Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:35

Daş hasarlar Qobustan qəsəbəsini iki hissəyə bölüb [Video]


Daş hasar Qobustan qəsəbəsini iki yerə bölüb
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid

Daş hasar Qobustan qəsəbəsini iki yerə bölüb

-
«GUYA ABADLAŞMA APARIRLAR»

«Qəsəbənin mərkəzini hasarlayıblar. Qəsəbəni iki yerə parçalayıblar. Evlər, ticarət obyektləri qalıb hasarların arxasında. Guya abadlaşma aparırlar».

Aprelin 16-da bir qrup Qobustan sakini qəsəbədə aparılan hasarlanma işlərinə etirazlarını bildirmək üçün Prezident Administrasiyasının qarşısına toplaşmışdılar. Onlar deyirlər ki, çəkilməkdə olan hündür daş hasarlar qəsəbəni tən ortadan iki yerə bölüb. Ticarət obyektləri, evlər, məktəblər hasarların arxasında qalıb.

Qəsəbə sakini Əlihəsən Həsənov danışır: «Deyirlər, Qobustan tarixi qoruğuna dünyanın hər yerindən turistlər gəlir. Hasarlayırlar ki, gələnlər qəsəbənin bərbad vəziyyətini görməsinlər. Hasar çəkməklə problem həll olmur».

«PROBLEMLƏRİ ÇƏPƏR ARXASINDA GİZLƏTMƏKDƏNSƏ...»
Prezident Administrasiyası qarşısında etiraz
Prezident Administrasiyası qarşısında etiraz

Rza Məmmədovsa deyir ki, hökumət qəsəbələrin problemlərini hündür hasarlar arxasında gizlətmək üçün bu yolu seçib. Hara gəldi hasar çəkirlər, deyir:

«Qəsəbənin sağında da yaşayış var, solunda da. O tərəfdə yaşayanlar bu tərəfdəkiləri görmür, bu tərəfdə yaşayanlar o tərəfdəkiləri. Ağlasığmaz bir şeydir. Qəsəbənin bütün problemlərini çəpər arxasında gizlədirlər. Nə var 5 nəfər gələcək Qobustan qayalığını görməyə, ona görə o boyda qəsəbəni hasarlayırlar. Gəlsinlər, qəsəbəni abad eləsinlər».

Prezident Administrasiyasından Qobustan sakinlərinə təklif olunub ki, prezidentin adına məktub yazıb imzalasınlar, iki nümayəndə ayırıb regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə görüşə göndərsinlər. Qısa vaxtda imzalı məktub hazır oldu və iki nümayəndə Zeynal Nağdəliyevlə görüşmək üçün Prezident Administrasiyasına daxil oldu. Təqribən 15 dəqiqəlik görüşdən qayıdan nümayəndələr qəsəbə sakinlərini sevindirə bilmədilər:

DEYİR DÖVLƏTİN YOLUDUR
Qismət Babayev
Qismət Babayev

Qismət Babayev: «Deyir, dövlətin bu işdən xəbəri var, təkcə siz deyilsiniz ki. Dövlətin yoludur, dövlət də hasar çəkməlidir. Sən hasarın dalındasansa, bu, dövlətin qərarıdır».

Sakinlərsə yerlərində oturmaq fikrində deyillər. Rza Məmmədov:

«Aksiya keçirəcəyik. Gedib yolu bağlayacağıq. Daş hörgüsü dayandırılmasa, Qobustan sakinləri sakit durmayacaq. Quba hadisələri Qobustanda təkrarlanacaq».

RAYONDA ABADLIQ İŞLƏRİ GEDİR

Qaradağ rayon İcra Hakimiyyətinin memarı Naiq Səmədov isə deyir ki, hündür dekorativ hasarlar sakinlərin təhlükəsizliyi üçün tikilir:

«Yol kənarlarındakı dekorativ hasarlar var, aeroport yolunda da var, həmin hasarlardandır. Camaata nə aidiyyəti var bunun? Bunu bütün Prezident Administrasiyası da bilir, bunun layihəsi olub, Prezident Administrasiyası da təsdiqləyib. Hasarların tikintisi təkcə turistlərlə bağlı deyil, ümumiyyətlə, rayonda abadlıq-quruculuq işləri gedir, bununla əlaqədardır. Qəsəbənin içərisində adamlar o tərəf - bu tərəfə keçirlər, hadisələr olur, hasarlar bununla bağı çəkilir. Qoruğun layihəsinə uyğun dekorativ hasarlar gedir. İki yerdə yeraltı keçid var, iki yerdə də, yolun üstündə də körpü tikilməlidir».

Memar bildirir ki, hazırda dekorativ hasarın çəkilişi davam edir və heç bir etiraz təsdiqlənmiş layihə üzrə aparılan işləri yarımçıq qoya bilməz.
XS
SM
MD
LG