Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:18

ATƏT Sulutəpədə jurnalistlərin döyülməsini pisləyir


ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic aprelin 17-də jurnalist İdrak Abbasovun və digər jurnalistlərin döyülməsini pisləyib. O, Azərbaycan hakimiyyətini bunu törədənlərin məsuliyyətə cəlb etməyə çağırıb.

İdrak Abbasov Bakının Sulutəpə ərazisində evlərin sökülməsini çəkərkən fiziki təzyiqə məruz qalıb. Hazırda o, xəstəxanadadır.

Dunja Mijatovic'in fikrincə, bu sarsıdıcı hadisə sübut edir ki, Azərbaycan jurnalistlərinin öz peşə fəaliyyətlərini yerinə yetirməsinə mane olan zorakı mühit var.

Bəyanatda bildirilir ki, hadisə zamanı «Yeni Müsavat»ın müxbiri və «Obyektiv TV»nin komandasına qarşı da fiziki təzyiq göstərilib.

Dunja Mijatovic xatırladıb ki, ötən il «Azadlıq» qəzetinin iki jurnalisti - Seymur Həziyə və Ramin Dekoya qarşı baş vermiş hücumla bağlı hələ də məsuliyyətə cəlb olunan yoxdur.

ATƏT-in nümayəndəsi bildirib ki, Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı zorakı halların bütün formalarına son qoyulması üçün həlledici addım atmalıdır.
XS
SM
MD
LG