Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:11

Gümrüdə Azərbaycan Filmləri Festivalına imkan verilmədi


Aprelin 12-də Ermənistanın Gümrü şəhərində qısametrajlı Azərbaycan filmlərinin (1 sənədli və 3 bədii) nümayişinə maneçilik törədilib. Ermənistan mediasının yazdığına görə, filmlərin nümayişinə başlanmazdan əvvəl bir qrup şəxs festivalın keçiriləcəyi «Asparez» klubunu mühasirəyə alıb, tədbirin təşkilatçısı Georgi Vanyanı ora buraxmayıb.

Buna qədər isə etirazçılar klub binasına daxil olaraq nümayişin dayandırılmasını tələb ediblər. Bundan sonra Vanyan filmlərin nümayiş olunmayacağını elan etmək məcburiyyətində qalıb və Gümrünü tərk edib.

Aprelin 13-də isə Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi baş verənlərlə əlaqədar bəyanat yayıb.

«STOP» FESTİVALI ŞOSE YOLUNUN ÜSTÜNDƏ


Bəyanatda bildirilir ki, Ermənistanda Azərbaycan filmləri festivalı baş tutub. Növbəti nümayiş aprelin 17-də saat 16:00-da Helsinki Assambleyasının Vanadzor ofisində olacaq. Belə ki, «Asparez» Klubunu tərk edən festival təşkilatçıları Gümrü yaxınlığındakı şose yolunun üstündə «STOP» festivalı keçiriblər. 26 nəfər festivalın proqramına baxıb, 24 nəfər səsvermədə iştirak edib. Onlar «Tamaşaçı rəğbəti» mükafatını müəyyən edəcəklər.

Politoloq Zərdüşt Əlizadə isə Azərbaycanda erməni film festivalı keçirməyə hazır olduğunu bildirib. Deyib ki, əsl incəsənət humanizmə, xalqların yaxınlaşmasına xidmət etməlidir.

«ERMƏNİSTANLA BİRGƏ TƏDBİRLƏR KEÇİRMƏK MƏQSƏDƏUYĞUN DEYİL»
Rejissor Georgi Vanyan

Rejissor Georgi Vanyan


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyir ki, Gümrü festivalında hansı Azərbaycan filmlərinin göstəriləcəyi barədə onların məlumatı olmayıb. Şeyxov deyir ki, dövlət və qeyri-dövlət film studiyaları arasında sorğu keçiriblər. Həmin studiyalar festivala müraciət etmədiklərini bildiriblər:

«Festivalın baş tutmamasını proqnozlaşdırmaq mümkün idi. Fikrimcə, Ermənistan cəmiyyəti belə təşəbbüslərin dəstəklənməsinə hazır deyil. Əslində Gümrüdə baş verənlər də bunu təsdiqlədi».

«Bəs, Azərbaycan necə, Bakıda erməni film festivalı keçirilməsi təşəbbüsünü dəstəkləyərdimi» sualına isə Yusif Şeyxov belə cavab verdi:

«Biz Ermənistan tərəfi ilə birgə tədbirlərin keçirilməsini məqsədəuyğun saymırıq. İndiki siyasi vəziyyətdə biz bunun əleyhinəyik».

İNAMSIZLIQ İNAMA YÖNƏLƏ BİLƏR

Analitik Rauf Rəcəbov isə deyir ki, Azərbaycanla Ermənistan arasında belə təşəbbüslər olmalıdır:

«Belə layihələr, proqramlar inamsızlığı inama doğru yönəldə bilər. Bu layihələr çox vacib və lazımlıdır. Həm də bu tədbirləri iki tərəf də keçirməlidir. Hökumət isə bu tədbirlərin baş tutmasına dəstək olmalıdır».

Builki festival ABŞ və Böyük Britaniya səfirliklərinin qrantı hesabına təşkil olunur. Azərbaycan filmləri erməni dilinə tərcümə olunub. Məqsəd qarşılıqlı anlayış formalaşdırmaq və iki xalqın barışdırılması üçün yollar axtarmaqdır.

Rejissor Georgi Vanyanın rəhbərlik etdiyi Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi 2010-cu ilin noyabrında da Yerevanda belə bir tədbir keçirmək istəmişdi. Həmin vaxt təşkilatçılara yer verilmədiyindən festival baş tutmamışdı.

Şərhləri göstər

XS
SM
MD
LG