Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

AXCP fəalının kasasiya şikayəti təmin olunmadı


Aprelin 24-də Ali Məhkəmədə AXCP fəalı, Şəmkir rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş Şahin Həsənlinin kasasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Şahin Həsənlinin vəkili Əlayif Həsənov Ali Məhkəmədə kasasiya şikayətini müdafiə edərək bildirib ki, ilkin və apellyasiya instansiyaları Şahin Həsənlinin həbsi ilə bağlı səthi araşdırma aparıblar. O, Şahin Həsənlinin həbsini onun siyasi fəaliyyəti ilə əlaqələndirib. Vəkil şahin Həsənliyə bəraət verilməsini istəyib.

Əvvəlki məhkəmələrdə Şahin Həsənli deyib ki, həbsindən bir neçə gün əvvəl polis onun evinə, hətta anasının evinə zəng edib tez-tez onunla maraqlanırmış. Lakin bütün bunlar barədə məhkəmə heç bir araşdırma aparmayıb.

Güllələrin cibinə polis tərəfindən qoyulmasını, heç bir günahı olmadığını deyən Şahin Həsənli həmçinin dövlət işində işləyən yaxın qohumlarının onun məhkəməsi prosesi müddətində işdən çıxarıldığını da deyib.

Şahin Həsənli İctimai Palatanın ötən il 2 aprel mitinqindən əvvəl - martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. O, qanunsuz odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, satma, saxlama maddəsi ilə ittiham olunub.
XS
SM
MD
LG