Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:00
“Bir ildə dünyada istehsal olunan Daxili Məhsul 70 trilyon dollardır.
Dünyada hər bir adama amerikalıların indiki həyat səviyyəsini təmin etmək üçün dünya iqtisadiyyatı indikindən 5 dəfə böyük olmalıdır- bir ildə 330 trilyon dollarlıq mal və xidmət istehsal olunmalıdır”.

Bunu Planetary Resources şirkəti bildirir və hesab edir ki, çıxış yolu - asan resurslardadır. Asan resurslar isə kosmosdakı faydalı qazıntılardır.

Google şirkətinin yaradıcılarından olan Larry Page-in, məşhur Hollivud rejissoru James Cameronun da dəstək verdiyi layihəni Planetary Resources aprelin 24-də elan edib.

Bu plana görə, Planetary Resources korporasiyası Yerin yaxınlığındakı asteroidlərdən faydalı qazıntılar, xüsusilə nadir metallar çıxaracaq.

Şirkətin yaradıcılarından biri Eric Anderson Space.com saytına deyir: “Bu qazıntılar çox qiymətli və çox asan əldə olunandır. Yerə yaxın asteroidlər Günəş sisteminin əlçatan meyvələridir”.

Planetary Resources kosmosda nadir metal istehsalına yaxın bir neçə ilə başlamağı düşünür.

ASTEROİDLƏR

Space.com saytı yazır ki, asteroidlər daşdan, buzdan və ya metaldan ibarət göy cisimləridir. Məlum asteroidlərin ölçüsü 1 metrdən 975 km-ə kimidir.

Planetary Resources hesab edir ki, 1500-ə qədər asteroiddən faydalı qazıntılar almaq olar.

Asteroidin tərkibini bilmək üçünsə asterodə getmək lazım deyil. Onun içində nələrin olduğu spektral analizlə bilinir. Yəni ondan gələn şüanın analizi müəyyən edir ki, bu asteroiddə hansı qiymətli metallar var.

OYUNUN MÜKAFATI

Yerə düşən meteoroitlərin, daşların tərkibi asteroidlərin platinlə zəngin olduğunu göstərir.

Platin elektronikada geniş istifadə olunan, kimyəvi reaksiyalarda katalizator kimi işlənən çox qiymətli metaldır.

Təkcə avtomobil sənayesi bu il 7 milyard dollarlıq platin işlədəcək.

Asteroidlər palladiumla da zəngindir. Palladium öz xassələrinə və istifadəsinə görə platinə yaxındır.

ASTEROİDLƏR HARDADIR?

Yerə yaxın asteroidlərin böyük əksəriyyəti Marsın Günəş ətrafındakı orbiti boyunca yerləşib.
Buna asteroid “kəməri” deyirlər.

Mars isə Yerin düz qonşuluğundadır.

FAYDALI QAZINTI NECƏ ALINACAQ?

Planetary Resources Yerin ətrafında orbitə xüsusi teleskop çıxaracaq. Bu teleskop asteroidlərin tərkibini öyrənəcək. Qiymətli asteroid tapan kimi həmin asteroidə tərəf xüsusi robot göndəriləcək, o robot asteroidin içindəki faydalı qazıntıları çıxaracaq.

Asteroid xırda olanda isə onu içi boş qaba oxşar xüsusi cihaz tutub, Yerə gətirəcək.

Asteroidi necə tutacaqlar

Asteroidi necə tutacaqlar



GEOLOG NƏ DEYİR?

Bakı Dövlət Universitetinin geologiya fakültəsinin professoru Vaqif Ramazanov Azadlıq radiosuna deyir ki, Azərbaycanda da , məsələn Yardımlıda düşən meteoritlər var. Akademiyanın geologiya institutunun araşdırmasına görə, həmin meteoritlərdə platin qrupuna aid qiymətli metallar aşkar olunub.
Meteoritlərdə Yerin səthində olmayan minerallar var ”

Ancaq professorun fikrincə, asteroidlərdən qiymətli metal istehsalı bu gün fantastik görünür.
O hesab edir ki, bu istehsal üçün asteroidləri Yerə gətirmək lazımdır.

Belə şübhələr var və Planetary Resources öz layihəsini təqdim edəndə bildirib ki, bu elmi fantastika deyil.

NASA

Dünyanın ən nüfuzlu kosmik agentliyi olan Amerikanın NASA agentliyi hələ bir neçə il qabaq asteroidlərə adam göndərməkdən danışırdı.

Ancaq NASA bildirirdi ki, bunun üçün xüsusi texnika hazırlanmalıdır. Çünki məsələn, ən böyük asteroidlərdə cazibə qüvvəsi Aydakından 6 dəfə azdır.

Asteroidlərdən faydalı qazıntı çıxarmaq ideyası isə NASA-da 1970-ci illərdən var.
NASA asteroidi xüsusi raketlə istiqamətləndirərək Yerə gətirməyi planlaşdırırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG