Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:48

Hüquq müdafiəçisinin məhkəməsinə hazırlıq iclası olub


Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, «İnamla hüquq» MMC-nin direktoru Bəxtiyar Məmmədovun məhkəməsinə hazırlıq iclası keçirilib.

Onun vəkili Anar Qasımlı vəsatət qaldırıb ki, Bəxtiyar Məmmədovla bağlı həbs-qətimkan tədbirinin müddəti martın 30-da başa çatıb və həmin vaxtdan o, barəsində həbs qərarı olmadan həbsdə saxlanılır. Vəkil məhkəmədən Bəxtiyar Məmmədovun məhkəmə zalında azadlığa buraxılmasını, martın 30-dan sonra onun həbsdə qalmasına görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Hakim müşavirədən qayıdaraq vəsatəti təmin etməyib və özü Bəxtiyar Məmmədov barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib. Vəkil bunu qanunsuz hesab edib və bildirib ki, hər hansı şəxs barəsində həbs qərarı istintaq orqanının təqdimatı əsasında çıxarılır.

Bəxtiyar Məmmədov Dövlət Bayraq Meydanında evləri sökülən hərbçilərin hüquqlarını müdafiə edirdi. O, ötən il dekabrın 30-da həbs olunub. Dələduzluqda təqsirləndirilir. İş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb. Onlardan biri Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovdur. İttihama görə, Bəxtiyar Məmmədov ondan Dövlət Bayraq Meydanından köçürülən hərbçilərin hüquqlarının müdafiəsindən əl çəkmək üçün 18 min manat istəyib.

Bəxtiyar Məmmədov ittihamlar üzrə özünü təqsirli bilməyib.

Məhkəmə baxışı aprelin 25-nə təyin olunub.
XS
SM
MD
LG