Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

Çingiz Hüseynov 83 yaşını haqladı


Çingiz Hüseynov
Çingiz Hüseynov
Aprelin 20-i on illərdir Vətənindən uzaqda, amma həmişə Vətəni ilə yaşayan bir yazıçının doğum günü idi. AzadlıqRadiosu Onun səsini-sözünü tez-tez eşitdirsə də və 80 yaşının tamamında adına «Qocaman Qərib» adlı dastan bağlasa da, bu il doğum tarixi az qala unudulmuşdu... Nə yaxşı ki, Rəhman Bədəlov gec də olsa bu tarixi xatırlatdı və «Kultura.az» saytı üçün yazdığı bir yazını da «Can Bakı»ya göndərdi. Yazını tərcümə edib (ruscadan çevirəni Zeynal Məmmədli) sizlərə çatdırmaq ürəyimizdən keçdi. Qoy bu «Qocaman Qərib»ə - Moskvada yaşayan Çingiz Hüseynova bir doğum günü hədiyyəsi olsun – dedik. Bizdən olsaydı, yazının adını «Səksən üç» qoyardıq. Lap George Orwellin romanı kimi. Amma sonda düşündük ki, elə hər şey professorun yazdığı kimi qalsın. Qarşıda yaşanası illər var axı...

ÇİNGİZ HÜSEYNOV 83 YAŞINI HAQLADI

Kimlərsə şüurumuza «əsas cansağlığıdı» kimi bəsit və daha çox da sönük və üzücü bir yaşam formulu «hopdurub». Bu bir yana, həmin deyimi təkcə 50 və 60 yaşlıların dilindən deyil, hələ ömrünün 20-ci və 30-cu illərini yaşayanlardan da eşidirik.

GÖRƏSƏN, NİYƏ «CANSAĞLIĞI»?

Niyə sevgi və yaradıcılıq yox, öyrənib-anlamaq, dünyanı gəzib-dolaşmaq, uca dağları və ya dəlisov çayları aşmaq yox, Günəşin necə doğub, necə batdığını və ya uzandıqca-uzanan üfüqləri izləmək, sadəcə, dünyada var olmanın dadını çıxarmaq yox, «cansağlığı»?

Sanki nə vaxtsa gözümüzün odunu elə alıblar ki, heç cür bu xofu canımızdan çıxara bilmirik. Sanki yan-yörəmiz, çevrəmiz və bütün dünya qarı düşmənimizə çevrilib və bu lənətəgəlmiş «cansağlığı»nı qorumaq üçün həyatın-yaşamın künc-bucağında, dalda və ucqarlarında yaxşı-yaxşı gizlənməkdən başqa çarəmiz qalmayıb.

YAŞAMAQLA YARATMAQ ARASINDA BƏRABƏRLİK İŞARƏSİ

Və... hələm-hələm ələ düşməyən bir başqa örnək: ömrünün bəlkə 5-ci, bəlkə 10-cu, bəlkə də 30-cu baharını yaşayan (yazın oğlan çağında doğulub, axı) çağdaşımız! Əvvəl necə idisə, elə o qədər işgüzar, elə o qədər gənc, elə o qədər ürəkli, görəcəyi işləri başından aşan, yaşayıb-yaratmağa ac və yaşamaqla yaratmaq arasında bərabərlik işarəsi qoyan bir insan!..

BAŞLICA MİSSİYA- AĞIL, YAXŞILIQ VƏ ƏBƏDİLİK TOXUMLARI...

Bu barədə yazsam da heyrətim heç azalmayıb – axı bu adam bu dünyada olub-bitənlərə sakit və müdrik baxışlarını necə qoruya bilir? Dünyanın irinləmiş yaralarını görür, mənəvi aşınmadan diksinir, siyasətçilərin dönüklüyündən yanıb-yaxılır, nə radikalların düşüncəsizliyi, nə də liberalların riyakarlığı ilə barışır və s. və i.a. O, bu siyahını səhifələrcə uzada bilər, amma-ancaq və lakin nə qollarını yanına salır, nə də çıldırır. Sakitcə və arın-arxayın və dönmədən və inadla bu dünyadakı başlıca missiyasını görməkdə davam edir – ağıl, yaxşılıq və yaşarılıq toxumlarını səpir. Belə insanların faydalı iş əmsalını nə döyənək-tozanaq olmuş sözlər, nə də üst-üstə qalaqlanan və bir ömrü tükədən illər azalda bilir.

Yenə bu barədə yazsam da həmişə mat qalmışam – o, bizlərdən uzaqda, öz «Peredelkino»sunda sanki tərki-dünya həyatı yaşasa da, eyni zamanda bizlərin yanında – Azərbaycanın mədəni və ictimai yaşam burulğanının düz ortasındadır.

O, BİGANƏ QALMAĞI BACARMIR

O, gənclərin yaradıcılığına dərin anlayışla yanaşır, bu gənclərin üzə dirənməsindən, epataja – açıq-aşkar qalmaqala meylindən, ədəb civarlarını aşan sözlüyündən sıxılmır, onların yeni əsərlərinə bəlkə də hamıdan öncə reaksiya verir. Bizim hakimiyyətin milli maraqlara dair ritorik nitqlərindən yalan və riyakarlıq yağanda, o, ən sərt və qanqaraldan sözlərə də sarılır.

Söhbət onun Vətənindən – doğulub-böyüdüyü, ulu babalarının yaşadığı torpaqdan, bu gün yalançı kumirlərin – «sevimli şəxsiyyətlərin» və əyalət ruhlu estetik dəyərlərin sırındığı bir yerdən gedəndə, o, biganə qalmağı bacarmır.

ƏDƏBİ KEÇMİŞİMİZİN MEMARI

O, ədəbi keçmişimizin (təkcə ədəbimi?) bəlkə də ən başdagələn memuar yazarıdır. Niyə başdagələn? Çünki bu memuarlarda sakit ahəngi qoruyub və hətta, yumşaq desək, ədəb çərçivəsinə sığmayan məsələlərdən yazanda da öz şəxsiyyətini, öz rəğbət və nifrətini diqqət mərkəzində saxlamayıb, öncədənduyan-öncədəngörən-öncədənbilən pozasını tutmayıb. O, özünə də acı məzə ilə yanaşmağı bacarıb və yaşadığı dönəmin önyarğı və yanlışlarını özünün də az-çox paylaşdığını anlayıb.

YETƏR! YADDAŞSIZLIĞA SON VER!

O, təkcə böyük xəyal gücü və ustalıq deyil, həm də dərin araşdırma işi tələb edən romanlarını yazmağa davam edir. Adətən, həmin romanların baş qəhrəmanı Zamandır. Bu Zamanın qəliz ritmləri, qaçışı-duruşu, tezləşib-yavaşıması, keçmişlə gələcəyin, gerçəklə uydurmanın sarmaşması var. Onun başlıca yaşam amacı sayılan bu romanlar sanki ağlımızı qıcıqlandırır, göstərir, açıqlayır, düşünməyə vadar edir, bizləri uzun və dərin yuxudan oyatmağa çalışır, aldanışlardan qurtulmağa, ayılmağa çağırır və «Yetər! Yaddaşsızlığa son ver!» – deyir. Bildirir ki, unutqanlığın yeni şırımları zahiri vurnuxmalar və iyrənc ehtirasların oyadılması biçimində ola bilər.

SƏKSƏN ÜÇ!

O, çox güman, bizim hakimiyyətin «xalq yazıçısı» kimi tanıdığı yazarların bolluğunu da gülünc sayır. Və hamı gözəlcə anlayır ki, birdən hakimiyyət adından ona da «xalq yazıçısı» adı verilsə, o, özünü necə təhqir olunmuş bilər.

O, 83 yaşını haqladı. Sözlə də yazıram: Səksən üç.

BİZƏ NƏ QALIR?

Bizə bircə bu qalır ki, Onun varlığından qürur duyduğumuzu və Ona minnətdar olduğumuzu Ona xatırladaq!

Rəhman Bədəlov
.
XS
SM
MD
LG