Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Gəncədə məktəbin yolunu unudan uşaqlar...


12 yaşlı Canpolad
12 yaşlı Canpolad
Balaca Canpolad çirkdən qaralmış əlləri ilə boş yaşıl rəngli səbəti uzadıb bu gün 3 manat qazandığını deyir. O, hər gün səhər tezdən atası ilə birgə Göygöl rayonunun Mollacəlil kəndindən Gəncəyə tum satmağa gəlir.
- Nə satırsan?
- Tum satıram.
- Neçə yaşın var?
- 12
- Harada satırsan?
- Körpünün üstdə. Qatır Məmmədin yanında satıram. Yalvarıram deyirəm ki, qadan alım, qurban olum «semiçka» al.
- Bir günlük qazancın nə qədər olur?
- 1,2,3 manat. Onu da gətiririk, evdə heç kimi görmür.
BALACA MƏKTƏBLİ SONUNCU DƏFƏ MƏKTƏBƏ NƏ VAXT GEDİB?
Canpolad deyir ki, işləməyə məcburdur. Ancaq onu buna atası deyil, dolanışıqlarının çətinliyi vadar edib. Canpoladın özündən əlavə 4 bacısı və 1 qardaşı da var. Nənəsi də onlarla birgə qalır. Balaca məktəbli sonuncu dəfə məktəbə nə vaxt getməsini belə xatırlamır. Deyir ki, gündəlik qazanclarından birtəhər çıxarış edib təkcə böyük bacısına dəftər-qələm ala biliblər. Digər 2 uşaq da Canpolad kimi məktəbin yolun belə tanımır. Canpolad danışır ki, tumu insanların çox olduğu yerlərdə - Gəncədə bayraq meydanının yanındakı satış yerlərində və çay evlərində satır. Qulağın hər cür söz eşidə biləcəyi bu məkanlarda balaca məktəbli dəfələrlə təzyiqlərə məruz qaldığını da deyir:
«Biri «semiçka»mı götürüb qaçmışdı, mən də atama dedim üstümüzə adam göndərmişdi. Döyür, təpikləyirlər, əlimdən alırlar.
- Nə vaxt getmişdin məktəbə?
- Yadımda deyil.

«KARTI 2 AY BUNDAN QABAQ İTİRMİŞDİM»
Canpoladın atası Mütəllim Ələkbərov
Canpoladın atası Mütəllim Ələkbərov
Canpolad kimi küçələrdə tum satan, maşın təkəri qaraldan uşaqlar az deyil. Gəncədə belələrinə tez-tez rast gəlmək olur. 12 yaşlı Canpolad və ailəsi isə uçuq bir kənd evində döşəməsiz, nəmişli otaqda yaşayırlar. Canpoladın atası Mütəllim Ələkbərov deyir ki, uşaqlar yarı ac, yarı tox böyüyür. 12 yaşı olsa da Canpolad da görünür yaxşı qidalanmır deyə cılız və solğun görünürdü. Ata gileylənir ki, dövlətin onlara verdiyi sosial yardımı belə rayon sosial mərkəzindən vaxtı vaxtında ala bilmirlər. O, deyir ki, son iki aydır ki, onlara yardım ümumiyyətlə verilmir:
«Kartı 2 ay bundan qabaq itirmişdim. Kartı indi düzəltdirdik aldıq. Karta da pul yükləmirlər. Aldadırlar məni. 6 uşağım var. 200 manat pul verirlər. Onunla ailəni təmin eləmək olarmı? Adamlar var ki, maşını, pulu var. 5-6 ayını verir idarəyə ona sosial yardım düzəldirlər. Mənə də pul az yazılır. Gəncə şəhərində «semiçka» satırıq. Dolana bilmirik. Yoldaşımda xəstədir. Nevrozdur. Qaz 160 manat pul yazıb, 3 aydır karta pul keçirə bilmirəm. Gəlib kəsiblər. Mağazalara borcumuz var. Karta pul yükləmirlər ki, ödəyək. Uşağım məktəbə gedə bilmir. 200 manat pul verir, onu da vaxtlı vaxtında vermirlər. Mənim uşağım bir qarın ac bir qarın tox olur. Məktəbə gedə bilmir».
Ələkbərovlar ailəsi
Ələkbərovlar ailəsi
Mütəllim Ələkbərov deyir ki, onlara verilən 200 manat yardım 9 nəfər ailə üçün azdır. O sosial yardımın ədalətsiz təyin olunduğunu deyir.
«ƏMƏK QABİLİYYƏTLİDİRSƏ İŞLƏMƏLİ, QAZANMALIDIR...»
Göygöl rayon Sosial Müdafiə Mərkəzinin rəisi Tamara Abbasova isə deyir ki, ailə başçısı əmək qabiliyyətlidir və özü işləməlidir. O ki, qaldı 2 ay verilməyən yardıma Tamara Abbasova deyir ki, bu ayın sonunda ailə yardımını ala biləcək:
«1 aprel 2011-ci ildən ona təyinat aparılıb. 6 uşağı var, anası yoldaşı və özüdür. 202 manat ünvanlı sosial yardım təyin olunub. Dekabr ayında deyib ki, kartım itib. Dayandırmışıq. Mart ayının vəsaiti apreldə daxil olanda pulu ödəniləcək. Yenidən demişik sənədi hesablasın. O əmək qabiliyyətli adamdır. Bunun 6 uşağı var, iş barədə düşünməlidir. Hökümət hamısını vermir. Əmək qabiliyyətlidirsə işləməli, qazanmalıdır, qalanın hökümət verir. Ehtiyac meyarı 84 manatdır. Hamısını vermir. Anası pensiya alır, pay torpaqları var, bu adam işləmir. 60 faizini özü qazanmalıdır 30-40 faizini hökumət verir. Bunu biz demirik, hökumət deyir».
Tamara Abbasova sosial yardımların verilməsində hər hansı subyektivliyin baş verməsini təkzib edir.
XS
SM
MD
LG