Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:58

Zümrüd Yağmur. Anarın vida məktubu


Zümrüd Yağmur
Zümrüd Yağmur
.
Zümrüd Yağmur


ANARIN VİDA MƏKTUBU

“Əliyevi bəyənməyib Sərkisyana yalmanana, millətini, qeyrətini, qrant verənlərə satana, ölkəsinin hər uğuru gözünə ox tək batana, düşmənlərin sözlərinə çəpik çalıb əl çalan”lara...

Bu sözlər Əli Əhmədovun, ya da S.Novruzov, Z. Orucun deyil. Səhv salmayın, bu sözlər daim diri qalacağını, “söz taxtında” oturduğunu zənn edən və buna görə də özünə hər cür haqqı verən adamın, yazar Anarındır.

Kimsə təəccüblənməsin, heyrətlə də başını bulamasın ki, əcəba, yazıçı Anar ömrünün ahıl vaxtlarında niyə belə elədi, niyə o, YAP funksioneri, ya da "Lider" TV-nin müxbiri kimi danışır?

Mən demirəm ki, bu gün Azərbaycan ədəbiyyatında gülüstanlıqdır. Az maraqlanan bu gün Azərbaycan ədəbiyyatında nə baş verdiyini anlayır. Söyüş, yalançı və iddialı, populyarlıq xatirinə deyilən sözlər, hara, kimə gəldi təhqir dolu yazılar ədəbiyyatın “mənəviyyatını” korlamaqdadır. Ədəbiyyatımız bu gün naqisliklərin içində boğulur. Özlərinin çatışmazlıq və natamamlıq komplekslərini ədəbiyyata sırıyanlar tüğyan edir və nə yazıq ki, biriləri bunu müasirlik və azadlıq hesab edərək bu qaraguruhun arxasınca gedir.

Amma Anarın bu şəkidə reaksiyası nədir?

Əgər Anar olanlara ancaq özünə qarşı olan qərəz kimi deyil, ədəbiyyatın problemi kimi yanaşsaydı, bu başqa bir məsələ olardı.

Nə yazıq ki, elə Anar da ədəbiyyatdakı “mənəmlik” xəstəliyinə yoluxaraq, olanları ancaq özünümüdafiə müstəvisində cavablandırıb.

Özü də ən aşağı səviyyədə...

“Qrant alanlar, ölkədəki inkişafı bəyənməyənlər”...

Bu nədir, Azərbaycan, o ölkə ki, hər gün inkişaf adı ilə zorlanır, məhz belə bir yerdə yazar inkişafdan danışır. Məzlum hala salınmış bir ölkənin yazarının həqiqəti budurmu? Yəni doğrudan da Anar ölkədə inkişaf olduğunu təsdiqləyir?

İndiyə qədər ölkədəki siyasi durum və baş verənlər haqqında fikir söyləməkdən ustalıqla yayınan, bəlkə də öz vicdanını bununla sakitləşdirən Anar bu şəkildəmi münasibətini ortaya qoyur?

“Yerimizə göz dikənlər, Həsədimizi çəkənlər, Heç bir şey qura bilməyib ancaq dağıdan, sökənlər, İstedaddan qısır olan, qəlbi paxıllıqla dolan... Gəl çıxaq şəhərə, kəndə, Görək xalq kimi tanıyır”...

Bu, Anarın yazdıqlarıdı...

“Azərbaycan müxalifəti siyasi hakimiyyətə gəlmək üçün çabalayır, amma onların qabiliyyəti buna çatmır, çünki xalq onları dəstəkləmir. Xalq YAP-ın siyasətini dəstəkləyir. Azərbaycanın inkişafına paxıllıq edənlər, bunu gözü götürməyənlərsə bizə həsədlə baxır və hər şeyi qaralamağa çalışır”.

Bu da, az qala hər gün, YAP sözçülərinin dedikləri...

Bir fərq varmı?

Anar nəyin davasını edir, ədəbiyyatın, yoxsa onun yerinə göz dikənlərə acıq verir? Anar bu gün ədəbiyyatı söyüş makinasına çevirmişlərə etiraz edir, yoxsa ona paxıllıq edənləri tənbehləyir? Bir yazar bu qədərmi bəsit düşünə bilər... Bəlkə də paxıllıq edənlər var, bəlkə də Anarın kreslosuna sahiblənmək istəyənlər var. Amma Anar üçün bu, doğrudanmı bu qədər böyük faciədir ki, yazar buna etiraz etmək üçün enerji sərf edir?
Öz kreslosunun dərdini çəkən Anar, bəs illərdir niyə xalqın kürsüsünü, səsini oğurlayanlara qarşı bu qədər loyaldır?!

“Dərdini ovutmaq üçün pivə içib qatıqlayır”, - yazan Anar bir yazarın pivə içməsindən niyə bu qədər narahat olur, amma xalqın qanını içənlərə etiraz edə bilmir?

Bir yazar özünə qənim kəsilib, niyə bu qədər aşağı dartır özünü...

Bəlkə də ilahinin təqdiridir. Anar məharətlə gizlədirdi özünü, susmağı özünə qalxan etmişdi. Bu yazı o qalxanı qaldırdı və hər şey gün işığına çıxdı.

Gələcək araşdırmaçılar üçün daha müəmma qalmadı.

Bu həcv Anarın müəmmalara vida məktubu idi.

***

İndi isə oxucuya Markesin insanlara yazdığı “Vida məktubu”ndan kiçik bir parça təqdim edirəm.

“Ey insanlar! Sizlərdən nə qədər çox şey öyrənmişəm! Xoşbəxtliyin həqiqətləri görməkdə gizləndiyini bilmədən bütün insanların dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni anadan olmuş bir çağanın, atasının barmağını sıxarkən, əslində onu əbədiyyətə qədər qandalla özünə məhkum etdiyini öyrəndim.

Sizlərdən çox şey öyrəndim. Ancaq bu öyrəndiklərim çox da işə yaramayacaq. Çünki onların hamısını bir çantaya qoyub ağzını qıfılladım.

Bədbəxtcəsinə...

ARTIQ ÖLƏ BİLƏRƏMMİ?"

***

Aradakı fərqi gördünüzmü?!

Yeni Müsavat
XS
SM
MD
LG