Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

İlham Əliyev “Cənubi Qafqaz-1903-cü il” xəritəsinin nəşri barədə sərəncam imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev “Cənubi Qafqaz-1903-cü il” xəritəsinin nəşri barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda deyilir: “Son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artıb.

Belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə qərara alıram:

1. 1903-cü ildə Rusiyada tərtib edilmiş «Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda» xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz-1903-cü il” xəritəsi nəşr olunsun.

2. “Cənubi Qafqaz-1903-cü il” xəritəsinin nəşri üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225 min manat ayrılsın.

3. Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulmuş məbləği müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
XS
SM
MD
LG