Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:46

Vaqif İbrahimoğlu. Eşq olsun sənə, Lyonya Vaynşteyn!


Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

ƏVVƏLİ

13 yanvar, bazar. 1985-ci il

Çox pis yatdım, bütün gecəni qorxunc yuxular aman vermədi. Yuxumdan bir dilim: heç cür dolanbacdan çıxa bilmirəm, yuxarıdan da üzümə cürbəcür sifətlər baxıb-qımışır... Yaxşı ki, telefon oyatdı:

Turqutla qardaşı məni evlərinə qonaq çağırırdılar. Dəvəti beynimdə çək-çevir edib bu qərara gəldim ki, getsəm, qayıtmaz, elə oradaca canımı tapşıraram.

Otelə gəldiklərindən Turqutu odama çağırıb, üzr istədim və qonaqlığı bir başqa vaxta ertələməsini xahiş etdim.

Səhər yeməyini yeyib yenə yatdım. Halım yaxşılaşdı. Sonra yenə telefon zəng çaldı: Camal gəlmişdi.

Daha bir telefon zənginədək danışıb çəkişdik. Baqratuni (yan), yəni V.V. xır-xır və həyəcanlı səslə -- “Vaqif, yalvarıram, düş aşağı!” – dedi. Tələm-tələsik Camalla sağollaşıb tövşüyə-tövşüyə holla yüyürəndə, orada Baqratuninin bir türklə oturub gözlədiyini gördüm.

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Baqratuni kağız kimi saralmışdı. Gözləri aramsız parıldayırdı. O, boğula-boğula söylədi ki, dünən pulunu türk lirəsiylə götürəndən sonra 25 min lirəni “texnika” üçün saxlayıb, ardından pencəyini geymədən mağazalara (?) yollanıb. Ancaq məlum olub ki, dükan-bazar bağlıdır. Bir hücrə-dükanda (?) “dublyonka” – dəri kürk satıldığını görüb, başlayıb qiymətini salmağa və 40 minə endirib və bu vaxt ona “içkili” bir adam qəmiş olub ki, bəs, fotoaparatını mənə satmalısan (?). Onu başından etmək istəsə də, həmin şəxs əl çəkməyib və otelə, hətta onun otağına gəlib (?). Sonra da onun bir-iki portağalını yeyərək çıxıb-gedib. Axşamüstü Ankara axşamlarını (?) seyr etmək istəyib. Pencəyini geyinəndə görüb ki, üst cibinə qoyduğu dəsmalı bürüşdürülüb və barmaqlarını cibinə salanda pulunun yoxa çıxdığını bilib. Dəhlizdəki otel növbətçisini çağırıb və him-cimlə ona anladıb ki, götürdüyünü yerinə qoysa, bu məsələni açıb-ağartmaz. Amma-ancaq və lakin o növbətçi indi otel müdirini də götürüb yanında gətirib.

Həmin türklə danışdım, and-aman etdi ki, heç vaxt belə əməllərə qurşanmayıb, amma, işdir-şayət, sabahadək tapılmasa, o pulları özü verər...

Otel odama dönüb ürəyimdə “Eşq olsun sənə, Lyonya Vaynşteyn!” – dedim (Leonid Vaynşteyn – o dönəmlərin tanınmış Azərbaycan bəstəçisi, şahmatçı Harri Kasparovun əmisi nəzərdə tutulur – Z.M.). Axı o, həmişə mənə məsləhət görürdü ki, bir yana gedəndə özünlə satlıq heç nə aparma. Bu məsləhətə əməl etdiyim üçün, təbii ki, mənə də alqış payı düşür. Doğru deyirlər ki, taqqıltı ağacdələnin başını ağrıtmaz!!! “Turist” otelində Lyonyanın da pal-paltarını əkişdirmişdilər deyə belə məsələlər onun da ağrılı yeridir...

Duşlandım, özümü o ki var buğa verdim. Yavuz bir çaydan çay gətirdi, qarnım şişincə içdim. Xeyli özümə gəlmişdim ki, qapı döyüldü: yenə Baqratuni təşrif buyurmuşdu... Ağlayıb-sızlayır ki, görəsən, ona oyun qurmayıblar ki?!. “Nə edim?” – deyə soruşur və məsləhət istəyirdi. Məndən çox müdrik və birmənalı cavab aldı: -- Səfirliyə bildir, məsləhətləş, amma-ancaq-lakin özün bir iş qaynatma.

Təxminən 1 saat oturdu və mənim ???? (çox güman, müəllif neqativ anlamlı hansısa, ədəbsiz, amma məzəli sözü sual işarələriylə ifadə edib Z.M.) daha da gücləndirdi. Gedərkən onun odasında kofe içməyə çağırdı, ancaq yuxusuzluğu bəhanə gətirib dəvətini geri çevirdim...

... Bu məxluq əməlli-başlı mallanmaq-varlanmaq niyyətiylə gəldiyindən indi o xəyalının puç olduğunu görüb yanıb-yaxılır. Özü bilər...

Bu gün TV-də bir özbək filmi göstərəcəklər. Düşüm ona baxım. Qalanını sonra yazaram...

... Narkotik maddələr, yəni uyuşdurucu tacirləri haqqında hansısa filmin bir bölümünə baxdım. Bir daha təsdiqləyirəm ki, texniki baxımdan çox yüksək səviyyədə çəkilib. Örnək verirəm: qatarda özüylə heroin aparan oğlanı helikopter izləyir. Montaj dilimləri ildırım sürətiylə bir-birini əvəzləyir – yerdən görüntü, qatarın üstündən görüntü, helikopterdən görüntü və üstəgəl, başqa bir helikopterdən çəkilmiş helikopterin üst görüntüsü. “Hoqqalar” orta planda verilir, yəni sanki görüntü kadrları kombinə edilməyib. Məzmuna gəlincə, basma-qəlibdən başqa bir şey deyildi – heç fikir də vermədim...

TRT saat 22.30-da özbəklərin “İbn Sina” filmini göstərdi. Öncə biri çıxış edərək (əvvəldən baxmadığımdam kimliyini bilmədim), qısaca film və İbn Sina haqqında danışdı. Bizim titrlər yox idi: panoramı – uzun gəzişmə planını diktor mətni izləyir və Atatürkdən gətirilən sitatda “Keçmişi bilmədən gələcəyə getmək olmaz” fikri vurğulanırdı. Ardından indiki prezidentin (Kenan Evren nəzərdə tutulur – Z.M.) təxminən “Türk dühalarını tanıyıb onlara sayqı duymalı və sahib çıxmalıyıq, yoxsa başqa sahiblənənlər çox olar” sözləri oxunurdu. Sonra mənim bilib-anlamadığım bir studiyanın – “Kavkasfilm” studiyasının titrləri, montajçının, işıq uzmanının və daha 2 nəfərin adı göstərildi. Köklü şəkildə yenidən montaj edildiyi çox vaxt açıq gözə çarpan film 1 saat 19 dəqiqə sürdü. Sonda at
Zeynal Məmmədli
Zeynal Məmmədli
çapan qəhrəmanın görüntüsü üzərində yenə İbn Sina haqqında mətn səsləndi və həmin diktor oxusu bu sözlərlə bitdi: “Allah ona rəhmət eləsin.Amin!”.

Dünən Oğuz dedi ki, mənim müqaviləm 30.01.85-dək uzadılıb. Bu o anlama gəlir ki, “gala”, yəni təhvil ayın 26-da olacaqsa, mənim 6 gün sərbəst vaxtım qalacaq, çünki yalnız fevralın 3-ə təyyarə var. Buna da şükür...

... Bu gün xəyalımda tamaşanı tam gözdən keçirdim. Üçüncü və dördüncü pərdələr məni təlaşlandırır, hamısı da Cahidin üzündən. Cümhuru daha vecimə almıram, onu birgə səylə “batmağa” qoymuruq: Kərimanla Oğuz səhnənin arxasında dayanıb, barmaqlarıyla ona mizanları göstərirlər. Cümhurda günah görmürəm – dünən İlhan bəy dedi ki, bu onun həyatında ən yaxşı rolu olacaq.

Fəal şəkildə işığı da qoşuram. Partituranı müəyyənləşdirmişəm. Yeri gəlmişkən, səhnə məşqlərinin hamısını işıq rəssamı da izləyir və işin gedişində suallar da verir (yeri gələndə...). Beləsi çox rahatdır: o, tamaşanı, demək olar, əzbər bilir və işıq məşqləri başlayanda bizdəkindən çox-çox az çətinliklə üzləşirsən. Radioçular məşq zamanı yardımçıların göstərişlərini yerinə yetirir, müxtəlif variantları sınaqdan keçirir və təbii ki, mənim (rejissorun) bəyəndiyim variantı yadda saxlayırlar...

Dünən Oğuz bunu da söylədi ki, dəvətli rejissorların çoxu bir həftə mənim kimi çalışandan sonra işi tez bitirmək üçün hər şeyi son dərəcə sadələşdirməyə başlayırlar.

Hələ balet səhnəsini görməsəm də, canımda bir az qorxu var: Tufan heç də həmişə məsələnin məğzini tutmur. O, xonçalarla rəqsin cızmaqara rəsmini vermişdi – heç bəyənmədim, çünki yanar şamları nəzərə almamışdı. Axı bütün effekt də həmin şamlardaydı... Çərşənbə axşamı o, bütün rəqsləri mənə göstərəcək. Görək, necə olur...

Çox ürəyimdən olmasa da, bu həftə foyedə də məşqlərim var. Hər boş keçən gün aktyorları bir həftə geriyə atır. Hələ orkestr məşqlərini... texniki “prova”ları demirəm. Hələ bir sərbəst gündən də danışmıram... Tanrı özü qurtarsın, tanrı özü qorusun!..

Sabah məşq üsullarını sərtləşdirməyə çalışacağam, çünki təkcə bu yolu veciquluya alırlar. Gərilmək və durumu gərginləşdirmək niyyətindən uzağam, amma-ancaq və lakin başqa çıxış yolu görmürəm. Bütün operaçılar kimi, onlar da suflyora, bir də dirijora bel bağlayırlar, səhnə hərəkətlərinin nə demək olması və mətn unudulanda nə etmək, necə çıxış yolu tapmaq gərəkdiyi barədə anlayışları yoxdur... Tamam, gecənin xeyrindən sabahın şəri yeydir. Yatmağa gedirəm...

14 yanvar, bazar ertəsi. 1985-ci il

Bu gün yuxudan duranda özümü, demək olar, sap-sağlam hiss edirdim, amma 1-ci
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
məşqin sonuna yaxın halımın pozulduğunu gördüm. Söhbət orkestr “prova”sından gedir – yenə yola verdik, çünki temp əvvəlkitək axsayır. Kəriman maestroya mırıldandı, o, qızı yola gətirməyi məndən rica etdi və mən də çətinliklə bunu yerinə yetirdim. Nə etməli? Kəriman haqlıdır...

Fasilədə mən Əhədlə birgə tempi ölçərkən, maestro bizi haqladı və başladı-nə başladı!.. Eh! Mənim bəxtim dar ağacından asılmışın bəxtidir...

Saat 11-dən qar səpələyir və yerdə qat bağlayır, amma oteldə istidir. Fasilədə V.V., yəni Baqratuni peyda oldu və başına gələni xəbər verdiyini mənə də xəbərlədi. Onu bu münasibətlə təbrik edəndə, çarəsiz-çarəsiz, gülümsədi...

İkinci məşq foyedə oldu və anlaşılmaz təsir bağışladı: səhnədə birinci hissənin dekoru quraşdırıldığı üçün mən məşqə qaçdım və rəqsləri bir neçə dəfə tam izlədim. Dekorlara baxdığım müddətdə maestro yuxarıda – foyedə rəqsləri qayçılamağa girişibmiş... O, yaxşı adamdır, ağıl dəryasıdır. Hər şeyi anlayıram.

Sabah orkestrin dirijorluğunu özüm edəcəyəm: Allegro vivo, andante və s. və i.a. Nəyi çətindir ki?..

Maestro onu Kərimanla görüşdürməyimi xahiş etdi. Görüşdürdüm (türklər buna “pəzəvənglik” deyirlər). O, Kərimanı şirin dillə ələ almağa başlamışdı ki, qız maestronun sözünü kəsib – “sizin tamaşadan, musiqidən xəbəriniz yoxdur, heç maraqlanmadığınız üçün işi də korlayırsınız!” – cavabını verdi. Mən dözməyib aradan çıxdım... Maestro hələ zalda bir az da oturdu. Gözə çarpmasa da, rəngi dəyişmişdi.

Məşqin sonlarına yaxın Hüsaməddin bəy peyda oldu və səs-küy saldı. Bunu ona irad tutandan sonra zaldan çıxdı, ancaq daha öncə “Provadan sonra yanıma gelin!” – söyləməyə macal tapdı. Onun yanına gedəndə başladı ki, bəs, buradakı 3 sovet mütəxəssisindən sən (yəni mən) və Əhəd yaxşı çalışırsınız, amma tamaşanı batırmağa aparsa da, Nazimə təsir göstərə bilmirsiniz. Ondan qorxursunuz! Mən maestronun müdafiəsinə qalxaraq dedim ki, nəticə çıxarmağa tələsməyin, o, yaxşı musiqiçidir, öz işini bilir və s. və i.a. Bura siyasəti qatmaq gərək deyil, hərçənd, düzünə qalanda, bu, elə siyasətdir. Çərşənbə gününədək gözləməyi qərarlaşdırdıq... Sonrasına baxarıq...

Əhədlə bərabər otelə gəldim. Yoldaşlarıyla birgə sanlı və şanlı Səlcuq da gəlib-çıxdı. Zeynəb Xanlarovanı xatırladıq, tanışların birini qoyub, o birinə keçdik: Səlcuq çoxunu şəxsən tanıyır. Ardından Camal öz qardaşıyla gəldi. Əhədciyim ehtiyatı əldən buraxmadı ki, buraxmadı...

ARDI VAR

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG