Keçid linkləri

Sumqayıtda 34 saylı məktəbin 11-ci sinif şagirdi Vasif Hacıxəlilov sınaq imtahanında sonuncu dəfə 590 bal toplayıb. Amma o da buraxılış imtahanlarını keçirmək səlahiyyətinin Təhsil Nazirliyindən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına verilməsindən bir qədər təşvişə düşdüyünü deyir:

«HAMININ CANINA QORXU DÜŞÜB»

«Elə bu gün məktəbdə uşaqlarla danışırdıq, hamının canına qorxu düşüb. Heç kəsə sirr deyil ki, komissiya Təhsil Nazirliyindən daha ciddidir. Məsələn, Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda köçürmə-zad olurdu, amma komissiyada mümkün deyil bu. Hərə öz qrupu üzrə hazırlaşır 5 fəndən. Məsələn, mən 3-cü qrupa hazırlaşıram, kimya-fizikadan zəifəm. 8 fəndən komissiya imtahan götürsəydi, inanmıram ki, kimya-fizikadan qiymət ala biləm. Amma indi 2 fəndir – Azərbaycan dili və riyaziyyat. İnanıram ki, hamı keçə biləcək».

Bir neçə gün öncə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi prezident fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilib. Aprelin 23-də isə TQDK buraxılış imtahanları ilə bağlı hazırladıqları qaydaları açıqlayıb.

2 FƏNDƏN İMTAHAN

Komissiyanın layihəsinə əsasən, buraxılış imtahanları artıq 8 fənn üzrə deyil, yalnız 2 fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək.

İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Komissiya sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib:

«Bu buraxılış imtahanları ilə əlaqədar heç bir məktəb direktoru, heç bir rayon təhsil şöbəsinin müdiri qərar qəbul edən şəxs deyil. Biliklərin qiymətləndirilməsi mərkəzləşdirilmiş şəkildə keçirilir və tam şəffaf, obyektiv aparılacaq. İndiyə qədər nə xoşagəlməz proseslər baş veribsə, bundan sonra olmayacaq. Biz tərəfdən belə müdaxilə etmək istəyən məmur və ya şəxslərlə çox ciddi mübarizə aparılacaq, təbii ki, onlar qanun qarşısında cavab verəcəklər».

AZ OLSUN, MÜKƏMMƏL OLSUN

Foto: Arxiv

Foto: Arxiv

​Məleykə Abbaszadə bildirib ki, orta məktəblərdə buraxılış imtahanlarının yalnız 2 fənn üzrə keçirilməsi də şagirdlərin xeyrinə atılmış addımdır. O, əlavə edib ki, indiyədək şagirdlər buraxılış imtahanlarına yardımçı vasitələr keçirə bilsə də, bundan sonra bunun qarşısı alınacaq və şagirdlərin real səviyyəsi qiymətləndiriləcək.

Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, təhsilin qiymətləndirilməsini təhsil verən qurum deyil, başqa bir qurum aparırsa, obyektiv nəticələr əldə ediləcək:

​«Onsuz da 8 fəndən imtahan formal bir xarakter daşıyırdı. Bu da nəticə etibarilə heç bir şey vermir şagirdə. Ona görə düşünürəm ki, bu 2 fənni mükəmməl öyrənməlidirlər. Hər iki fənn bütün elmlərin açarıdır. Az olsun, mükəmməl olsun. Riyaziyyatı bilən üçün kimya da, fizika da, biologiya da çətin olmayacaq. Və ya ana dilini bilən üçün humanitar fənləri mənimsəmək, dünyagörüşünü genişləndirməkdə elə bir maneə olmayacaq».

ELMİ ƏSASLI MODEL

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri orta məktəb şagirdlərinin bilik səviyyələrini yoxlamaq üçün təklif etdikləri modelin elmi əsasları olduğunu deyir:

«1999-cu ildən başlayaraq hər il 30 min şagirdi yoxlamışıq və orta məktəblərdə şagirdlərin qiymətləndirmə formasını müəyyənləşdirmişdik. 2010-cu ildə TQDK-nın buraxdığı jurnalda da həmin araşdırmalar haqqında yazmışıq».

Buraxılış imtahanları ilə bağlı son dəyişikliyə görə, bu il ali məktəblərə qəbul imtahanlarının vaxtı da dəyişdirilib. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Şərhləri göstər

XS
SM
MD
LG