Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

İmam kəbin kəsir, qonaqlar şərab içir


China Daily qəzeti yazır ki, Çində yaşayan müsəlmanlar getdikcə daha çox İslami toylara üstünlük verirlər. İndi müasir dünya görüşünə malik olan müsəlman gənclər arasında dini qaydada mərasimlər dəbə minib.

25 yaşlı Ja Yagang Pekindəki İT şirkətlərindən birində işləyir. Onun həyat yoldaşı Yan Lyu tibbi kampaniyanın auditorudur. Onlar da İslam adət-ənənələrinə uyğun evləniblər.

Jagang və Lyu Pekində müsəlman toylarını təşkil edən firmaya müraciət ediblər. Mərasimin özünün təşkili üçün 8 min yen (1260 dollar) və gəlin paltarı üçün 700 yen ödənilib.

Gənclərin toyu şəhərin tanınmış restoranlarında birində baş tutub. Burada 1853-cü ildən etibarən yalnız halal qida verilir. Əksəriyyəti müsəlman olan qonaqlar bəy və gəlinin geyimini, xüsusilə də hicabını çox bəyəniblər.

Toya əsl imamlar da dəvət olunub. Lakin stolun üstündə spirtli içki olduğundan, imam kəbini kəsməyə razılıq verməyib. Alkoqol aparıldıqdan sonra mərasim davam edib. Kəbin kəsiləndən sonra qonaqlara nikah müqaviləsinin mətni də oxunulub.

Toya dəvət olunan qonaqların əksəriyyəti ilk dəfə belə mərasimdə iştirak etdiklərini bildiriblər.

Müsəlman toylarının təşkilatçısı olan Van Yun deyir ki, onun müştərilərinin demək olar yarısı indi özləri üçün dini mərasim arzulayırlar. Bəziləri isə iki cür toy edir – İslam adətlərinə uyğun kəbinkəsmə mərasimi, ardınca da müasir əyləncəli yığıncaq:

“Bəziləri yalnız tamaşa xatirinə müsəlman toyu sifariş edir. Biz hər bir kəsin istəyini yerinə yetirməyə çalışırıq. İslam qaydalarına uyğun gəlin və bəy paltarlarını kirayə veririk. Nikah müqaviləsinin mətnini də təmin edirik. Toyda ərəb musiqisi səsləndiririk”.

Van Yun gənclərin dini adət-ənənələrə barmaqarası yanaşdığını da bildirir:

“Bəziləri elə bilir ki, toya imam çağırıb Quran ayələrini oxutdurmaq bəsdir. Bəzən elə olur ki, imam sözlərini bitirməmiş şampan şərabını partladırlar. Bu, çox böyük hörmətsizlikdir”.

İctimai elmlər akademiyasının üzvü Ma Pin deyir ki, bu cür toylara marağın artması Çində müsəlman icmalarının müxtəlifliyinin artmasının göstəricisidir. Digər tərəfdən, əksər gənclər valideynlərindən çəkindiklərinə görə bu addımı atırlar:

“Əslində, dini mədəniyyət öyrənilmir, Sadəcə gənclər valideynlərinin də fikirlərini nəzərə alaraq bu cür hibrid mərasimlər keçirirlər. Çünki mərkəzdən fərqli olaraq, Çinin əyalətlərində, ucqar kəndlərində ənənələrə daha ciddi riayət olunur. Adətlərə qarşı çıxmaq istəyən gənclərə isə valideynləri tərəfindən ciddi təpki göstərilir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG