Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11
Təxminən bir aydan sonra tələbələrin bir hissəsi arxada qoyduğu dərs ilinin yorğunluğunu çıxarmaq üçün istirahətə gedir. Bir hissəsi isə qarşıdakı bir neçə aylıq boş vaxtından istifadə edib iş axtarışına başlayır. Onlardan biri Fərid Əhmədli deyir ki, dizaynerliyi yaxşı bacarır. Ona görə də boş qalmaqdansa, nəsə bir işin qulpundan tutmaq qərarına gəlib:

«Mən kompüter üzrə işləyə bilərəm, özüm də dizaynerəm».

Fərid deyir ki, iş üçün bir həftə əvvəl müraciət edib. Bir həftədir ki, qulağı səsdədir.

SATICI VƏ BUKLET PAYLAYAN

Azərbaycanda tələbələrə daha çox ticarət sektorunda iş təklif olunur. Elə iş yerləri elanlarında da qarşısında «Tələbə üçün» işarələnən elanlar daha çox satıcılıqla bağlıdır. Bu işlərin maaşı adətən 200 manatdan artıq olmur. Tələbə işi elanlarında başqa bir tələbat isə buklet paylayan işinədir. Elanda elə belə də yazılır – «Buklet paylayan». Bu vakansiya əsasən şəhərin əhali çox olan küçələrində müxtəlif elanlar paylamağı nəzərdə tutur.

Bakıda tələbələrə iş yerləri təklif edən bir neçə vasitəçi şirkət də fəaliyyət göstərir. Belə şirkətlərdən biri – «İnam» İnsan Resursları və Təlim Mərkəzinin təsisçisi Vüsal Nadiroğlu deyir ki, tələbələr üçün təklif olunan işlər əsasan yarım iş günü – adətən səhər 9-dan 1-ə qədər, ya da 2-dən 6-ya qədər olur. Əmək haqları isə 150-250 manat arasındadır. Vüsal Nadiroğlu deyir ki, müraciətlər çoxdur:

İŞ AXTARANLARIN ÇOXU OĞLANLARDIR

«Tələbələrin müraciəti iş təklif edən şirkətlərin tələblərindən daha çoxdur. Bu işlər əsasən yarımştat satıcı, veb proqramlaşdırma, yaxud informasiya texnologiyaları sahələrində olur. Tələbədir, bu sahədə oxuyur, istəyir ki, tələbəlik vaxtında təcrübə qazansın. İş axtaranların əksəriyyəti isə oğlanlardır. Qızlar da olur, ancaq oğlanlar daha çoxdur».

İşə düzələn tələbələr isə deyirlər ki, adətən onlara azmaaşlı işlər təklif olunur. Bir neçə aydır işləyən tələbə Ceyhun Əsgərli deyir ki, iş tapmaq ona çətin olmayıb. Çünki təklif olunan maaşlar azdır. Sahibkar da qarşısındakının tələbə olmasından sui-istifadə edir:

«Mənim üçün iş tapmaq asan oldu. İşləmək isə çətindir. Həm dərs oxumaq, həm də işləmək asan deyil. Çalışıram hər ikisini çatdırım. Saat 2-yə qədər dərsdir, 2-dən sonra iş başlayır. Ailə vəziyyətimə görə işləmək vacib idi. 230 manat maaş alıram. Azdır, ancaq olmamaqdansa, bu da yaxşıdır».

GÖRƏNDƏ Kİ, TƏLƏBƏDİR...

Tələbələrin işə düzəlməsinə vasitəçilik edən Vüsal Nadiroğlu da tələbələrə ödənən maaşın az olması ilə Foto: Arxiv

Foto: Arxiv

razılaşır:

«Sahibkarda ilkin siqnal var ki, bu, tələbədir. Ancaq tələbə özünü təsdiqləyəndən sonra bu situasiyanı dəyişmək öz əlində olur».

Bakıdakı tələbələr satıcılıqdan başqa daha çox kompüter işində, sürücü, gözətçi işləyirlər. Yaradıcı tələbələr isə əməklərini satmaqla pul qazanmaq haqqında düşünürlər. Onlardan biri, tələbə rəssam Lalə Əmirlidir.

Lalə deyir ki, ilk sifarişi 1 il əvvəl, 3-cü kursda oxuyanda alıb. Aldığı əməkhaqqı çox olmasa da, onda maddi stimul yaradır:

İŞSİZ TƏLƏBƏLƏR?

«Ara-sıra iş təklif olunur. Mənə ilk sifariş təklif olunandan işləyirəm. Sifarişlər, təklif olunan işlər əsasən natürmort olur. Elə özümün də natürmorta çox böyük həvəsim var».

İşləmək istəyən, ancaq iş tapa bilməyən tələbələr də çoxdur. 4-cü kurs tələbəsi Valid Əliyev kimi:

«İş yoxdur. Neçə dəfə maraqlanmışam, ancaq hələ tapa bilmirəm».

Azərbaycanda hökumətin tələbələri işlə təmin etmək öhdəliyi yoxdur. Bəzi özəl təşkilatlar isə ayrı-ayrı universitetlərə təcrübə proqramları təklif edirlər.

Bakıdakı bir neçə universitetdə isə karyera inkişaf mərkəzləri var. Onlar da əsasən tələbələri iş tapmağa yönəldirlər. Tərkibində karyera inkişaf mərkəzi olan azsaylı universitetlərdən biri Qafqaz Universitetidir. Universitetin Karyera Planlaşdırma Mərkəzinin direktoru İsa Qasımov deyir ki, onların əsas məqsədi tələbəni iş təcrübəsinə hazırlamaqdır:

LAYİHƏ VƏ MÖVSÜMİ İŞ

«Dövlət universitetlərində buna «kurs işi», bizdə isə «layihə» deyirlər. Tələbə keçdiyi mövzular, dərs əsasında bir layihə hazırlayır. Tələbə həmin layihəni təkcə kitabxanada oturub hazırlamır. Əməkdaşlıq etdiyimiz müxtəlif şirkətlərdə, fabriklərdə, əmək bazarının müxtəlif sahələrində araşdırma apararaq, faktiki dərsdən kənar işləyərək o işi hazırlayır. Mövsümü iş dediyimiz əslində budur. Bizim yanaşmamız budur - tələbə həm oxuyur, həm işləyir deməkdənsə, tələbə oxuduğunu iş həyatında tapır. Ya da iş həyatında görəcəyini bu gün oxuyanda axtarıb tapır. Bundan başqa, bu, çox az saydadır, bir sıra tələbələrimiz var ki, onlar sonuncu kursda müxtəlif şirkətlərdən, iş dünyasından təkliflər alırlar. Bakıda iş yarmarkası - 2007

Bakıda iş yarmarkası - 2007

​Onların bəziləri praktika halındadır. Bu, şirkətlə tələbə arasında bizim vasitəçiliyimizlə yaranan bir əməkdaşlıqdır. Şirkət tələbəyə qapı açır, müəyyən sektorda ona öz əməkdaşları ilə ortaq çalışmaya icazə verir. Orada tələbəyə müəyyən miqdar təqaüd verilir. Tələbə özünə sabah işdə tapa biləcəyi mühiti formalaşdırır».

Tələbələrin mövsümü ya da daimi iş üçün üz tutduğu yerlərdən biri də yerli məşğulluq idarələridir. Bakıda Bakı şəhər Məşğulluq İdarəsinə tabe olan 11 rayon üzrə məşğulluq xidmətləri var.

KOMPLEKSSİZ GƏNCLƏRƏ EHTİYAC VAR

Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev deyir ki, onlar keçən ildən başlayaraq ilboyu işləmək istəyənlər üçün imkanlar yaradırlar. Təklif olunan əlavə iş yerləri isə əsasən xidmət sahəsindədir:

«Bizim bütün məşğulluq mərkəzlərində vakansiyalar toplanır. Hər hansı bir gənc müraciət etdikdə, onunla fərdi iş aparılır. Bizdə başqa bir tədbirlər sistemi var ki, bu da ixtisaslaşdırılmış mini əmək yarmarkalarıdır. Biz bu işləri ilboyu davam etdiririk. Yay vaxtı isə bu iş xüsusi qurulur. Tələbələrə gəldikdə isə, bütün rayonlar üzrə əlavə yeni vakansiyalar toplamağa başlamışıq. İndi Bakıda keçirilən mötəbər tədbirlərin sayı da çoxalıb. Bununla əlaqədar olaraq əlavə xidmət sektorlarında gənclərə, xüsusilə komplekssiz gənclərə daha çox ehtiyac yaranır».

Bakı Şəhər Məşğulluq İdarəsi peşəsi olmayan gənclərə pulsuz olaraq 100-ə yaxın peşə öyrətdiyini də bildirir.
XS
SM
MD
LG