Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Keçmiş çilingər qaz idarəsinin rəisini məhkəməyə verib


Sayğac
Sayğac
-
«RƏİS ATAMI QAZ PULU YIĞMAĞA MƏCBUR EDİRDİ»

Astara rayon sakini, Astara rayon Qaz İstismar İdarəsinin keçmiş çilingəri Ələkbər Nəzirov qanunsuz işdən çıxarılmasından şikayətçidir. Səhhətində problem olması səbəbindən efir üçün danışa bilmədiyinə görə onun problemini AzadlıqRadiosunun «Qaynar xətt»inə oğlu, həmin idarədə gözətçi işləyən Vahid Nəzirov çatdırır. Deməsinə görə, atası Ələkbər Nəzirov Astara rayon Qaz İstismar İdarəsində qaz avadanlıqlarının təmiri üzrə 39 il çilingər işləyib. Ötən ilin sonunda idarəyə rəis təyin olunmuş Zahir Rzayev bu ilin martında Ələkbər Nəzirovu işdən çıxarıb. Vahid Nəzirov deyir ki, yeni rəis onun atasını abonentlərdən qaz pulu yığmağa məcbur edib. Atası çilingər işlədiyindən bu işin onun vəzifəsinə aid olmadığını bildirib. Buna görə də rəis onu işdən çıxarıb.

RƏİS BARƏDƏ 50 VƏRƏQLİK FAKT?

Vahid Nəzirov: «Yeni rəis gəldiyi gündən köhnə işçilərlə yola getmir. İclas keçirib atama yersiz töhmətlər verdi. atam fevralın əvvəlində səhhəti ilə əlaqədar məzuniyyətə çıxdı. Fevralın 29-da işə qayıtdı. İki gün işə çıxandan sonra rəis dedi ki, mən səni işdən çıxartmışam, daha idarəyə gəlməyinə ehtiyac yoxdur. Qazpulu yığmaq mənim atamın işi deyil, rəis isə atamı məcbur edirdi ki, qapı-qapı düşüb qazpulu yığsın. Atam da onun dediyini etmirdi».

Vahid Nəzirov deyir ki, atasının qanunsuz işdən çıxarılması ilə əlaqədar idarə rəisini məhkəməyə veriblər:

«Məhkəməyə rəisin qanunsuz hərəkətlərinə dair 50 vərəqdən ibarət faktlar da təqdim etmişik».

«SAYĞACLARA MÜDAXİLƏ EDİRDİ»

Astara rayon Qaz İstismar İdarəsinin rəisi Zahir Rzayev keçmiş çilingərin iddialarını qəbul etmir:

«Veriblər məhkəməyə, biz də öz tərəfimizdən lazım olan sənədləri məhkəməyə göndərmişik. Məhkəmə özü araşdıracaq. Ələkbər Nəzirovun işdən çıxarılmasına səbəb olan sadəcə bir-iki faktı deməklə kifayətlənirəm. Mən idarəyə rəis təyin olunandan 3-4 gün sonra abonentə zəng etməkdən çaşıb mənə zəng etmişdi, deyirdi kənar xətti ordan yığışdır, təzə rəis gəlib, hər şeyi bir-bir özü yoxlayır. Sayğacların üstündən dövlət möhürünü qırırdı, sayğaclara müdaxilə edirdi. Özündə plombvuran var idi, sonra da həmin plombvuranla plomb qoyurdu. Belə faktlar çoxdur. Dəfələrlə xəbərdar olunub, töhmət verilib, xeyri olmayıb».

Vahid Nəzirov məhkəmədə işə bərpa olunması ilə bağlı iddiasına nail olacaq ya yox, bunu məhkəmənin sonunda biləcəyik.
XS
SM
MD
LG