Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Alik Əlioğlu. Bu məmləkətin unudulmuş portretləri


“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsində uzun və qısa siyahılara keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik. Hekayə 20-liyinə keçmiş Alik Əlioğlu “Oxu zalı”na öz şeirlərini göndərib.


Alik Əlioğlu


ŞEİRLƏR


Bu məmləkətin unudulmuş portretləri
Onun yanına baş çəkdiyim vaxtlarda
Məni yalnız
Üz-gözünə hopmuş toz
Kədərləndirir...
Unudulacağından qorxuram...

Göy üzü insanlara yalnız
Öz rəngilə tanışdır...

Onun pəncərəsindən
Göy üzünün rəngi aydınca sezilir...

II yazı

Qarşıma çıxan adamlar
Mənə kimlərisə xatırladırlar...

Bu tanışlıq insanların içində ölüb qalmış
Doğmalıqdır...

Adamların üzündə kədər,
İçlərində qorxu var...

Bu məmləkətin görünüşündə bir yadlıq
Duyulur...
Fəsillər dəyişməmək
Günəş çıxmamaq
Külək əsməmək
Qorxusu ilə üsyana qalxır...

Körpələrin içindən
Səbəbsiz yerə dəlicəsinə ağlamaq keçir...

Ümidlər köhnədir, lap köhnə...

Senin pəncərəndən çox az şey görünür,
Məs: Sevgililərin hər gün bu parkda görüşü,
Get babanın tüfəngini gətir,
Vur bu görünüşü...
Vur, yox elə...

III yazı

1925-ci ildə
bu küçədə yaşayan adamlar
ağ-qara rəngdə idilər,
sürətlə hərəkət edir,
görünüşlərində cızıqlar var idi...

Tozun içində idilər,
Son səhifələri cırılmışdı...

Bu küçədə yaşayan adamlar
Hər günün xəbərlərini oxuyur,
Hamısına da sevinirdilər...

Havanın necə olacağından xəbərsiz idilər...

Biz bu küçədə yaşayan adamların
Qalıqlarıyıq...

Bu göyün üzünü biz yaratmadıq,
Biz çəkmədik adamların üzündəki cizgiləri.
Biz insanlara bir ömür bəxş etmədik
Biz insanları yaşamaqdan məhrum etmədik...

Adamlar gülümsəmək üçün yarandı

Biz bu qapısı tez bağlanan metrolardan,
Balaca liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan
xilas olmaq istəyirik!!!

Bizə kömək edin...

Yandırın küçələrin lampalarını!!!


Mən qayıdanda

Palçıqlı yollar
Adamların ayaqqabı izlərini
Öz üzərinə həkk edirdi...
Buludlu səma
Və tutqun göy üzü heç nədən
Xəbər vermirdi...
Bütün kainat
Atasını gözləyən balaca bir qızın
Yerdə oturduğu küçədən başlayırdı...
Bütün kainat
Insanların unudulduğu yerdə
Başa çatırdı. Əriyirdi......
Kainat başa çatanda insan yenidən doğulur...
Mən qayıdanda yağış kəsmişdi,
Yer üzü evindən çıxan insanları yenidən doğub
Tökürdü küçəyə...
Darvazanı açaraq bir uşaq
Qaça-qaça gəldi və qucağıma tullandı,
“Günəş qalib gəldi”- dedi.
Güldüm....


Fəridəyə yazdığım şeir

Çiçəklərə gözlərinin rəngini,
Küləyə saçının ətrini,
Uşaqlara sevincini verdim...
Mənə əllərin qaldı.
Əllərindən tutub
Apardım...

Adını yaşadığım küçəyə qoydum...

Səndən başqa hamı bilir.
Ünvan: Fəridə küç. 1

Sənin olmamağın
Fəlakətdi, dost...
Tez qayıt...

Sökük divarlardı vətən,
Qazılmış yerdi torpaq...

Soyuqqanlı qadındır ana,
Küçələrə tökülmüş
ölü göyərçinlərdir yollar...

Tez qayıt dost...
Üşüyən əllərinlə əllərimi tut...
Bağrına bas, dost...
Sağlığımı iç:
De ki,
Allah səni öldürsün!


***

…hiss elədim ki nə isə baş verməlidir.

7-8 il əvvəl bizdən böyük uşaqların dostumla məni necə döydüyü yadıma düşdü. Məni təpikləyirdilər, huşumu itirmişdim. Dostumu da yerə yıxmışdılar. İçərilərində yaşca ən kiçikləri olan dağınıq sarı saçlı oğlan uşağa yaraşmayan iyrənc bir gülüşlə şalvarının düyməsini açaraq cinsiyyət orqanını çıxardı və paltarı, bədəni, başı palçığın içində olan dostumun başına işədi.

Onda mənim təxminən 10 yaşım var idi. İndiki kimi arıq və cələfsiz idim. Elə ondaca gəldiyim həyatın necə iyrənc, özümün isə nə qədər zəif olduğumu anladım.

Toz torpaq içində olmaqdır
Hər dəqiqəsi,
Hər səhəri günəşdir,
Hər axşamı külək...
Quşların yuvalarıdır
Yuxarılar,
Qarışqaların daraşmağıdır
Aşağılar...
Təkliklər qurumuş çörəkdir,
Köhnə yeməkdir
ətrafı bağlı yerlər.

“Allah bağışlayacaq” deyirlər...
Ümiddir adamlar yaşayan evlər...


SOTEROYA

"Bu yol günəşə gedir?"
ohoooo,
Sotero...
Qaşqabağını sallama,
Bilirəm, içkilisən...

ağzında sevgi tamı,
azadlıq ləzzəti var...

Ora bax, kişi nə qışqırır:
"Qoyun əti var!"

ohoooo,
Soterooo...

bir dulusçudan
vətəninə xəyanət gözləmə...
O da hamı kimidir...

Məktub yazmışdın
Juliyen kimdir?

Bədbəxt fransız...
pəncərədən özünü atıb
ölə bilmədiyinə görə
həbs elədilər.

Tv-lərdə dayandı filmlər,
cizgi, bədii, sənədli, ero
və Sotero,
sənin ölümündən danışdılar...
Son sözlərini dedilər bir-bir:

"Hə, bu yol günəşə gedir..."


Şəhid analarına

Günəş yerini dəyişəcək,
Kölgələrimiz də...
Bədənimiz çürüyəcək,
əllərimiz də...

Sinənə döymə: “Oğlum
kişidi” - deyə
Cırıq paltarımla öyünmə...
“Güllə deşdi” deyə...

Məzar torpaqdan başqa bir şey deyil,
Şəhid də məzardan başqa...

Üstümüzdə yatacaq günəş...

Televizora çıxıb demə ki
Şəhid olmağımla fəxr eləyirsən...
Bilirəm axı, ana,
O qədər soyuqqanlı deyilsən...

Şərhləri göstər

XS
SM
MD
LG