Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:05
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik. Dilqəm Əhməd "Oxu zalı"na son şeirlərini yollayıb.


Dilqəm Əhməd


SƏHNƏ

Səhnədə alqış qazanmayan
Səhnənin qapanan pərdəsinə göz yaşına silən
Aktyorun kədərini daşıyıram.
Mən ancaq səhnədə yaşayıram
Sonuncu tamaşaçını zalı tərk edənə qədər izləyirəm.
Daha sonra təmizlikçi qadınları gözləyirəm.
Daha sonra işığı söndürəcək işıqçını.
Ardınca qapını bağlayan qapıçını.

***

Səhnədən kənarda həyat istədiyində
Dərk edirsən mümkünsüzlüyün varlığını
Anlayırsan balaca ürəyinə yerləşməyən
Dünyanın sonsuz darlığını

***

Teatr binasından çıxdığında
Çılpaq bədəninə qovuşursan
Üzündəki qrimlər silinir,
Yaraların yeri bilinir

***

Bir çılpaq daş üzərində əyləşərək
Bitməsini gözləyirsən amansız gecənin.
Bitməsini istəyirsən zamansız kədərin.

***

Həyatdan sadəcə bunları istəyirsən:

Saat 18:00, tamaşaçı və səhnə…

25.04.2012


Bir az çılpaq gəzin, bir az ayaqyalın

Vaqon qapısını bağlanmağa qoymayan insanlara
hirslənməyin.
bütün qapıların üzlərinə bağlı olduğu şəhərdə
onlara tərslənməyin
heç olmasa bir dəqiqəlik
hansısa qapı açıq qalsın üzlərinə.

***

İmkanınız olsa, qapıdan polisləri qovun
Evinizdəki bütün qapı cəftələrini qırın
Açarları sındırın.
Pəncərələri açın.
Hava qovuşsun üzünüzə
Dərdlər sovuşsun üzünüzdən.

***

Qapınızın ağzında titrəyən pişiyi evinizə salın.
Balaca pişik balası nə yer tutacaq ki?
Dilənçi görəndə əlinizi cibinizə salın.
İyirmi qəpiklə cibinizdən nə azalacaq ki?

***

Metroya düşəcəyiniz anda
Arada bəzən gül alın
Maşinistə taxtadan işarə tutan qızın
Gül tutmağa da ehtiyacı olduğunu yada salın.

***

Arada gülümsəyin
Atın dərdləri ayaqqabı atan kimi
Vaqon qapılarını açıq saxlayın.
Bir az çılpaq gəzin, bir az ayaqyalın.

06.04.2012


Kilsədəki hörümçək…

İntihardan sonra bağışlanmaq duyğusu içində
Kilsə üzərinə doğan sonuncu ayı gözləyib
Soyuq asfalt üzərində islanmaq qorxusu içində
Bütün yağış damcılarını tək-tək izləyib.
Qərarsızlıq içində kilsə divarına tor hörən hörümçəklərin
Arxasınca sürünürəm.

***

Çoxayaqlı, amma tənha hörümçəklər
Sürüyür arxasıyca məni
Kim bilir,
bəlkə yenə bir peyğəmbərin gizlənməsi üçün
Birlikdə mağaraya tor quracağıq.
Bəlkə də bu dəfə özümüz gizlənəcəyik.

13.04.2012


Toz içindəyəm…

Ancaq üzərində fırtına qopduğunda
məni anlayan Bakını
itələyib bir kənara
öz fırtınama qapılıram
fırtınamın gətirdiyi tozlara sarılıram.

***

hansısa fırtına tozuna
nəfəsinin hopduğu ümidi ilə
son arzu kimi sarılıram tozlara
tozdan libasla boz şəhərdə dolaşıram.

***

tozla yazılan romanlar oxuyuram
evdar bir qadının baş qəhrəman olduğu bir roman
onun evdarlığı
hər gün pəncərədən tozlanmış şəhəri çırpmaqdır.
tozlanmış sevgiləri silkələməkdir.

***

məni silkələmə
tozum getsə
məndən heç bir şey qalmayacaq
təpədən dırnağa toz içindəyəm…

18.04.2012


Zahid Xəlilov küçəsi 23

Bir gün Bakı özü hava limanından ayrılacaq
Başqa şəhərin küçələrinə atacaq insanları
Başqa şəhərin tozlarını udacağıq
Darıxmaq yükümüzdə artıq şəhər də olacaq.

***

Bəlkə bir gün Bakı da xəritədən silinəcək
Şəhəri xatırlamaq üçün
Falçılar geriyə axan zamana baxacaqlar
Arxeoloqlar itmiş şəhəri axtaranda.
Yalnız bir küçə tapacaqlar.
Zahid Xəlilov küçəsi 23

***

O küçənin üstünü şüşə ilə örtəcəklər
Yağış damcısından, günəş şüasından qoruyacaqlar.
Dəniz adında uşaqlar gələcək o küçənin qarşısına.
Ağlayacaq bütün dənizlər…

22.04.2012

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG