Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

Hafiz Hacıxəlil: “İnanırdım ki, onluğa düşəcəm”


“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin onluğuna keçmiş şair Hafiz Hacıxəlillə müsahibə


- Hafiz, kimləri oxuyursan?

- Sözün düzü, folkloru, aşıq ədəbiyyatını çox sevirəm. Bəlkə də bu qandan, gendən gələn bir şeydir. Elə bir axşam olmaz ki, saz üstündə Qurbaninin, Dədə Ələsgərin, Tufarqanlı Abbasın şeirlərini oxumayım. İsmayıl Şıxlını, Ramiz Rövşəni, Musa Yaqubu, Vaqif Səmədoğlunu, Aqil Abbası (“Dolu”nu oxuyanda göz yaşlarımı saxlaya bilməmişəm), Ramiz Qusarçaylını, Salam Sarvanı oxuyuram. Hər biri özlüyündə nəhəngdirlər. Ancaq mən Məmməd Arazı xüsusi vurğulamaq istəyirəm. Yazılarımın birində qeyd etmişdm ki, Məmməd Araz ədəbiyyatımızın kişilik simvoludur. Şəhərdə böyüyən, təbiətin “dəliliyini”, gözəlliyini, kəndin-kəsəyin saflığını görməyən biri Məmməd Arazın hər hansı bir şeirini oxusa, baş tutub şəhərdən qaçar bəlkə də.

- Belə başa düşdüm ki, dünya ədəbiyyatından mütaliən zəifdir…

- Yox, son zamanlar xarici ədəbiyyatı oxuyuram. Onları oxuyandan sonra özümçün bir şeyi bir daha müəyyənləşdirdim ki, bu gün Avropanın belə yüksək inkişafına səbəb olan vasitələrdən biri də onların nəsridir. Nəsr insanı hər zaman düşündürür. Düşünmək isə zehni inkif etdirir, yeni kəşflərə, daha güclü əsərlər yazmağa sövq edir. Şeir duyğular toplusudur. Bir anlıq səni cazibəsinə salır və tez də tərk edir.

Bu gün yaşıdlarım arasında istedadına pərəstiş etdiyim gənclər çoxluq təşkil edir. Ələmdar Cabbarlı, Günay Ümid ( zarafat da olsa, deyəcəm. Günay Ümid hərdən mənə ustad deyir) Qismət, Aqşin, Günel Mövlud və adlarını çəkmədiklərim. İnanın səmimiyyətimə, əgər biz 30-40 il bundan öncə Avropaya inteqrasiya etmiş olsaydıq həm orta nəsil yazarlarımızın, həm də gənc yazarlarımızın əsərləri indi Avropanı fəth etmişdi. Bəlkə də Azərbaycana 5-10 Nobel mükafatı da gətirmişdik.

- Şeirlərin haqqında kimlər münasibət bildirib?

- Şeirlərim haqqında məni tanıyan dostlarım fikir bildiriblər. Tərifləyən də olub, tənqid edən də. Mən haqlı tənqiddən qorxmuram. Çünki bütün tənqidləri sonradan saf-çürük edəndə hansının sənin xeyrinə, hansının da qərəzli olduğunu görürsən. Qulu Ağsəs, Fərqanə Mehdi, Qəşəm Nəcəfzadə şeirlərim haqqında müsbət fikirlər söyləyiblər. Yeri gəlmişkən, sizə bir-iki şeirimi demək istəyirəm. Bu da bir fürsətdir.

Gəzirəm dişimdə can adlı tikə
Bu canı bir alan tapıla bəlkə.
Ya bıçaq saplaya, ya tətik çəkə.
Bir gözəl gəzirəm məni öldürə.

Döndərə toxuma, çiyidə öldürə,
Sala dəyirmana, üyüdə öldürə.
Yerdə də tapmasa, göydə öldürə.
Bir gözəl gəzirəm məni öldürə.

Səs versin səsinə - ününə gedim,
Yanına sevinə-sevinə gedim.
Desin ünvanını, evinə gedim.
Bir gözəl gəzirəm məni öldürə.

Getdiyi cığırdı, izdi deməyə.
Eh nə tez canından bezdi, deməyə.
Hələ çox cavandı, tezdi deməyə.
Bir gözəl gəzirəm məni öldürə.

Düşə taleyiylə, düşə acığa
Adam öldürməyə könlü acıxa.
Məndən yerin - göyün hayfını çıxa.
Bir gözəl gəzirəm məni öldürə.

Gözüm qapananda yuxum öləcək.
Ölümdən qorxmayan qorxum öləcək.
Vallah belə getsə, ruhum öləcək.
Bir gözəl gəzirəm məni öldürə.

Səbrin ki, böyükdü, yenə bağışla
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur.
Məni öldürəni mənə bağışla.

Sənin öldürdüyün zülümnən ölmür.
Bilirəm günahdır, keç günahımdan,
Nə olar, nə olar məni bağışla
Bir gözəl gəzirəm məni öldürə.


Bugünkü ədəbi mühitdə səmimiyyət yoxdur. Deyirlər ki, şeir olan yerdə şeytan olmaz, ancaq söz adamları indi nədənsə şeytanlaşıblar və əlbəttə ki, bu hamıya aid deyil. Dəstəbazlıq olsa da mən onu ədəbiyyata əks təsir kimi qiymətləndirmirəm. Əksinə bu inkişafa səbəb olacaq. Hansı düşərgədə olmasından asılı olmayaraq hər kəsi imkan düşdükcə oxuyuram və qeydlərimi edirəm. Hərədən bir gözəl fikir, bir “diri söz” oğurlasam mənə əskiklik gətirməz ki?

- Müsabiqəyə qatılmağından danışardın…

- Müsabiqə haqda elana təsadüfən rast gəldim və fikirləşdim ki, özümü və sözümü sınayım. İnanırdım ki, onluğa düşəcəm. (Bunu özündən razılıq kimi anlamayın xahiş edirəm).

Mən münsiflərin seçimi ilə razıyam və onların bədii zövqünə inanıram. Bəlkə də çoxu deyər ki, ilk onluğa düşüb deyə belə deyir. Yox. Mən sözdən qorxuram və yaxşı sözü, fikri, şeiri həmişə yüksək qiymətləndirmişəm. Həmişə dedi-qodudan qaçmışam. Onluğa düşən bütün şeirləri qiymətləndirirəm. Çünki hər biri bir ürəyin odudur. Hansı şeirin müəllifi qalib olarsa, onun əlini ürəkdən sıxıb təbrik edəcəm. Bizlər Amerika kəşf etməmişik. Gördüklərimizi, duyduqlarımızı yazıb oxuculara təqdim etmişik. Hamıya uğurlar arzu edirəm.

- Bəlkə bir proqnoz verəsən? Üçlükdə kimlər ola bilər səncə?

- İlk üçlüyü müəyyənləşdirməkdə çətinlik çəkirəm. Ad çəkmək istəmirəm. Onluğa düşənlərin içində mənim dostlarım var və hər birinin haqqıdır ki, qalib olsun.

Söhbətləşdi: Cavid Zeynallı

Günün bütün mövzuları

XS
SM
MD
LG