Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Nobel mükafatını kimlərə verirlər? (Analiz)


İsveç - kral Karl 16-cı Qustav (sağda) Nobel mükafatını Peru yazıçısı Mario Varqas Lyosaya təqdim edir, 10 dekabr, 2010
İsveç - kral Karl 16-cı Qustav (sağda) Nobel mükafatını Peru yazıçısı Mario Varqas Lyosaya təqdim edir, 10 dekabr, 2010
Bakı sakini, 2-ci qrup əlil, “Qızıl qələmlər” Cəmiyyətinin üzvü, povest və romanları rus, türk, fransız, italyan, sanskrit və bir sıra digər dillərə çevrilmiş Sənubər Səngəçallı “Oxu zalı”na müraciət edərək Nobel mükafatının hansı şərtlərlə verilməsi haqda məqalə hazırlamağımızı xahiş edib.

Aşağıdakı analiz Nobelprize.org saytının məlumatları əsasında hazırlanıb.

Son 10 ildə Ədəbiyyat üzrə Nobel Mükafatının verildiyi nasirləri bir ümumi xüsusiyyət birləşdirir.

Bu da onların yaşadıqları cəmiyyətin reqressiv qayda-qanunlarına, zorakı ideologiyalara, siyasi sistemə qarşı çıxmalarıdır.


2010
Mario Vargas Llosa (Peru)


Onun 27 yaşında yazdığı və bir hərbi məktəbin timsalında - avtoritar qaydalarla idarə edilən, korrupsiyalaşmış və mənəvi aşınmaya məruz qalmış cəmiyyəti tənqid edən “Şəhər və itlər” romanı Limada hərbçilər tərəfindən yandırılıb.

Lyosa 1990-cı illərdə Peru diktatoru Alberto Fucimoriyə qarşı çıxıb. O Fucimori ki, sonradan 25 il müddətinə azadlıqdan məhrum edilib.

Onu 1990-2000-ci illər arasında qətliamlar törətmək əmri verdiyi və korrupsiyaya görə məhkum ediblər.

Lyosa təkcə Peruda yox, bütün Latın Amerikasında böyük nüfuz sahibidir. 2010-cu ildə Perunun o vaxtkı prezidenti Alan Qarsia onun müraciətindən sonra öz fərmanını ləğv etmişdi.

Həmin fərmanla 2003-cü ilədək baş verən insan haqlarının pozulması faktlarının araşdırılması dayandırılmalı idi...


2009
Herta Müller (Rumıniya, Almaniya)


Rumıniyada Çauşesko diktaturasının sındıra bilmədiyi, xüsusi xidmət orqanlarının əməkdaşlığa cəlb edə bilmədiyi nadir yazarlardan olub.

Təkcə həyatda yox, əsərlərində də dissident olub – “Passport”, “Kal gavalılar diyarı” və s. əsərləri diktaturanın əzdiyi, məhv etdiyi insan taleləri haqdadır.

Çauşesku devriləndən sonra da Herta Müller demokrat kimi maskalanıb Rumıniya cəmiyyətində nüfuzlu mövqelərə yiyələnmiş keçmiş xüsusi xidmət orqanları əməkdaşlarını tənqid etməkdədir.


2008
Jean-Marie Gustave Le Clézio (Fransa, Mavriki)


Qərb sivilizasiyasının ən böyük tənqidçilərindən biri.

Jean-Marie Le Clezio, 2005
Jean-Marie Le Clezio, 2005
Nobel mükafatlı fransız yazıçısı Jan-Mari Qustav Le Klezionu belə adlandırmaq da olar.

O özünü “bir tərəfdən hədsiz dərəcədə gözəl ixtiralar etmiş, o biri tərəfdən isə dəhşətli əməllər törətmiş Qərb sivilizasiyasının törəməsi” sayır.

Le Klezionun ən məşhur əsəri olan “Səhra” 30 il əvvəl yazılıb və indiyəcən dünyada 1 milyon nüsxəyə yaxın satılıb.

Romanda 20-ci əsrin əvvəlində Afrika qəbilələrinin fransız müstəmləkəçilərinə qarşı üsyanları, qəhrəmanlıqları təsvir edilir.


2007
Doris Lessing (Zimbabve, Britaniya)


Uzun illər vətəninə buraxılmayıb.

İngilis hərbçisinin ailəsindən olan Dorisin uşaqlığı Cənubi Rodeziyada keçib (indi Zimbabve ərazisindədir).

Uşaq vaxtında o, müstəmləkəçilərin qaradərili yerli əhali ilə münasibətləri və iki mədəniyyət arasında uçurumu müşahidə edib.

Əsərlərində irqçiliyə qarşı çıxmaqla yanaşı o həm də ictimai fəal kimi Aparteid rejiminə qarşı mübarizə aparıb.

Buna görə də uzun müddət onun İngiltərədən Cənubi Afrika və Rodeziyaya gəlməsi qadağan edilib.

Lessinqin 1962-ci ildə çap edilən “Qızıl dəftər” romanı isə feminist ədəbiyyatın klassik əsərlərindən sayılır.


2006
Orhan Pamuk (Türkiyə)


Pamuk İstanbul məhkəməsini tərk edir, 16 dekabr, 2005
Pamuk İstanbul məhkəməsini tərk edir, 16 dekabr, 2005
Türkiyə cəmiyyətinin hərbi diktatura qaydaları ilə idarə edilməsinə qarşı çıxıb və cəmiyyətdə demokratik islahatlara çağırıb.

Türkiyənin son 100 illik tarixində kürdlər və ermənilərlə bağlı siyasətini tənqid edib.

Buna görə, “Türklüyü təhqir etmək” ittihamı ilə məhkəməyə çəkilib.


2005
Harold Pinter


1948-49-cu illərdə soyuq müharibəyə etiraz olaraq Britaniya ordusunda hərbi xidmət keçməkdən imtina edib. Nüvə silahlanmasına qarşı mübarizəyə qoşulub və Britaniyadakı anti-Aparteid hərəkatında iştirak edib.

Türkiyə həbsxanalarındakı yazarlara işgəncə verilməsini araşdıran qrupda təmsil olunub.

Pinter Amerikanın Əfqanıstan və İraqa qoşun yeritməsinə, NATO-nun keçmiş Yuqoslaviyanı bombalamasına qarşı çıxıb, sabiq Amerika prezidenti Corc Buşu nasist rəhbərləri ilə müqayisə edib.

Pinterin siyasi görüşləri onun nəsr və dram əsərlərində də əksini tapıb. Çox vaxt da siyasi satira formasında.


2004
Elfriede Jelinek (Avstriya)


1983-cü ildə Avstriyada Yelinekin adıyla bağlı böyük qalmaqal baş verir.

Onun Avstriya teatrlarında səhnəyə qoyilan “Burgtheater” (“Şəhər teatrı”) pyesində Avstriyanın öz nasist keçmişi haqda danışmaq istəməməsi, onu pərdələmək cəhdləri tənqid edilir.

Bundan sonra bəzi siyasi qüvvələr onun haqqında “öz ölkəsini biabır edən yazıçı” obrazı yaratmağa çalışırlar.

1995-ci ildə isə “Raststätte” (“İstirahət yeri”) pyesinin səhnəyə qoyulmasından sonra kommunist yazara qarşı Avstriyanın ifrat millətçi “Azadlıq” Pariyası tərəfindən hücumlar başlanır.

Bundan sonra yazıçı əsərlərinin Avstriya teatrlarında göstərilməsini dayandırmağa və
Elfriede Jelinek
Elfriede Jelinek
gələcəkdə səhnələşdirilməsinə qadağa qoymağa məcbur olur. 1999-cu ildə - “Azadlıq” Partiyası hakimiyyətə gələndən sonra isə Yelinek yeni hökumətin ən sərt tənqidçilərindən biri olur.


2003
John M. Coetzee (Cənubi Afrika, Avstraliya)


Cənubi Afrikadakı Aparteid rejiminin qatı əleyhdarlarından olub. Müasir anti-terror qanunlarını da Aparteid rejiminin qaydaları ilə müqayisə edib, terrorçulara işgəncələr verilməsinə bəraət qazandırılmasına qarşı çıxıb.


2002
Imre Kertész


Yəhudi əsilli macar yazıçısıdır.

Yeniyetmə yaşında nasist düşəgəsinə salınıb.

Osvensim və Buxenvaldda şahidi olduqları dəhşətli hadisələr, yəhudi soyqırımını öz yarıavtobiorafik əsərlərində təsvir edib.

Hitlerin nasional sosialist idelogiyasının Avropada yaratdığı xaosda insanın faciəsini göstərir.

Bütün bunlar onu təxmin etməyə əsas verir ki, Nobel mükafatı yazıçılara yalnız əsərlərinin keyfiyyətinə görə deyil, həm də onların şəxsiyyətinə görə verilir. Nobel münsifləri üçün, güman ki, əsas olan odur ki, yazıçı bütöv şəxsiyyət olsun, yazdıqları və dedikləri bir-birini tamamlasın, cəmiyyətin problemləri qarşısında onun vicdanı susmasın, təkcə əsərlərində yox, həyatda da tərəqqipərvər, cəmiyyəti irəli aparan ideyaların carçısı olsun.

Qeyd: Məqalədəki fikirlər yalnız yazıçı Sənubər Səngəçallı üçün nəzərdə tutulub və məqsəd kimisə müxalifət partiyasına yazılmağa təhrik etmək deyil.
XS
SM
MD
LG