Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

«Mur-ay» MMC-nin məhkəmə işində 800-dən artıq zərərçəkən var


Foto: Arxiv
Foto: Arxiv
Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Mur-Ay» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sədri Elxan Hüseynovun, müavini Qabil Sultanovun, «Azərbaycan» Nəşriyyatının direktor müavini Qalib Məmmədbəylinin və daha bir neçə nəfərin məhkəməsinə hazırlıq iclası başlayıb. Onlar dələduzluqda təqsirləndirilirlər.

İclasa hakim Eldar İsmayılov sədrlik edir.

Müttəhimlərin vəkilləri vəsatətlərlə çıxış ediblər. Onlar bildiriblər ki, müstəntiqlər ibtidai istintaq zamanı qanun pozuntularına yol veriblər, eyni adamları əvvəlcə şahid, sonra isə zərərçəkmiş qismində dindiriblər. Vəkillər müvəkkilləri barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün də vəsatət qaldırıblar.

Hazırlıq iclasında 15 nəfər zərərçəkmiş iştirak edib. Onlar təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmasının əleyhinə çıxıblar. Məsələn, istintaq orqanının zərərçəkmiş kimi tanıdığı Əlibəy Quliyev bildirib ki, o, tutulan adamların həbsdə qalmasını istəmir. Ancaq gərək həmin adamlar əvvəlcə onun mənzil almaq üçün ödədiyi pullarını geri qaytarsınlar. Əks halda, o, tutulan şəxslərin həbsdə qalmasını tələb edib.

Hazırlıq iclası davam edir.

İttiham aktında deyilir ki, Elxan Hüseynov Qalib Məmmədbəyli və başqaları ilə əlbir olaraq Yeni Yasamal massivində inşa etdirdikləri binalardakı eyni mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satıb. Vergilər Nazirliyinin yoxlamaları nəticəsində MMC-yə daxil olan pulların vergidən gizlədildiyi də aşkar edilib.

İş üzrə zərərçəkmişlərin sayı 800 nəfərdən artıqdır.

Vəkillərin bildirdiyinə görə, ittihamlar məhkəmə yolu ilə sübuta yetirilərsə, təqsirləndirilən şəxslərə 5 ildən 12 ilədək həbs cəzası verilə bilər.
XS
SM
MD
LG