Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:49

Ə. Əhmədov: «Müxalifətin 8 aprel mitinqi iflasa uğrayıb»


«Hesab edirəm ki, müxalifətin 8 aprel mitinqi iflasa uğrayıb. Mitinqdə iştirak edənlərin sayının mitinqi təşkil edən partiyaların sayı ilə müqayisə etsək, məlum olar ki, hər partiya aksiyaya orta hesabla 20-30 nəfərdən artıq adam gətirə bilməyib. İctimai Palatada, müxalifətdə təmsil olunan təşkilatların əksəriyyətinin birləşərək təşkil etdikləri mitinqə insanlar dəstək vermədi. Bu amil müxalifətin mitinq taktikasının və mitinq həvəsinin növbəti iflasından başqa bir şey deyil».

Bunu yap.org.az saytına açıqlamasında partiya sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, bu hadisə Azərbaycan vətəndaşlarının müxalifətə və onun mitinq istəklərinə tamamilə biganə yanaşmasının ifadəsidir. Azərbaycan cəmiyyətinin ötən illər ərzində dəfələrlə müxalifəti dəstəkləmədiyini bəyan etdiyini xatırladan Ə. Əhmədovun fikrincə, Azərbaycan cəmiyyəti son mitinqə münasibətini ifadə etməklə müxalifəti dəstəkləmədiyini, ondan hər hansı fayda gözləmədiyini daha aydın şəkildə ifadə edib:

«Azərbaycan cəmiyyəti, vətəndaşlarımız müxalifəti dəstəkləmədiyini, ona inanmadığını bundan aydın şəkildə daha hansı formada bəyan etməlidir? Müxalifət bir ay əvvəl böyük kampaniya aparıb aprelin 8-də mitinq keçirmək istəyini ortaya qoymuşdu. Nəticə göz qabağındadır. Hesab edirəm ki, müxalifətin təşkilatçılığı altında kütləvi mitinqlərin keçirilməsi ehtimalı sıfıra bərabərdir. Proseslər göstərir ki, bundan sonra müxalifət yenə də mitinq keçirmək cəhdində bulunsa, nəticə fərqlənməyəcək, əksinə, onlar üçün daha acınacaqlı olacaq».

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları bu gün həyatından, güzəranlarından məmnundurlar. Onun fikrincə, insanlar ölkənin həyatında, iqtisadiyyatında baş verən dəyişikliklərin faydasını görürlər.

«Bu, mücərrəd sözlər deyil, hər bir vətəndaşın həyatında ölkəmizin inkişafının nəticələri əksini tapır. Təbii olaraq, bunun müqabilində müxalifət Azərbaycan vətəndaşlarının diqqətini cəlb edə biləcək nəsə vəd edə bilmir. Buna görə də, insanlar müxalifətin arxasınca getmir və getməyəcək. Ən azı indiki müxalifətin timsalında Azərbaycanda az-çox əhəmiyyəti olan hər hansı siyasi prosesin baş verməsi qeyri-mümkündür. Azərbaycan müxalifəti mənəvi cəhətdən qocalıb. Cəmiyyətimiz isə gəncləşir, inkişaf edir. Ona görə də cəmiyyətlə mənəvi cəhətdən qocalmış müxalifət arasında çox böyük ziddiyyət yaranıb. Müxalifət bu ziddiyyəti dərk edə bilmir, özünün qocaldığını başa düşmək istəmir. Bütün bunlara rəğmən belə müxalifəti Azərbaycan cəmiyyətinin dəstəkləməsi qeyri-mümkündür».
XS
SM
MD
LG