Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:24

Avropa Birliyi Şimali Koreyanın raket buraxmasını pisləyir


Avropa Birliyi Şimali Koreyanın fəzaya raket göndərməsini «təhlükəli və sabitliyi pozan» hadisə kimi qiymətləndirib. «Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaq deməkdir».

Bunu Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Caterine Ashton deyib. O, Şimali Koreya rəhbərliyini regionda gərginlik yarada biləcək bu cür hərəkətlərdən əl çəkməyə çağırıb. Onu da deyib ki, Avropa Birliyi bundan sonra da Koreya yarımadasında sabitliyin təmin olunması üçün addımlar atmağa hazırdır.

Aprelin 13-də Şimali Koreya fəzaya raket göndərib. Ancaq uçuş uğursuz olub. Raket atmosferdən çıxa bilməyib.

Cənubi Koreyanın verdiyi məlumata görə, raket yerli vaxtla 07:39-da buraxılıb. Startdan bir neçə dəqiqə sonra isə peyk daşıyıcısı olan raket havada partlayıb, qalıqları isə Sarı dənizə düşüb.

Qərb bundan əvvəl də Şimali Koreyanı fəzaya raket göndərməməyə çağırırdı. Bildirirdi ki, əslində bu, nüvə başlığı olan ballistik raketdir. Pxenyan isə raketi elmi məqsədlər üçün fəzaya göndərəcəyini bildirirdi.
XS
SM
MD
LG