Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Mətbuat Şurası xarici ölkələrin mətbuatına müraciət ünvanlayıb


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Eurovision-2012» musiqi yarışmasında iştirak edəcək ölkələrin mətbuat qurumlarına müraciət ünvanlanması münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bir sıra xarici media qurumları Azərbaycanda görülən müsbət işləri bir kənara qoyaraq, ölkədəki kiçik neqativ halları şişirtməyə çalışır. O, belə yazıların kampaniya xarakteri almasından narahatlığını bildirib.

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə dünyanın bəzi media qurumlarını musiqi yarışmasını siyasiləşdirməməyə, jurnalist obyektivliyini qorumağa çağırıb.

Sonra Ə. Amaşov beynəlxalq mediada Azərbaycanın «Eurovision-2012» müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan neqativ məlumatlarla əlaqədar hazırlanan müraciətin mətnini oxuyub.

Müraciətdə bildirilir ki, bəzi qurumlar «Eurovision» kimi mədəni tədbiri öz məqsədləri üçün siyasiləşdirməyə çalışır: «Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq».

Müsabiqə ərəfəsində Azərbaycana qarşı bəzi ölkələrin media qurumları tərəfindən kampaniya aparıldığını bildirən müraciət müəllifləri bunun media peşəkarlıq prinsiplərinə uyğun olmadığını, birtərəfli və qərəzli yazılar verildiyini qeyd edib, təəssüflərini vurğulayıblar. Azərbaycan jurnalistləri müraciətlərində həmkarlarını «Eurovision» ərəfəsində və müsabiqə günlərində Azərbaycana dəvət ediblər: «Hesab edirik ki, Azərbaycanı görmək və ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olmaq Sizin məlumatınızı genişləndirəcək və yanlış təsəvvürün dəyişməsinə səbəb olacaq. Azərbaycan jurnalistlərinin səsini doğmalıqla qarşılayacağınıza, hadisə və proseslərə yanaşmada obyektivliyinizi, tərəfsizliyinizi qoruyacağınıza əminik. İnanırıq ki, ölkəmizlə bağlı əsl həqiqətləri görmək və duymaq üçün ən gözəl imkanı dəyərləndirəcək, may ayında Bakıda keçiriləcək böyük musiqi bayramında bizimlə birgə olacaqsınız».

Ə. Amaşov müraciətin Avropa Yayım Birliyinə və yarışmada iştirak edəcək ölkələrin media qurumlarına göndəriləcəyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG