Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38
İstedadlı Azərbaycan yazarı, bir müddət qabaq Türkiyədə intihar etmiş, intiharının səbəbləri hələ də bilinməyən Siyaməkin şeirlərini "Oxu zalı"nda dərc edirik. Şeirləri redaksiyamıza təqdim etdiyi üçün Rasim Qaracaya təşəkkürümüzü bildiririk.


SİYAMƏK


1. Sirk

Burası yer kürəsi
Top üstə donbalaq aşan insanlar Sirki
İp üstə riskə girənlər, Aslan ağzına baş soxanlar
Komik makiyajlarla,
Özlərini millətə güldürənlər vadisi
Həm də hamısı havayı
Tam havayı sirkçilər

Yetər ki yadına sal
Sirkə getməkçün
Ödədiyin pulları
Güzgüdən uzaqlaşıb
Çadır altına sığınıb
Öz yaşamından epizodlar görməkçün
İtirdiyin pulları
Tamaşaçılar qoltuğunda
Özünü Sirkdən kənar gördüyün anları

Xoşbaxt olduğun anları


2. Qorxu

Üstündə akrobatlıq etdiyin İpin
Hündürlüyünü anlamırsan
Bunu anladıqcan
Qorxursan
Qorxarkən güc arzularsan
Güc əldə etdikcən
Qorxu yaradırsan
İp hündürləşir
Qorxu artır
Güc istəyi içində böyüyür
Bir an gəlir ki
Əldə etdiyin gücdən qorxursan
Dincəlmək istəyirsən
Ama
Dincəldikcən
Onu güclə qorumaq istəyirsən
Çünkü onu itirməkdən qorxursan
Və qorxudursan


3. Gözəl

Kaman qaşlar
Piyalə gözlər
İncə bel

Yaşıl meşələr
Xarı Bülbül
Sərin bulaq suyu
Şərablı gecələr

Arifə bir işarə
Doooost, dost məclisləri
İçini anlıyanlar
Haqq məhkəməsi
Bir qulağı sallanmayan
Ədalət tərəzisi
Utopiya

Gözəl yaxalandımı
Bu torpaq üzrə?
Gözəl düşünürük
İblis yaradarkən


4. Senarist

Nə zaman? Harda?
Erkək ya qadın?
Dünən, bu günmü, yarın
Kim sordu mənə?
Buraya məni tullamadan öncə?

Adın, soyadın?
İrqın, tarixin?
Amacın, istəmədiyin?
Soran oldumu mənə
Burada doğmadan öncə?
...
Kimə yazıram mən
Səhnəsi boykot olmuş
Gözəl senarioları?
Cavab ver Tanrı
...


5. Mən və özüm

Mən özümlə birgəydim
Yaşam ayırdı bizi
Mən bir yana
Öz bir yana
...
Mirasmış birliyimiz
Pay bölüşə məhkummuş
Mən ölərkən
...
Öz payına, mən payına


6. Miras

Qane deyilsən payına
Haydı dırman haxlarına
Yaratdıqcan yanaşırsan
Öz sandığın varlığına
Keçmişinə, anlam verən
Təkcə varlıq, zaman-zaman
Erəcəksən varlığına
Ersən zaman anlamına
Öz sandığın varlığına


7. Təklik

Qovuşmaq diləyidir
Təklik Tanrısını yaşadan
Bu diləkdən vaz keçəndə
Peşində ömür çürüdəndə
Tək Tanrıdır, tək insan
...
Yataqda onu bulsan da
Dodağından sorar sormaz
Saçını tumarlayıb
Belinə sarılsan da
...
Səndən axan sudur sonuc
Qovuşmaq diləyən biri
Yeni təklik yaranacaq
Qovuşmağa can atacaq
...


8. Yaşam

Yeganə varlıqdır insan
Ölümünə agah olan
Ölüm qorxusudur yaşam
Bircə ölüm qorxusudur
İnsana yaşam sırıyan
İnsan
İnsan
Ölümə hekayə qoşan
Hekayədən yaşam quran
Əbədiyyət xəstəsidir
Ölüm qorxusudur
Yaşam


9. O

O mənə bənzəyirdi
Çiyinlərinə yüklənən
Baxışlarında dərin uçurumlar buraxan
Təkliyi
Şənlik məclislərində belə gizlədə bilmirdi
O mənə bənzəyirdi
Səhərlər işə gedəndə
Autobus nomrələrini səhv salırdı
Dukkandan çıxarkən bəzən
Pulunun kəsrini almağı unudurdu
O
Adları, hadislərin tarixini unudurdu
Hər zaman odasındakı divarlara
Ona nələrsə xatırladan notlar yazırdı
O
Heç zaman kiməsə söz verdiyi görüşə gec gəlmirdi!
O özünü unudurdu ama sözunu unutmaqdan çox
Ama çox utanırdı
O mənə yaman bənzəyirdi
Sevdiyi insanları uduzmaqda uzmanıdı
O
Nəyəsə, kiməsə yaxalanmışdı
Bunu bəzən gec-gec daranan saçları danışırdı
Ama
Kimsə bunu hiss etmirdi
Hislərini gizləməkdə uzman biriydi
O mənə yaman bənzəyirdi
O
...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG