Keçid linkləri

Təcili xəbərlər

Bakı- Təl- Əviv: bu yol səni hara aparır ?


İsrailin xarici işlər naziri Avigdor Liberman
İsrailin xarici işlər naziri Avigdor Liberman
-

Son vaxtlar Azərbaycan-İsrail münasibətlərinin siyasi dairələrdə doğurduğu marağı bəlkə də böyük mahnı festivalının yaratdığı ictimai rezonansla eyni səviyyədə tutmaq olar. Elə bu səbəbdən də aprelin 20-də Bakıda açılması nəzərdə tutulan «İsrail mədəniyyət mərkəzi»nə ölkənin xarici işlər nazirinin- A.Libermanın təşrif buyuracağı haqda xəbər istisnasız olaraq bütün təhlil və analiz həvəskarlarının marağına səbəb oldu. Düzdür, rəsmi Bakı Libermanın səfər edəcəyi haqdakı xəbəri təsdiq etmir. Lakin İsrail-Azərbəycan əlaqələri o qədər böyük maraq kəsb edir ki, rəsmilərin təsdiq etməməsinə rəğmən bir çox dərgilər artıq indidən A.Libermanın səfərinin təfərrüatlarını araşdırırlar.
Mən diqqəti İsrailin baş diplomatının səfəri üzərində deyil, son vaxtlar ölkələr arasındakı təmaslara yönəltməyə cəhd edəcəm, çünki bu münasibətlər baş diplomatın səfərindən asılı olmadan da az maraq kəsb etmir.
ORTALIQDA HƏQİQƏTƏN DƏ NƏSƏ VARDI, YOXSA...
Nüfuzlu ABŞ dərgisində Azərbaycan- İsrail hərbi əlaqələri haqda yazı təzə işıq üzü görəndə dövlət rəsmiləri və onlara yaxınlar bunun uydurma olması haqda bəyanatlar yaymağa başladılar. Amma əvvəlcədən bir məsələ şübhəli görünürdü. Bu qədər nüfuzlu ABŞ dərgisi belə səhv edə bilərdimi? Əgər bu yazı Rusiya və yaxud İran mətbuatında dərc olunsaydı, bunun bir uydurma və siyasi təxribat olduğunu zənn etmək olardı. Sonradan, həmin məqalədə dərc olunan fikirlər özlərinin başqa yazılarda inkişafını tapdıqdan sonra heç kim təxribat varinatının mövcud olmasına inanmır. Ola bilsin, əlaqələr və bu istiqamətdəki səylər yazıda iddia olunan səviyyədə olmayıb. Amma bir xeyli məsələ var ki, bunlar artıq inkar olunmur. Məsələn, buna misal olaraq İraillə razılaşdırılan 1.6 milyard dollarlıq hərbi sövdələşməni göstərmək olar.

Mən elə bu günlərdə Rusiyanın nüfuzlu «Nezavisimaya qazeta» dərgisində Xəzər dinizinin militaristləşməsi haqda yazı oxudum. Müəllif Azərbaycanın Xəzər dənizində mövcud olan hərbi struktur vahidlərinin hətta Rusiyanı belə ötüb keçdiyini iddia edir. Daha çox maraq kəsb edən budur ki, bu hərbi və texniki potensialın bilavasitə İsrailin iştirakı ilə yaradıldığı bildirilir. Bu məqaləni bir qədər əvvəl səslənmiş xəbərlərin yeni improvizasiyası da adlandırmaq və o qədər də əhəmiyyət verməmək olardı. Lakin yazıda dəniz qüvvələrindən və onların yenilənməsindən söhbət gedir. Əvvəlki yazılarda isə daha çox hava qüvvələrindən bəhs olunurdu. Burada maraqlı cəhət odur ki, əvvəllər ölkəni hərbi məsələlər daha çox Türkiyə ilə bağlayırdı. Hiss olunur ki, indi Bakı bir qədər diplomatik vektoru dəyişib. Güman etmirəm ki, Bakı bunu sadəcə bir diplomatik yenilik naminə edib.

​İranın təhdidləri realdır. Çox təəssüf ki, nə Bakının müvafiq strukturları, nə də Türkiyənin səyləri bu təhdidləri ciddi bir şəkildə neytrallaşdırmaq iqtidarında deyil. Ona görə də Azərbaycanın İsrail ilə yaxınlaşması müəyyən mənada təbii görünür. Amma bu yaxınlaşma elə böyük əks- səda doğurdu ki, çətin, bundan sonra bu prosesin dərinləşməsi baş versin. Bəs bunun səbəbi nədir?
ABŞ AZƏRBAYCANI ÖZ MÜTTƏFİQİNƏ QISQANIR?
Zbigniew Brzezinski
Zbigniew Brzezinski
Çox maraqlıdır ki, narahatlıq ifadə edən ilk siqnal ABŞ-dan gəldi. Əslində İsrailin ən yaxın müttəfiqi olan ABŞ bu yaxınlaşmaya etiraz etməməli idi. Bir çox dərgilərin yazdığına görə bunun əksi baş verdi, ABŞ öz narahatlığını və narazılığını ifadə etdi.

Səbəb də budur ki, İsrail özünün tələsik planları ilə bu iki ölkənin hər ikisini- həm Azərbaycanı, həm də ABŞ-ı təhlükə qarşısında qoya bilərdi. Narahatlıq yaradan məqam da elə bu idi. İsrailin və ABŞ-ın bir məsələyə- İrana münasibəti fərqlidir. Əgər İsrail üçün İran həyati bir məsələ kimi görünürsə, ABŞ üçün bu daha çox siyasi məsələdir. Ən müxtəlif mənbə və dərgilər ABŞ-ın 2013–cü ilədək İrana qarşı heç bir addım atmayacağını bildirir. Amma bu İsraili qane etmir. Aralıqda olan bütün xoş münasibətlərə rəğmən bu məsələ də Azərbaycan ABŞ-dan da önə keçməyə cəhd etməməli və bu məsələdə neytrallığını saxlamalıdı. İsrailin hava hücumundan müdafiə üçün mükəmməl sistemi var. Amma Azərbaycanın bu sistemi yoxdur. Daha maraqlı tərəf isə budur ki, Azərbaycan İsraildə səfirlik açmaq məsələsini də müxtəlif bəhanələrlə yubadır, bundan ehtiyat edir. Bunun özü çox ziddiyyət kəsb edən məsələdir: səfirlik açmağa ehtiyat edir, amma... İran məsələsində hətta ABŞ-ın mövqeyi Azərbaycan üçün risqli görünür.

Elə ABŞ-ın özündə də İsrailin tələskənliyindən böyük narahtlıq yaşanır. Bu günlərdə politoloq Zbigniew Brzezinski bu cür tələskənliyin bölgədə «ABŞ-ın maraqları və o cümlədən BTC üçün» təhlükə yarada biləcəyini qeyd etmişdi. Məsəl var deyilir, Roma papasından artıq xristian olmaq mümkün deyil. Təbii, İsrail lobbisi güclüdür və ümumiyyətlə bu xalqla yaxından əməkdaşlıq və dostluq etmək çox yaxşı işdir. Amma «Roma papasından artıq xristian olmağa» dəyərmi? Qarşıdan yay gəlir, rəsmi Bakının tək istirahət etmək üçün deyil, düşünmək üçün də vaxtı olacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG