Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Gəncə qəbiristanlığında Rəsulzadənin büstü, Bakıya yağan yağış


Gəncə qəbirisranlığı. Foto: Yeni Müsavat qəzeti
Gəncə qəbirisranlığı. Foto: Yeni Müsavat qəzeti
-

««Yeni Müsavat» Gəncə qəbirisranlığında xəzinə tapdı» başlıqlı yazısında müxbir şəhər qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin və bir neçə tarixi şəxsiyyətin büstünü tapıb: «Araşdırmamız nəticəsində məlum oldu ki, əslən Gəncədən olan, hazırda isə başqa şəhərdə yaşayan Hacı Adil kimi tanınan iş adamı 2011-ci ilin əvvəllərində Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək şəhərin mərkəzi parklarının və ya meydanlarının birində şəxsi vəsaiti hesabına AXC-nin banilərinin, Şah İsmayıl Xətai və digər bir neçə tarixi şəxsiyyətin heykəlini ucaltmaq istədiyini bildirib. Lakin ona park və meydanlarda abidə ucaldılmasının dövlətin işi olduğunu əsas göstərərək yer ayırmaqdan imtina ediblər. İş adamı Gəncədəki «Səbiskar» adlanan qəbiristanlıqda bir neçə qəbir üçün yer alıb. Yeri mərmər örtüyü ilə abadlaşdırdıqdan sonra tuncdan hazırlatdırdığı büstləri (Şah İsmayıl Xətai, Cavad xan, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Cahangir bəy Kazımbəyli, Xəlil bəy Rəfibəyli, Mirvahab, Abdili Əliqara Məhəmməd, Sarı Ələkbər) sıra ilə həmin yerdə ucaldıb».

«MÜSTƏQİLLİYİN ƏSASINI HEYDƏR ƏLİYEV ÖTƏN ƏSRİN 70-80-Cİ İLLƏRİNDƏ QOYUB»

«Azərbaycan» qəzeti 18 aprel tarixli sayında baş nazirin birinci müavini Yaqub Eyyubovun «Sosial-iqtisadi inkişafın banisi» adlı yazısını dərc edib. Ölkənin keçmiş prezidenti Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalədə müəllif yazır: «Ulu öndərin xalq üçün, respublika üçün gördüyü işlərin miqyası o dərəcədə böyük və əhatəlidir ki, hətta qısaca faktların konstatasiyası ilə də onları tam əhatə etmək mümkün deyil. Ancaq tarixilik baxımından ən önəmli cəhət ondan ibarətdir ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin əsası məhz ötən əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın əsrlər boyu arzuladığı azad Azərbaycan Respublikasının bugünkü dünya xəritəsində var olması birmənalı şəkildə, - özünün ifadəsi ilə desək, - hələ imperiya vaxtlarından «Azərbaycanın müstəqilliyi fikri ilə yaşayan» ulu öndərin uzaqgörən, cəsarətli və müdrik siyasətinin nəticəsidir».

«ONLARA YARAŞAN YER»


İlham Əliyev müşavirə zamanı
İlham Əliyev müşavirə zamanı
«Azadlıq» qəzeti 18 aprel tarixində «İlham Əliyev prezidentə yaraşmayan ifadə səsləndirib» adlı yazısında dövlət rəhbərinin sonuncu müşavirədə mitinqlərin keçirilməsi ilə bağlı çıxışında işlətdiyi «onlara yaraşan» ifadəsinə müxalif funksionerlərinin fikirlərini öyrənib. İlham Əliyev deyib ki, Bakı icra hakimiyyəti «o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçib». AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, İlham Əliyev bu sözü ilə xalqı təhqir edib: «İnsanlara bu cür aşağılayıcı münasibət İlham Əliyevin alovlu şəkildə danışdığı demokratiya anlayışına uyğun deyil». Müsavat funksioneri Mehman Cavadoğlu isə «Azadlıq» qəzetinə hakim partiyanın da vaxtilə Bakının 20-ci sahə adlanan ərazisində mitinq keçirdiyini xatırladıb.

«ALMANİYANIN ANTİ-AZƏRBAYCAN KAMPANİYASINDA RƏSMİ İZLƏR»

«Yeni Azərbaycan» qəzeti isə bu günkü sayında «Almaniyanın anti-Azərbaycan kampaniyasında rəsmi izlər» adlı yazı dərc edib. Qəzetin analitik qrupu son vaxtlar Almaniya mətbuatında Azərbaycanla bağlı gedən tənqidi yazıları təhlil edir: «Məlum olduğu kimi, Cənubi Qafqaz ölkələrindən Gürcüstan NATO-ya inteqrasiya yolunu tutub, Ermənistan isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Azərbaycan yeganə ölkədir ki, heç bir bloka qoşulmur və müstəqil siyasət yürüdür. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın müstəqil siyasətini gözü götürməyən müəyyən Qərb dairələri ölkəmizi öz təsir dairəsinə daxil etmək istiqamətində fəal işləyirlər və bu vəzifə hazırda Almaniyaya həvalə olunub. Almaniyanın artıq dövlət səviyyəsində həm «Eurovision-2012» amilindən, həm də Qərbin standart təzyiqetmə vasitələrindən - demokratiyadan, insan hüquqlarından və s. istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışması da bu amillə izah edilir.

«YAĞIŞ BAKINI İFLİC ETDİ»


«Bizim yol» qəzeti Bakıda yağış yağan zaman şəhərin küçələrindən sel axmasını təsvir edib. Qəzet yazır ki, aprelin 17-də paytaxta yağan yağış şəhərin bəzi hissələrində həyatı iflic edib: «Metronun Nizami stansiyası yaxınlığında adamlar palçıqlı gölləri yarıb yeriyə bilmirdilər. Rəsulzadə qəsəbəsinin küçələrindən isə çay axırdı, buna görə də avtomobillərin hərəkəti 1 saat ərzində dayandı».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG