Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31

Emil Zolyanın dəfnində edilmiş məşhur vida nitqi


“Onun romanları düşük cəmiyyətə, naqis, çürük aristokratiyaya qarşı kəskin nifrətlə doludur, bu əsərlər zəmanəmizin başlıca bəlasını - pulun hökmranlığını qamçılayır”

Emil Zolyanın məzarı

Emil Zolyanın məzarı

Seyfəddin Hüseynli rus dilindən tərcümə edib


Anatol Frans


EMIL ZOLYANIN DƏFNİNDƏ VİDA NİTQİ

Burada - bu qəbrin yanında, Emil Zolyanın dostları adından çıxış edərkən, ilk növbədə istərdim, 40 il ərzində dostumuza həqiqi yoldaş olmuş Qadına, yaradıcılıq yolundakı ilk addımlarında onun üzləşdiyi çətinlikləri bölüşüb yüngülləşdirmiş, şöhrətli çağlarının sevincini paylaşıb, qorxulu, ağır sınaqlar dövründə, öz qeydinə qalmadan, Zolyanın qayğısını çəkmiş Qadına hər birimizin adından ehtiramımı bildirim, başsağlığı diləyim.


Cənablar!

Kaş, hər bir dostu adından Emil Zolyaya ünvanladığım, yüksək dəyərin ifadəsi olan bu kəlmələr bizim ümumi kədərimizi nisbətən yüngülləşdirə biləydi!

Özlərindən sonra silinməz xatirəsi qalan insanları ah-vayla, ağlayıb-sızlamaqla yad etməməliyik biz. Yaşadıqları ömür, gördükləri işlər haqqında layiqli, dürüst təriflər deməklə xatırlamalıyıq onları.

Zolyanın yaradıcılığı, heç şübhəsiz, möhtəşəmdir, əzəmətlidir.

Bir qədər əvvəl Ədiblər Cəmiyyətinin sədri öz nitqində Zolyanın yaradıcılığını son dərəcə dəqiq səciyyələndirdi. Maarif naziri Zolyanın ideyalarını, mənəvi məziyyətlərini gözəl izah etdi. İcazənizlə, bir neçə kəlmə ilə, mən də öz fikirlərimi çatdırım.

Cənablar, Zolya öz sənət mülkünü bizim gözlərimiz önündə, öz keyfiyyətləri ilə hamımızı heyran edə-edə ucaldıb. Onunla maraqlanıblar, ona təəccüblə yanaşıblar, onu tərifləyiblər, onun qarasına hədyanlar deyiblər. Təriflər də, hədyanlar da ağızlardan eyni şiddətlə çıxıb.

Çox adam (elə mən özüm də) o böyük sənətkara, lap səmimiyyətlə də olsa, hər halda, ədalətsiz qınaqlar yağdırıb. Bununla belə, onun sənət mülkü ucaldıqca ucalıb. Yalnız indi - bütün əzəmətilə gözlərimiz önündə dayandığı bir vaxtda biz bu yaradıcılığın mahiyyətini daha dərindən anlaya bilirik.

Zolyanın yaradıcılığı xeyirxahlıqla nəfəs alır. O, əsl xeyirxah idi. Bütün ulu şəxsiyyətlər kimi, Zolya da özündə böyüklüklə sadəliyi birgə təcəssüm etdirirdi. O, sözün tam mənasında, əxlaqlı insan idi. Nöqsanları təsvirə çəkəndə onun fırçasına həm sərtlik, həm də müdriklik hakim olurdu. Bəzi səhifələrdəki zahiri bədbinliyin, tutqun çalarların arxasından zəkanın, ədalətin təntənəsinə bəslənən aşkar, sarsılmaz inam, dərin nikbinlik süzülüb gəlir. Onun əsl sosioloq tədqiqatlarını xatırladan romanları məzmunsuz, düşük cəmiyyətə, naqis, çürük aristokratiyaya qarşı kəskin nifrətlə doludur, bu əsərlər zəmanəmizin başlıca bəlasını - pulun hökmranlığını qamçılayır. Zolya gerçək demokrat idi, heç zaman xalqa yarınmazdı, xalqın cahillik üzündən məhkum olduğu buxovları ona nişan verir, insanı kütləşdirən, istibdadla, yoxsulluqla, kölə rüsvayçılığı ilə mübarizə aparmaq əzmini məhv edən kütləvi sərxoşluğun pərdələdiyi təhlükələrdən onu qorumaq istəyirdi. O, hər yerdə ümumi bəlaların üzərinə gedirdi. Bütün bunlardı onun qəzəbinin, nifrətinin hədəfi. Özünün son romanlarına o, insanlığa bəslədiyi alovlu sevgisini hopdurmuşdu. Zolya yeni, daha yaxşı cəmiyyətin bərqərar olacağını öncədən duya, qabaqcadan görə bilirdi.

O istəyirdi ki, bu dünyada get-gedə daha çox sayda insan firavanlığa can atıb, səadətə qovuşsun. İnsan zəkasına, elmə onun böyük ümidləri vardı. İnanırdı ki, yeni qüvvə – maşın tədricən əməkçi insanları asudəliyə çıxaracaq.

Zolya güclü realist ruhunun dərinliklərində həm də alovlu idealist idi. Yaradıcılığının sanbalına, ləngərinə görə Zolyanı yalnız Tolstoyla müqayisə etmək olar. Onlar sənətin gücüylə Avropanın fərqli qütblərində boy göstərən iki nəhəng şəhər kimidirlər. Bu şəhərlərin ikisi də ruhən nəcibdir, sülhpərvərdir. Ancaq Tolstoyunku – itaətkar şəhərdir. Zolyanınkı isə - mübariz ruhludur.

Şan-şöhrət Zolyanı o hələ çox gənc olduğu bir vaxtda gəlib tapdı. O, rahat yaşayırdı, məşhurlaşmışdı, öz əməyinin bəhrələrini dadırdı, amma birdən-birə rahatlıqdan da, sevimli işindən də, firavan həyatdan da imtina etdi.

Bilirəm, vida nitqi təntənəli, mülayim ruhda olmalı, onu sakit, aram davranışlar müşayiət etməlidir - burası məlumdur. Ancaq yaxşı bilirsiniz ki, cənablar, yalnız ədalətli davranış rahatlıq gətirə bilər, yalnız həqiqəti ifadə etməklə dinclik tapmaq olar. Mən sizin daimi mübahisə mövzunuz olan fəlsəfi həqiqətdən danışmıram, insanın təbiətinə uyğun, hamımız üçün əlçatan, bizə – uşağın da əl atıb toxuna biləcəyi qədər - yaxın olan həqiqəti nəzərdə tuturam. Əgər mən hər cəhətdən təqdirə layiq olan bir insanı tərifləyirəmsə, bu təriflər dilimdən qeyri-ixtiyari qopursa, deməli, haqqın qarşısında günah iş tutmuram. Mən həqiqətin yanından xoflu sükutla ötüb keçmək istəmirəm. Niyə də susmalıyıq axı?! Məgər ona hədyanlar yağdıran kimsələr susurdularmı?! Mən burda - Zolyanın tabutu önündə nələri demək lazımdırsa, onları deyəcəm, amma deyilə biləcək nə varsa, bircə-bircə, hamısına toxunacam.

Məgər mən, Zolyanın haqq-ədalət uğrunda başlatdığı mübarizəni (Fransa tarixində xüsusi yer tutan, “Kapitan Dreyfusun işi” adıyla məşhur olan məhkəmə prosesindən söhbət gedir - S.H.) xatırlatmazdan əvvəl, onun qurtuluşunu özlərinin sonu bilib o pak insanı məhv etməkdən ötrü dəridən-qabıqdan çıxanlar, çaşqınlıqdan doğan bir qətiyyətlə Zolyanı çərlətməyə çalışanlar barədə danışmaya bilərəmmi?! Əgər Zolyanın həmin qaragüruha təkbaşına, əliyalın qalib gəlməsindən söz açmaq istəyirəmsə, belələrini ifşa etməsəm, düzgün olarmı?! Onların məkri, hiylələri üzərindən sükutla keçməyim mümkündürmü?! Bu ki Zolyanın cəsurluğu, mərdliyi barədə susmaq demək olardı. Mən onların cinayətləri haqda danışmaya bilərəmmi?! Axı, bu onun dürüstlüyünü danmağa bərabərdir. Məgər mən onların yağdırdığı təhqirlərə, yaydıqları böhtanlara toxunmamalıyammı? Onda gərək, Zolyanın qazandığı uca ad-san, yüksək nailiyyətlər haqqında da danışmayım. Mən qaragüruhun törətdiyi biabırçılıqlar barədə susa bilərəmmi?! Bu, Zolyanın şan-şöhrəti haqda kəlmə kəsməmək deməkdi. Yox, mən bunların hamısını sadalamalıyam!

Mən bu itkinin təsirindən aldığım təpərlə, qətiyyətlə sizə Nazirlər Şurasında xudbinliyin, qorxunun meydan suladığı o boz-bulanıq günləri xatırladacam. O günlərdə hamıya bəlliydi ki, ortada böyük bir ədalətsizlik var. Amma haqsızlığa qahmar çıxıb onu ört-basdır edən - həm məlum, həm də mübhəm - qüvvə elə amansızdı ki, nisbətən cəsur, qərarlı görünən kimsələr də tərəddüdə qapıldılar. Dillənməli, danışmalı olanlar sükuta daldılar. Özlərinə görə qorxmayanlar isə, mənsub olduqları qrupu sarsıdıcı zərbələrə məruz qoymamaq naminə susdular. Boğazdanyuxarı, mənhus çıxışlardan saçılan idbar Anatol Frans

Anatol Frans

mülahizələrlə yerindən oynamış xalq, guya ona xəyanət edildiyinə inanıb, hiddətləndi. Ehkamçı qanunvericilər, sanki düzəldilməsi mümkünsüzmüş kimi davranıb, bu xətaya canfəşanlıqla haqq qazandırmağa çalışdılar. Qara buludlar sıxlaşdı. Mühitə qorxunc sükut hakim kəsildi. Elə həmin məqamdaca Zolya özünün dəqiqliklə düşündüyü, öldürücü sərrastlıqla qələmə aldığı, saxtakarlıqları, özbaşınalıqları ifşa edən məşhur məktubunu prezidentə göndərdi (Emil Zolyanın Fransa prezidenti Feliks Fora ünvanladığı “Mən ittiham edirəm!” başlıqlı məktub nəzərdə tutulur – S.H.).

Sizə bəllidir o cinayətkarların, onların şərəfsiz hamilərinin, eləcə də aldadılmış kütlənin Zolyanın üstünə nə cür qəzəblə yeridiyi! Siz şahidsiniz ki, bəzi saf insanlar necə sadəlövhcəsinə o muzdlu qara-qışqırıqçılara qoşuldular! Zolyanı məhkəmə zalınacan – qılıncların parıltısı altında qəsdən gözlərini gerçəkliyə qapamış, saxta ifadələrə əsaslanıb prosesi bilərəkdən uzatmış hakimlərin önünə qədər - təqib edən o qəzəbli çığırtıları, nifrət nidalarını eşitmisiniz hər biriniz!

Həmin vaxtlar Zolya ilə çiyin-çiyinə verib, eyni təhlükələrlə üzləşənlərdən bir neçəsi indi burdadır. Qoy onlar desinlər, görək müqəddəs əzabkeşlərdən hansı biri onun qədər söyülüb-təhqir edilib?! Qoy onlar desinlər, görək onun möhtəşəm nəcibliyi, xeyirxahlığı, sonsuz mərhəməti, nəzakəti Zolyanı, bircə anlıq da olsa, tərk etdimi, mətanəti heç sarsıldımı?!

Həmin nəhs günlərdə namuslu vətəndaşların çoxu vətənin xilasına, mənəvi dirçəlişinə inamını itirmişdi. Mövcud quruluşun tərəfdarı olan respublikaçıların məyusluğa yuvarlanması bir kənara dursun, hətta bu sistemin ən qatı əleyhdarlarından biri yana-yana hayqırmışdı: «Əgər bizim cəmiyyət bu dərəcədə korlanıbsa, onun çirkin qalıqları yeni cəmiyyətin bünövrəsinə atılmağa da yaramaz!» Ədalət, namus, düşüncə – hamısı məhv olmuş kimiydi.

Ancaq hamısı da xilas oldu. Zolya təkcə məhkəmənin naqisliyini üzə çıxarmadı, o, zorakılıq, istismar tərəfdarlarının – Fransada sosial ədaləti, respublikaçılıq ideyalarını, azad fikri boğmaq üçün əlbir olanların kirli qəsdini ifşa etdi. Onun cəsarətli çıxışı Fransanı ayağa qaldırdı.

Zolyanın çıxışı saysız-hesabsız gözəl nəticələr doğurdu. Onlar indi özünün bütün əzəməti, qüdrəti ilə qarşımızdadır. Davamlı inkişaf edən o nəticələr hər yerə yayılmaqla, sosial ədaləti müdafiə edən, qarşısıalınmaz bir hərəkata həyat verdi. Onlardan gerçək ədaləti, bizim hər birimizin hüquqlarını əsas götürən yeni ictimai qaydalar doğulmaqdadır.

Cənablar!

Dünyada bu böyük hadisələrin baş verə biləcəyi bircə ölkə var. Bizim vətənimiz bütövlükdə nəhəng bir dühadır! Ötən zaman ərzində Avropaya da, bütün dünyaya da haqqın-hüququn nə olduğunu başa salan Fransamızın ruhu, mənəvi aləmi möhtəşəmdir! Fransa – üstün zəka, ali ideyalar ölkəsidir, həqiqətpərvər hakimlərin, insansevər filosofların ölkəsidir, Türqonun, Monteskyenin, Volterin, Malzerbin vətənidir! Zolya öz ölkəsinin ədalət məhkəməsinə inamı qorumaqla vətəninə mühüm bir xidmət göstərdi. Onun nələr çəkdiyini, nələrə qatlaşdığını düşünüb kədərlənmək məqamı deyil indi. Əslində biz ona qibtə etməliyik. Zolyanın şöhrəti axmaqlığın, kobudluğun, nifrətin nə vaxtsa törədə biləcəyi ən çirkin təhqirlər yığını üzərindən boy göstərib ənginliklərə yüksəlməkdədir.

Gəlin ona qibtə edək: çünki onun heyrətamiz əsərləri, göstərdiyi böyük qəhrəmanlıq indi vətənimizin, bütün dünyanın zinətidir.

Qibtə edək ona: çünki həm taleyi, həm də öz qəlbi Zolyaya misilsiz bir mükafat hazırlayıb – o, bəşər düşüncəsinin tarixində ayrıca bir mərhələyə çevrilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG