmirdi. Dekorun hələ quraşdırılmadığını görüncə, aktyorlar o dəqiqə həvəsdən düşmüşdülər.

Camal yanıma dəyib, Habilin valını (Habil Kaman nəzərdə tutulur – Z.M.) və ardından 2-ci Minə “Ah şu gençler” pyesini və “Keşanlı Ali Destanı”nı gətirdilər. Bir-iki kəlmə danışdıq. Sabah Minənin yanına gedib həm çay içər, həm də söhbətləşərəm. Mədəniyyət Nazirliyinin bir məmuru da mənimlə görüşmək istəyir...

“Prova”dan sonra Turqay gəldi. Təzəcə ağzını açıb danışmaq istəyirdi ki, V.V. -- Vaaqan Vaçeyeviç qəmiş oldu. Beləcə onun yanına getdim, “xoşbəxtlikdən” artıq eyni oteldə qalırıq. Allah Lyonya Vaynşteynin canını sağ eləsin (və mənim) -- cəhənnəm olsun lirə də, pal-paltar da və daha nə bilim nələr də. Başım dinc, alnım ağ, könlüm açıqdır...

17 yanvar, cümə axşamı. 1985-ci il (203-cü oda)

Səhər məşqi heç önəmsənmədi: 3-cü pərdədən başlasam da, ara verərkən, orkestrin səs-küyündən çalışmaq mümkün deyildi. Təzəcə üvertura çalınıb bitmişdi ki, maestro orkestri buraxdı. Bu kişi məni sakitləşdirməyin (?!) yeni yolunu tapıb – “heç kimə fikir Zeynal Məmmədli

Zeynal Məmmədli

vermə, hər şey yaxşı olacaq!” – sanki kimsə mənə nəsə deyir... A kişi, səndən danışırlar, sənə söz deyirlər, e! Maestro sarıdan bəxtimiz heç gətirməyib. Bax, qorxusuz-ürküsüz, gör nə deyirəm: o öz davranışlarıyla bizi gözdən salır... Orkestri qatıb-qarışdırır, replikaları unudur, hərdən boş yerə orkestri ayağa qaldırır, yalnız çaldırandan sonra tempi yadına salır... Yaxşı-yaxşı, həqiqət nə odda yanar, nə də suda batar. O, çox gözəl insan və musiqiçidir. O, hələ özünü göstərəcək.

... İkinci məşq foyedə idi. Mən işıq məsələsini bitirməliydim. Birinci məşqin sonunda Maral (Meral – Z.M.) xanım – Hüzzan rolunun ifaçısı gəldi (bu ifa barədə daha öncəki səhifələrdə yazılıb – Z.M.). Onunla kantində oturub danışdıq. Hər şeyi anlayır. Ortaq nöqtələrimizi də tapdıq. Freydi tanıyır, psixiatriyanın uğurlarından xəbəi var. Dedim ki, “Oda Tiyatrosu” Mikro Teatr deyil və bacardığım qədər otaq teatrının prinsip və strukturlarını açıqladım. Maral xanım qızışdı (sözün yaxşı mənasında...) və söylədiklərimə qüvvət verdi. Məni evinə də çağırdı – vaxt tapsam, gedərəm. Bir sözlə, o, çox yaxşı təəssürat oyatdı...

Sonra foyeyə qalxaraq, elçilik səhnəsini yontaladım (bacardığım qədər...), Gülçöhrənin özünü asmaq və sevgisini bildirmək bölümünü təmizlədim və işıq məsələsini çözməyə getdim. Gücüm tükənmişdi, tökülüb-itirdim, amma-ancaq və lakin 1-ci pərdənin işığını qurdum. Düzdür, sonraya saxladığım yerləri də qaldı (əks işıq, daha bir cüt “PRK”, mərkəzi tubus işığı).

Alev mənə yanaşaraq, sabah TRT-də (radioda) reportajın yazılacağını söylədi. Hazırlaşdım, ancaq az öncə Əhəd zəng edib səsyazmanın ertələndiyini bildirdi. Sevindim, çünki sabah 2-ci pərdənin işığını quracağam. Yeri gəlmişkən, çox rahat işləyirsən – əllə idarə etdiyin proqram var. Zəngli saat qutusuna yerləşəcək ölçüdə selektorun uyğun düyməsini basmaqla hamıyla bağlantı qurmaq olar.

V.V. özünə dəridən hazırlanmış kürk alıb və indi əvvəlkindən də çox üşüyür. Bir dəfə ona dillə bağlı bəzi “şaşırtmalar”dan söz açdım. O da cavabında – “Belə ortodokslar olur” – dedi. Təbii ki, “paradokslar” mənasında.

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG