Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:22

Qadın ovçuları – xəyanətkar yazarlar...


Yegane Jansail
Yegane Jansail
Yeganə CANSAİL


QADIN OVÇULARI – XƏYANƏTKAR YAZARLAR...


Məşhur yazar Andre Moruanın sözüdür: qadınla keçirilmiş zamanı itirilmiş hesab etmək olmaz! Kişilərin həyatında mühüm yeri və rolu olan qadınlar yazarların da həyatında unudulmaz izlər qoyublar. Yazıçı hərdəmxəyallığı, şıltaqlıq və çılğınlıq kimi hisslərin öhdəsindən səbrlə gələn həmin qadınlardan bir neçəsi ilə tanış olaq.

Dünya ədəbiyyatında daha çox “Səfillər” romanı ilə oxucu yaddaşında iz qoyan Viktor Hüqonun həyatından hansı qadınlar keçməyib... Lakin onların arasında it sədaqəti, qatır inadkarlığı ilə seçilən hüznlü bir qadın var: dövrünün tanınan aktrisası Juliet Drouet...

Onların sevgi romanını səhifələdikcə qadın sevgisindən doğan itaətkarlığı, kişi eqosunun qabarıq təzahürünü və Juliet sədaqətini görürük.

Viktor Hüqo xəyanətkarlığı və ya “məndə sənin eşqin vardır!”

...Axşam tamaşası və tamaşaçı ilə dolu zal. Ön sırada əyləşən Viktor səhnədə sanki elə özünü oynayan qadını diqqətlə izləyir. Yaradıcı düşüncələr rahatlıq vermir. Bayaqdan ondan gözünü çəkə bilməyən Viktorun baxışlarını Juliet hiss edir və bu baxışlar sonralar onun ömrünü izləyir...

“Teatrdan uzaqlaşmalısan”, “Daha bundan sonra geyimlərinə də fikir versən yaxşı olar”, “Çalış mənsiz heç yerə getmə...”..., qısqanclıq və eqoizm dolu sözlərə zamanla öyrəşən Juliet Viktoru dəlicəsinə məhəbbətlə sevir. Sevgisinin köləsinə çevrilmiş Juliet itaətkar qulu xatırladır.

Səyahət etməyi sevən Viktor Hüqo aylarla Julieti tək qoyub uzaq səfərlərə çıxardı. Belə günlərdə Juliet daha da bədbinləşər, saatlarla Viktorun şeirlərini oxuyub ağlar, ona məktublar yazardı. Onun V.Hüqoya yazdığı məktubların sayı nə az, nə çox düz 20 mindir. Əlbəttə, bütün bunlar əzəmətli bir sevginin göstəricisi idi. İlk yazdıqlarını adətən Julietə oxudan Viktor qadınına “ilham pərim” desə də, etdiyi xəyanətlərin sayı-hesabı yoxdur. Belə ki dövrünün kifayət qədər məşhur yazarı və gənc qadınların arzusuna çevrilmiş Viktorun saysız-hesabsız xəyanətlərindən onun da xəbəri var idi. Bəzən özünü bilməməzliyə vursa da, yaxşı bilirdi ki, Viktor Hüqo otaqlardan birində gizlin qapı açaraq həmin qapıdan qadın “qonaq”larını qəbul edir, onlarla macəra yaşayır. Juliet məhəbbəti o qədər əyilməz və nəhəng idi ki, bütün bunları görməzdən gəlməyi bacarırdı. Hər dəfə Hüqonun “Biz sonadək bir yerdə yaşayacağıq” deməsi onu yumşaltsa da, zamanla edilən xəyanətlərin sayı daha çox artırdı.

Kədər boğaza çıxan su kimi Julieti gündən-günə daha çox boğurdu. Doğru deyirlər ki, qadınlar səssiz gedərlər... Nə qədər çətin və ağır olsa da, Juliet Viktora heç nə demədən onu tərk edir. Juliet Viktorla yaşadığı müddətdə sevgilisinin zamanla düzələcəyinə, ona
Juliette Drouet
Juliette Drouet
xəyanət etməyəcəyinə, hər an Julietə diqqət ayıracağına dəlicəsinə inanır. Ayrılığın ilk günləri dözülməz olur, amma Juliet qüruruna sığınıb geri dönməyəcəyini düşünür. Lakin əzəmətli məhəbbəti hər bir şeyə üstün gəlir. Yalnızlıq dolu gecələrdə həsrətindən üzülən Juliet Viktora qayıdır. Bu an bir məqamı xüsusilə qeyd edib diqqətə çəkmək istəyirəm. Bu yaşanmış hadisədə qadın sədaqəti və itaətkarlığı qürur divarını məhv edib aşsa da, kişi laqeydliyi daha qabarıq hiss olunur. Julieti dəlicəsinə sevdiyini hər zaman etiraf edən Viktor Hüqo nə yazıq ki, ayrılıq anında Julieti geri gətirmək üçün heç bir cəhd göstərmir.

...III Napoleonun dövrü. V.Hüqonu Normandiyaya sürgün edirlər. Xəbərdən sarsılan Juliet nə edəcəyini bilmir. Əslində bilir... Atlantik okeanında nöqtə qədər kiçik bir adaya, sevgilisinin yanına gedir. Elə orada Viktora yaxın bir küçədə ev tutaraq yaşayır. İkinci imperator dövründə yenidən Fransaya qayıdırlar.

Juliet və Viktorun həyatlarında diqqətçəkən məqamlardan biri də “İldönümü” adlı qırmızı dəftərdir.

16 fevral 1833-ildə tanış olan sevgili cütlük hər ilin bu günündə bir-birlərinə məktub yazırlar. Məsələn, həmin gün üçün Hüqo belə yazır:

“26 fevral 1802-ci ildə dünyaya gəldim, 16 fevral 1833-cü ildə sənin qollarında xoşbəxtliyin dadına baxdım. İlk tarixdə həyata başladım, 2-ci tarixdə isə sevgiyə. Sevmək yaşamaqdan daha böyük bir şey imiş”.

Daha bir məktub: 16 fevral 1883-cü ildə Hüqo belə yazır: “50 illik məhəbbət. Evliliklərin ən gözəli”.

Həmin il Viktorun həyatında böyük itki baş verir. Sevgi mücəssəməsi olan sədaqətli qadın Juliet dünyasını dəyişir. Viktor onun başdaşına bu sözləri yazdırır:

“Soyuq kül olduğum zaman
Yorğun gözlərim gün işığında qapanar.
Söylə içindəki mənə
Xatirələrim qalmışsa əgər
Kim nə istəyir düşünsün,
Məndə sənin eşqin vardır!”


Tezliklə qayıdacam...

... Rusiya ədəbiyyatının unudulmaz siması Sergey Yeseninin də həyatına təsir edən qadınların sayı az deyil. Anna Romanovna, Zinaida Rayx, Qalina Benislavskaya, Aysedora Dunkan, Sofya Tolstaya... hələ rəfiqə adlandırdığı qadınlar...

17 yaşlı gənc Sergey ilk şeirlərini çap etmək üçün nəşriyyata gəlir. Həmin dövrdə qəzetdə çap olunmaq hər kəsə nəsib olmurdu. Xüsusilə bu yaşda, heç mümkün deyildi. Lakin yaraşıqlı siması redaksiyada işləyən Annanın diqqətini çəkmişdi. Sergeylə tanış olan Anna şairin ilk qələm təcrübəsi olan şeirlərini oxuyur. Maraqlı və özünəməxsus yazılmış şeirlər Annanın diqqətini özünə çəkir. Sonralar bu tanışlıq məhəbbətə çevrilir.

Özündən 4 yaş kiçik Sergey Yesenini sevən Anna şairin həyatında olan ilk qadındır.
Zinaida Rayx
Zinaida Rayx
Fədakarlığı ilə seçilən Anna şairi o qədər çox sevir ki, hətta onunla bütün mümkünsüzlərə razı ola bilir. Belə ki, şairdən hamilə qalan qadın bir müddət bunu evdən gizlədir. Lakin sonralar yaranmış vəziyyət buna imkan vermir... Və ardına belə baxmadan çarəsizcəsinə ailəsini tərk edən Anna şairlə birgə ev kirayələyərək yaşayır. Ailə qayğıları, uşaq gözləmək Annanı ədəbiyyatdan uzaq salır. Həmin ərəfədə Sergey Krıma tək yola düşür. Böyük ruh yüksəkliyi və təəssüratlarla geri qayıdan şairin diqqətsizliyi Annanın xətrinə dəymir. Anna öz xatirələrində yazır: “Dekabrın sonlarına yaxın oğlum dünyaya gəldi. Sergey bunu biləndə çox böyük sevinc hissi keçirdi. Xəstəxanadan evə qayıdanda yeməklər, şirniyyatlar hazırlamış, evi səliqəyə salmışdı”. Bütün bunlara baxmayaraq sonuncu məktubunda S. Yesenin Annaya yazır:

“Mən Petroqrada gedirəm. Çox qalmayacağam. Tezliklə qayıdacam”. Qadınını tərk edən Yesenin geri qayıtmır.

Yesenin vəhşiliyi

Sonralar Zinaida Rayx ilə tanış olan şair Yesenin bu məhəbbətin əbədi olacağına inanır. Hətta bu inam o qədər böyük olur ki, onlar kilsədə heç vaxt ayrılmayacaqlarına and içirlər. “Xalqın işi” qəzetində katibə vəzifəsində çalışan Zinaida olduqca gözəl qadın idi. Sergeyin yersiz qısqanclıqları onu boğaza yığsa da o, sevgilisini çox sevirdi. Dəfələrlə içkili vəziyyətdə evə gəlib Zinaidanı döyən Sergey sonra peşman olar, onun ayaqlarına düşüb üzr istəyərdi.

Üzünə dəyən şillə və yumruqlar sanki arzularına dəyir, onları qırıb çilik-çilik edirdi. Zinaida sevdiyi adamın - Sergeyin bu qədər dəyişəcəyinə inana bilmirdi. Bətnindəki körpəsini yumruqlardan qorumaq üçün Zinaida 1918-ci ildə evi tərk edərək valideynlərinin yanına gedir. Sergey Yesenin isə sanki heç nə olmayıbmış kimi Moskvada ev tutaraq subay həyatına davam edir. Qadınlar, içki və şeir...

Bu, şairin həyat tərzi idi. Həmin il şairin qızı dünyaya gəlir. Zinaida Sergeyin anasının adını – Tatyana ismini qızına verir. Şairin yoxluğu həyatında böyük bir boşluq yaratdığından o, Sergeyə geri dönməyi qərara alır. Lakin Moskvada Zinaida və qızını olduqca soyuq qarşılayan şair yenidən Zinaidanın qəlbinə toxunur. Zinaida qızını da götürüb yenidən valideynlərinin yanına qayıdır. Az keçmir ki, Sergey etdiyi əməlindən peşmanlıq hissi duyur. Zinaidanın yanına yola düşüb qızı ilə birgə onları geri qaytarır.

Növbəti hamiləlik və eyni məişət müstəvisində olan davalar... bu dəfə Zinaida qaçır. Həmişəlik sevdiyi insanı tərk edərək... qadın onu sevməkdə yanıldığını hiss edir. Qışda
Milena Yasenska
Milena Yasenska
oğlunu dünyaya gətirən Zinaida Sergeyin istəyi ilə uşağın adını Konstantin qoyur. Amma oğlunu görmək üçün Sergey heç vaxt onların yanına getmir. Hətta bu uşağın rejissor Meyerxolddan olduğunu iddia edənlər də var. 1921-ci ildə məşhur rejissor Vsevolod Meyerxoldla ailə quran Zinaida sonralar teatrda aktrisa işləyir. Rejissor onun övladlarına atalıq etmək vəzifəsini öz üzərinə götürür. Sergeyin övladlarına məhəbbəti isə onların fotolarını döş cibində gəzdirməsində ifadə olunur...

Unudulmaz Milena

Məşhur yazar Frans Kafkanın həyatı da sevgi macəralarısız ötüşməyib. Həddindən artıq kompleksli olan Kafkanın qadınlarla bağlı bəxti o qədər də gətirməyib. Eyni qadınla üç dəfə nişanlı olub sonra sevgilsindən ayrılan Kafka olduqca utancaq və çəkingən idi. Ömrünün sonuna kimi Dora adlı xanımla evlənib yaşasa da, Kafkanın həyat hekayəsində Milena adlı qadının xüsusi yeri olub....

1920-ci il. Meranda ciyərlərini müalicə etdirən Kafka Vyanada yaşayan Milena ilə məktublaşır. Dostluqla başlayan məktublaşmalar sonradan böyük bir məhəbbətə çevrilir. Həmin ərəfədə Kafka nişanlı, Milena isə evliydi. 3 il davam edən məktublaşmalar ərzində cəmi 2-3 dəfə görüşürlər. Hər görüşdən sonra vicdan əzabından özünə yer tapa bilməyən Kafka Milena ilə münasibətinin yanlış olduğunu anlayırdı. Amma sevgi hər ikisinin gözlərini kor etmişdi.

Milena köklü bir ailədən olsa da, əri ilə məsud həyat yaşamırdı. Milena olduqca ağıllı, ehtiraslı və qərarlarında soyuqqanlı qadın idi. Arzularına çatmaqdan ötrü həyatını belə qurban verərdi.

Bunu onun Kafkaya cəsarətlə yazmış olduğu məktublarında da görə bilərik.

“Sizə Praqadan, sonra Merandan yazmışdım, amma cavab vermədiniz. Cavab yazmamağınızı nəzərə alsam düşünürəm ki, yaxşısınız. Çünki bizlər adətən özümüzü yaxşı hiss edəndə susuruq. Əgər belədirsə buna görə sevinirəm. Amma bir məsələ məni yaman narahat edir. Əvvəlki məktublarda özünüzü yaxşı hiss etmədiyinizi demisiz, bəlkə, yenə cavab verməməyinizin səbəbi də budur. Heç bilmirəm nə yazım, məsləhət də verməyi bacarmıram. Mən hara, sizin kimi yazara öyüd-nəsihət vermək hara... amma bir sual vermək istəyirəm. Niyə Vyanadan bir müddətlik də olsa uzaqlaşmaq istəmirsiniz. Başqaları kimi evsiz də deyilsiniz. Bohemiyaya gedib dincələ də bilərsiz. Bəlkə də bilmədiyim səbəblərə görə getmək istəməyəcəksiniz. Əgər belədirsə, onda Merana gəlin. Siz heç burda olmusunuz? Sizdən cavab gözləyirəm. Əgər susmaqda davam edəcəksinizsə bunu “Üzülmə, yaxşıyam” cavabı kimi qəbul edəcəyəm. Əks halda mənə cavab yazacaqsınız.

Nə qəribədir. Üzünüzü bütün cizgiləri ilə xatırlaya bilməsəm də, kafedə masaların arası ilə keçib getməyinizi gözümün qarşısında canlandırıram... elə bil indi qarşımdasınız.


Sevgilərimlə Milena...”

Milenanın Kafkaya yazdıqları məktublarda onun Kafkaya olan məhəbbəti aydın sezilir. Eləcə də yazarın ehtiyatlanaraq yazdığı sətirlər, sözlər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG