Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


əvvəli

... Teatrın uzunsov zalı və alçaq tavanı vardı. Səhnə kiçik idi – zalın eni qədər olardı. Bina gecəqondular məhəlləsində yerləşdiyindən tamaşaya aşağı təbəqənin nümayəndələri, yəni qara camaat gəlmişdi. TV-də həm dünən, həm də bu gün göstərilsə də, xeyli tamaşaçı toplanmışdı. Gözəl və dəyərli pyesdir – orta oyunudur (meydan teatrı – Z.M.).

Qısa süjet: “Abırlı məhəllə”də yerləşən və Abdinin gözətçi, həm də xidmətçi olduğu meyxanada ünlü getera – sərbəst qadın Qanlı Nigar peyda olur. Yanında 2 qızı da var. Min cür kələk və oyundan yararlanaraq, onlar mömin müsəlman Agahın “müqəddəs” sayılan evində kirayənişin qalırlar. Vaxtilə Nigarın aldatdığı Acəm (İran azərbaycanlısı), Laz və Üstünyeli bir-bir onun yanına gələrək intiqam alacaqlarını bildirirlər. Agahın cavan oğlu kitabçı Narçın Nigarın qızına vurulur. Adi bir kələk işlədən Nigar, 13 yaşında qız olarkən onu zorlayan Agahı onunla evlənməyə məcbur edir, qızını Narçına ərə verir, ikinci qızını da Abdi alır.

Səhnədəki dekorlar stilizə edilib və bu stilizə olub-bitənləri Qaragöz Teatrına, Kölgə Teatrına və s.-ə uyğunlaşdırmağa yol açır. Musiqi canlı orkestrlə – skripka, klarnet, fono, trambon və təbillə səsləndirilir.

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Tamaşa birnəfəsə göstərilir. Aktyorlar çox gözəl, rejissura parlaqdır. Bir sözlə, bayram yaşayırsan.

Tamaşadan sonra Rüştü bizi Çankayada yerləşən bahalı gecə klubuna apardı. Xeyli yaxşı danışırdılar – konkret məsələ qaldırdılar ki, onlarda bir tamaşa qoyum. Dedim ki, mənim vaxtım var, amma formal məsələləri özünüz həll edin. İnanmıram ki, bir şey alınar, di gəl çox xoşdur.

Artıq gecə saat 3-dür (bəlkə səhər?). Kürəyim hava çəkir... Soyuqdur...


12 yanvar, şənbə. 1985-ci il

Saat 15.00-da “Riqoletto” olduğu üçün səhər məşqi qısaldılmışdı.

Yatıb qalmışdım, saat 9.15-də qalxdım. Əfəndiciyim də (portyeni nəzərdə tutur – Z.M.) yaddan çıxarıb oyatmamışdı... Ancaq 9.45-də teatra çatdığımdan məşqi vaxtında başlatdım...

Maestro 45 dəqiqə sonra, artıq 2-ci pərdə gedəndə gəlib çıxdı. Birinci “prova” qaydasında – şərti reflekslər səviyyəsində keçsə də, zalda gülüş qoparırdı. İkincisi də. Cümhur bir balaca işləri korladı, amma bütövlükdə ümid işardır, dözmək olar. Üçüncü pərdəni qızlar yetərincə diri başladı və Cahidin çıxışınadək hər şeyə dözmək olardı. Di gəl, o çıxandan sonra işlər düz getmədi. Güclə axıracan izlədim və sonra Cahidi çağırıb belə oyunun səbəbini soruşdum. O da cavabında bildirdi ki, guya oyuna normal başlayıb, ancaq sonra guya mənim reaksiyam onun həvəsini söndürüb. Gərək bunları nəzərə alım: onlara zala baxaraq reaksiyalara diqqət yetirirlər. Məşqin ardından Novosibirskli gürcü ermənisi Baqratuni (yan) məni saxladı, ancaq onu başdan edib otelə getdim. Yolüstü “Gençlik Parkı”na dəydim, amma nahaq yerə: soyuqdəyməm şiddətlənir və təcili ölçülər götürməsəm, ölə bilərəm. Boğaz tellərim sızıldayır, həm sodayla qarqara edir, həm də dəhşətdən tir-tir əsirəm. Unutmaq üçün yazmağa oturdumsa da, bir şey çıxmadı. Soyuq və nəmişlikdir, daha bir üst örtüyü götürdüm.

Bu türklər, bilmirəm, qənaət edir, ya nə edirlərsə, çox vaxt işıqlar sönür. Yeri gəlmişkən, qənaətdən söz açım: “Keşanlı Ali Destanı”nda da hamının başının hesablamaya qarışması, hamının hər şeyi sayıb hesab verməsi barədə kupletlər var. Doörudan da yerli sakinlərin əsas məşğuliyyətlərindən biri budur. Hər şey baha başa gəlir, axı.

Rəhman üçün (filosof Rəhman Bədəlovu nəzərdə tutur – Z.M.): Rüştü Asyalı dünən “Keşanlı Ali Destanı”nı nəzərdə tutaraq söhbət əsnasında dedi ki, bu tamaşa mifin ( yəni əsatirin – Z.M.), dastanın zorakılığından söz açır və xalqın şənlənmək üçün mif yaratmasından deyil, plebsin (aşağı təbəqənin – Z.M.) mifləşməsindən söhbət gedir. Nədənsə Rəhmanı xatırladım.

“Hürriyet” qəzetində Reyqan haqqında (ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan nəzərdə tutulur – Z.M.) məqalə və onun 2 fotoşəkli vardı: 5 il öncəki sapsağlam, ağappaq dişli həyatsevər Reyqan və indiki – tökülüb-itən, sönük baxışlı Reyqan.

Məqalədə deyilirdi ki, onun nitq və söhbətlərində tez-tez təsadüf edilən uzun pauzalar, mətləbdən yayınmalar, mızıltılar Reyqanın yaddaşının zəifləməsindən xəbər verir.

İşıqlar indicə yandı, bəlkə qızdırıcılar da işə düşər?!

Dünənki gecə klubunu təsvir edirəm: canayaxın və intim, amma uzun və alçaqtavanlı 3 zal. Masaboyu rahat və yumşaq divanlar. Hər masanın üstündə yalnız adamın üzünə işıq salan gecə lampaları.

Klub qapanıncayadək orada oturduq. İşığı yandırıb-söndürürlərsə, demək, getmək vaxtıdır...

Biz içəri girərkən, bir dəstə aktyor və aktrisanın orada olduğunu gördük. Söhbət əsnasında hamının birdən mənə sarı boylanaraq gülümsədiyi də gözümdən qaçmadı. Həmən dikələrək fərqinə vardım ki, maviyəbənzər bir oğlancıq Azərbaycan mahnısı oxuyur -- Rəşid Behbudovun repertuarından “Yata bilmirəm”i. Mahnı bitəndə bütün ifaçıları alqışladım.

Onlar və onlara qoşulan aktyorlar da Zeynal Məmmədli

Zeynal Məmmədli

“Dostluk-frayndşaft!” – deyərək məni alqışladılar. Gecə klubunun girişində və dayanacaqda cındırından cin hürkən adamlar “yuva salıblar” – gəlib-gedənlərə qapı açır, çiçək təklif edirlər. Eynən məşhur “Abla, Abi” ssenarisindəki kimi.

Rüştü söhbətin gedişində özünün nəsil ağacından danışdı. Sən demə,onun soy-kökü hardan olsa yaxşıdır? -- əlbəttə ki, Azərbaycandan!..

Soyadı da Asyalıdır, yəni Asiyalı və o, bundan qürur duyur. Yenə söhbət əsnasında Mine açıqca söylədi ki, əvvəlcə məndən xoşu gəlmirmiş və biletləri də yalnız Alevin xahişinə görə verirmiş.

Amma-ancaq-lakin bilet götürdüyüm tamaşaların hamısına baxdığımı, üstəlik, onları gərəyincə incələdiyimi – təhlil etdiyimi biləndən və adını unutduğum kiminləsə təsadüfi söhbətindən sonra fikrini dəyişib.

Mine türk teatr tarixinə aid bir neçə kitab bağışlayacağını da boynuna götürdü. O, universitet bitirib, ardından 3 il Londonda – Milli Teatrda təcrübə toplayıb, daha 3 il də Opera Teatrında İşığın yerində çalışıb və cəmi 1 ildir ki, “Devlet Tiyatrosu”na keçib.

... İndi Turqut gəlmişdi – “Küçük Tiyatro”nun solisti. O da azərbaycanlıdır. Onunla dünən, “Kanlı Nigar”da tanış olmuşam. Azərbaycan Kültür Dərnəyinə qonaq çağırırdı, ancaq mən nəzakətlə boyun qaçırdım, çünki axşam İlhan bəyin qonağıyam. Turqutla sabah saat 11-ə razılaşdıq.

Deyəsən, dünən idi... nostalji məni yamanca caynağına almışdı. Tavada qızadılan kimi, qıvrılıb-çevrilirdim. Amma-ancaq-lakin iradəmin və ən başlıcası, xəyal gücümün hesabına (gözümün önünə teatrı, Bala Əliyeviçi, Məmməd Firudinoviçi gətirərək.

Düzdür, başqalarını da gətiə bilərdim, amma vaz keçdim... ) həsrət-xiffət-nostalji sancısını səngitdim (adları çıkilən şəxslər teatr aləmində tanınmış şəxslərdir, amma daha çox məmur kimi məşhur olublar – Z.M.). İndi xatırladım ki, bütün bu hisslərə Tufanın oğlu təkan verib, çünki eynən Andreyə bənzəyir (müəllif öz oğlunu nəzərdə tutur – Z.M.). “İnsana çoxmu şey lazımdır?”. Beləcə, qəm hopub içimə, rəngim saralıb, gözüm yumulub...

Yetər, indi bütün sviterlərimi üstüstə geyinib qonaq gedirəm. Səhifənin boş qalan hissəsini qayıdandan sonra yazaram (müəllif sinif jurnalı ölçücündə olan dəftər-gündəliyin növbəti səhifəsini tam doldurmadığına işarə edir – Z.M.).

... Təxminən 35 dəqiqə Əhədlə yayaq gəzərək maestrodan söz saldıq: Onun mövqeyini anlamaq olmur – türklərlə tutaşırsansa, bizimlə, “Arşın mal alan”la nə işin var? Məşqə başlarkən tempi elə götürür ki, matəm marşı bu tempin yanında “Mazurka” təsiri bağışlayır. Sonra da çıxıb gedir. Mənə elə gəlir ki, O, çox yorulduğundan məşqlərə də hazırlaşmır. Bir də, axı o, heç vaxt nə operaya dirijorluq edib, nə də operettaya.

Başqaları kimi, İlhanın da qonaqlığında çoxlu salat, göy-göyərti vardı. Doyurucu yeməklərdən toyuq-plov verdilər. Qadın-madın yox idi. Teatrdan Oğuzla Engin (səhnə müdiri) gəlmişdilər. “Arşın mal alan”dan söz düşərkən, onlar da Cahiddən nigarançılıqlarını dilə gətirdilər. Dram aktyorları arasından ona əvəz axtarsalar da, məsələ qaranlıq qaldı.

İlhangildə bütün dişlərim sızıldayırdı. Nə yaxşı ki, özümlə soda götürmüşdüm – tez-tez qaçıb ağzımı qarqara etdiyimdən ağrı dözüləsi həddi keçmədi.

Ortabab ziyalılar qədər qazansa da, İlhanın zövqlə bəzənib-düzənmiş mənzili var. Özünün də xeyli əsəri gözə dəyir. Çiçək və otlardan hazırladığı kompozisiyanı bəyəndim – “a la herbari” idi, amma özəl kolorit və rəngiylə.

“Rakı” çənələrini gəvşətdiyindən maestronun “Gençlik Parkı”nda su velosipedinə minməsini gülməcə kimi danışıb, məzələndilər... Lovğalığına görə onu sevmirlər.

... Otel odasına girəndə, titrətmə tutdu məni, amma isti su gəlmirdi. Bu üzdən soyuqdəyməni “qovmaq” prosedurunu sabaha saxladım. Otaq soyuqdur... sviter əynimdə yatacağam. Başqa cür mümkün deyil...

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG