Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

Stepan Şaumyan - bəzək-düzəksiz…


-
...Stepan Şaumyan 1918-ci ildə öldürülməsəydi, beş-altı ildən sonra Siyasi Büronun üzvü olacaqdı. Leninə yaxın adam kimi o, ölkədə ikinci və ya üçüncü şəxs ola bilərdi...


«Azərbaycanda Stepan Şaumyan haqqında kitab nəşr olunması çox böyük hadisədir»

Bu sözləri tarix elmləri doktoru, professor Eldar İsmayılov AzadlıqRadiosunun «İz» proqramının: «Stepan Şaumyan haqqında kitab sizin fikrinizcə nə dərəcədə aktualdır» - sualına cavabında dilə gətirdi.

Rus dilində «Şərq-Qərb» nəşriyyatında təzəcə çapdan çıxmış «Unudulmağa məhkum Stepan Şaumyan – «əfsanəvi kommunarın» bəzək-düzəksiz portreti» («Stepan Şaumyan – obreçennıy na zabvenie. Portret «leqendarnoqo kommunara» bez retuşi») kitabı barədə geniş danışan Eldar İsmayılov haqqında mübahisələr kəsilməyən tarixi şəxs barədə danılmaz gerçəkləri bizimlə bölüşdü.

BİR NÖMRƏLİ VƏZİFƏMİZ...

Eldar İsmayılovun fikrincə, Azərbaycanda ayrı-ayrı xarici dövlət və partiya xadimləri haqqında yazmaq olduqca vacibdir: «Bu bizim bir nömrəli vəzifələrimizdəndir. Bax, biz vaxtilə Sovet vətəndaşı olmuşuq. O vaxt dövrün xarici dövlət xadimlərindən yazılar yazılırdı. Amma bu gün Azərbaycanda bu sahədə qıtlıq olduğundan bəzi adamlar haqqında qəribə fikirlər yaranıb. O cümlədən Şaumyan haqqında».

STEPAN ŞAUMYAN ÖLÜB-YA YOX?

Eldar müəllim ona indinin özündə də bu sualla müraciət edənlərin olduğunu gülə-gülə söylədi: «Stepan Şaumyan təbii ki, ölüb. 1879-cu ildə anadan olan adam bu gün yaşaya bilərmi? Bunu hamımız dərk etməliyik. Amma bəzən televiziyada çıxış edənlərimiz onu elə təqdim edirlər ki, sanki sağdır və Hindistanda yaşayır, fəaliyyət göstərir. Bəs fəaliyyəti nədən ibarətdir-heç kəs bilmir...Əgər bu adam 1918-ci ildə yoxa çıxıbsa, daha sonralar səsini çıxarmalıydı axı...»

HİNDİSTANA GETMƏYİNİN MƏNASI YOX İDİ

Eldar İsmayılovun proqnozuna görə, Stepan Şaumyan 1918-ci ildə öldürülməsəydi, beş-altı ildən sonra Siyasi Büronun üzvü olacaqdı: «Əgər ondan cavan, ondan xeyli dərəcədə az nüfuzlu adam 1926-cı ildə Siyasi Büroya seçilibsə, demək, daha nüfuzlu, Leninə daha yaxın adam ölkədə ikinci və ya üçüncü şəxs ola bilərdi. Onun Hindistana getməyinin heç bir mənası yox idi».

Eldar müəllim o vaxt ingilislərin öz tərəfinə çəkib istifadə etmək istədiyi adamlar olduğunu da dedi: «Məktublaşmalar qalıb. Orada Şaumyan haqqında söhbət belə getmir. Amma başqasının adı çəkilir...»

KİMİN ADI ÇƏKİLİR?

Eldar İsmayılov bu məsələyə də aydınlıq gətirdi: «Bu, Caparidze idi. Onu öz tərəflərinə çəkmək istəyiblər. Amma çatdıra bilməyiblər. O vaxt teleqraf indiki kimi deyildi. Yazışma uzun çəkirdi. Məsələni isə iki günə həll etmək lazım idi. Eserlər yığılıb qərar çıxarıb məsələni bu cür həll ediblər».

26-LAR NİYƏ GÜLLƏLƏNİB?

26 Bakı Komissarının 8-nin erməni, cəmi ikisinin azərbaycanlı olduğunu deyən Eldar İsmayılov özü-özünə belə bir sual da verdi: «Şaumyan kimə xəyanət edə bilərdi? Bolşevik partiyasınamı? Bunlar qeyri-ciddi söhbətlərdir. Hamı soruşur ki, 26-lar niyə güllələnib? Axı, bunun sirri çox açıqdır. Sovet İttifaqının tarixini bilən adam onun sirrini həmən tapacaq».

QIRMIZI TERROR QƏRARI

Eldar İsmayılov tarixə bir ekskurs etdi: «1918-ci il avqustun 30-da eser partiyasına mənsub olan Kaplan Leninə qəsd etmək istəyib. Amma Lenin ölməyib, yaralanıb, sağ qalıb. Bunun cavabında bolşevik partiyası sentyabrın 5-də qərar çıxarıb- qırmızı terror haqqında qərar. Bu qərara əsasən sağ eserlərin nümayəndələri tutulub qətlə yetirilməliydi. Bu qərarla xeyli adam güllələnib. Qərarın icrası Orta Asiyada da baş tutub. Bu zaman eser partiyası Türkmənistanda hakimiyyətə gəlib. Onların qəzetində bu barədə açıq-aydın yazılıb. Mən kitabda o qəzeti də göstərmişəm. Yazılıb ki, nəhayət bolşeviklər əlimizə düşüb. Biz də onlardan hayıfımızıa alacağıq. İki gündən sonra dərhal qərar çıxarılır ki, 26-lar güllələnsin. Qərar məxfi idi. Gecəykən gəliblər. Siyahıda 25 nəfər idi. Siyahının necə tutulduğu bilinmir...»

«SİYAHININ VARLIĞINI MİKOYAN SÖYLƏYİB»

Eldar İsmayılov

Eldar İsmayılov

Eldar müəllim bunu təsadüfi saymır: «Çünki Mikoyan da onlarla bir kamerada idi. Orada tək Mikoyan deyildi. Kandelaki, Gelayan və 4-5 qadın da vardı. Mikoyan deyib ki, guya türmədə yatanların ərzaq siyahısı idi. Axı, vaxtilə o Bakıda- Bayıl türməsində yatmışdı. Bəs siyahının olduğunu kim elan etmişdi? Şaumyanın oğlu- Suren 1926-cı ildə deyib ki, mənə bunu Mikoyan söyləyib. Siyahı da Zevində olub- 26-lardan birində. Mikoyan isə xatirələrində yazır ki, o səhv edir, siyahı Korqanovda idi. Suren 1936-cı ildə ölüb. Demək, sirri bilən ancaq Mikoyan qalıb. Amma indiyədək o siyahını görən olmayıb».

MİKOYAN SAĞ QALDI VƏ BAKIYA QAYITDI

Prosessorun fikrincə, Mikoyanın verdiyi məlumat o qədər də inandırıcı deyil. Amma o, Mikoyanın bu işdə rol oynadığına dair əldə heç nə olmadığını da vurğuladı: «Əldə heç bir sənəd yoxdur. Hər halda, Mikoyan sağ qaldı, 1919-cu ilin fevral ayında Bakıya qayıtdı».

ESERLƏR GECƏYKƏN SƏRXOŞ HALDA QƏRAR ÇIXARIB

AzadlıqRadiosu müxbirinin «Dediniz ki, siyahı müəmmalı məsələdir. Bəs bu müəmmanı kim üzə çıxarmalıdır»- sualına Eldar İsmayılov belə cavab verdi: «Mənə elə gəlir ki, bunu biz aça bilərik. Mən bilən, mən açmışam. Mən tək deyiləm. Mənimlə eyni fikirdə olan adamlar var. Biz dünya vərtəndaşıyıq. Dünya bizə baxır. Dediyimizdə həqiqət olmalıdır. Əgər desək
ki, Şaumyan 70-ci illərdə Hindistanda tapılıb, buna heç kəs inanmayacaq. Hamı bilir ki, Sovet kəşfiyyatı çox güclü işləyib. Əgər Şaumyan sağ qalsaydı, onu tapardılar. Onun oğlanları Sovetlərdə yaxşı işlərdə çalışıblar. Adına küçələr, kəndlər qoyulub, adına heykəllər ucaldılıb, fabriklər-zavodlar və s. Fikrimcə, eserlər gecəykən, sərxoş vəziyyətdə oturub qərar çıxardılar və onları güllələdilər...»

QƏRARI İNGİLİSLƏR ÇIXARMAYIB

Professorun fikrincə, 1926-cı ildə hökumətin başında duran Funtikov bütün günahları ingilislərin üstünə yıxdı: «İlkin araşdırmaları aparan Çaykin familiyalı adam da eser partiyasının üzvü idi. O da çalışdı ki, günahı ingilislərin üstünə yıxsın. İngilislər bolşeviklərin sayının azalmasında bəlkə də maraqlı idilər, amma qərarı ingilislər çıxarmayıblar. Mən bunu sənədlərə söykənib deyirəm».

- O dövrün tarixçiləri bu hadisələri necə qiymətləndirirdilər? Eldar müəllim bununla bağlı nələr söylədi?
- Kitabda Stepan Şaumyan retuşsuz necə görünür?
- 1918-ci il Bakı qırğınlarından sonra müsəlmanlara muxtariyyət vermək istəyən Stalinə kim mane olub?
- Üstündən 30 il sonra Stalin 26-larla bağlı nə deyib?
- Eldar İsmayılov «retuşsuz qəhrəmanının» Bakıda törətdiklərini niyə «faşizm» adlandırdı?
- Qafqaz komissarı Şaumyan niyə Tiflisdə məskunlaşmadı, Bakıya gəldi?
- Eldar İsmayılov Şaumyana niyə «mürəkkəb fiqur» dedi?

Tanınmış tarixçinin Azərbaycan tarixinin qaranlıq və mübahisəli səhifələrinə işıq salan cavablarını bu «İz»də tapa bilərsiniz. Dinləyin:


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG