Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:41

İsmayıllının II Yeniyol kəndində sürüşmə nəticəsində göl yaranıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin rəhbərliyi ilə İsmayıllı şəhərində və rayonun 26 kəndində aparılan monitorinq başa çatdırılıb.

Bu barədə APA-nın yerli bürosuna məlumat verən Şaiq Niftiyev bildirib ki, növbəti dəfə İsmayıllının 26 sürüşmə zonasının hər birinə baxış keçirilib: «Monitorinq zamanı məlum oldu ki, son bir ay ərzində sürüşmə zonalarında aktivləşmə müşahidə olunub və getdikcə ərazi genişlənir. Ən çox aktivləşmənin qeydə alındığı ərazi rayonun II Yeniyol kəndindəki sürüşmə sahəsidir. FHN-nin mütəxəssisləri ilə birgə həmin sahələrə baxdıq, orada sürüşmənin parametrləri, konturları və inkişaf dinamikasının proqnozlarını tərtib etdik. Həmin ərazidəki sürüşmənin eni 400 metr, uzunluğu 800 metrə qədər inkişaf edib, sürüşmə kütləsi boyunca çatların dərinliyi 4-5 metrdir. Sürüşmə kütləsinin qalınlığı isə 5 metrə çatır. Bugünkü gündə sürüşmənin yaranmasına və aktivləşməsinə səbəb olan amillərdən biri də qrunt sularıdır. Sürüşmə ərazisi boyunca qrunt sularının çıxışı müşahidə olunur. II Yeniyol kəndinin aşağı hissəsindəki ərazidə mövcud olan sürüşmə kütləsi üzərində qrunt sularının toplanması nəticəsində eni 10, uzunluğu 30 metr olan göl yaranıb. Həmin ərazidəki sürüşmə kütləsində dinamika müşahidə olunur və orada müşahidələrimizi davam etdirəcəyik».

Şaiq Niftiyevin sözlərinə görə, Şamaxının Muğanlı və İsmayıllının II Yeniyol kəndlərində sürüşmə prosesi demək olar ki, eynidir. O, həmin kəndlərin hər ikisində sürüşməyə səbəb olan amillərin də, sürüşmə zonasının ölçülərinin də eyni olduğunu bildirib. «Ötən illə müqayisədə bu il İsmayıllıda sürüşmə sahələrində aktivləşmə xeyli artıb. II Yeniyol kəndində isə sürüşmə ötən ilə nisbətən 30 faizədək artıb. Bundan əlavə bu il ilk dəfə rayonun Hacıhətəmli, Kələzeyvə, Sulut, Güyüm və Diyallı kəndlərində də yeni sürüşmə sahələri aşkar etmişik».
XS
SM
MD
LG