Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Ombudsman Aparatı 8 aprelə görə saxlananlarla görüşüb


Ombudsman Aparatının əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində 8 aprel mitinqinə çağırış vərəqələri yayarkən saxlanan 7 nəfərlə görüşüb.

Ombudsman Aparatının saytında yerləşdirilmiş məlumatda bildirilir ki, onların saxlanılma şəraiti araşdırılıb.

«Araşdırma zamanı müəyyən edilib ki, burada saxlanılan 7 nəfər barəsində Bakı şəhərinin ayrı-ayrı rayonlarında 8 aprel mitinqinə çağırış vərəqləri paylayarkən polisin qanuni tələblərinə tabe olmamaq səbəbindən İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə ayrı-ayrı məhkəmələrin qərarlarına əsasən inzibati qaydada həbs seçilib».

Saxlanılanlardan Teymur FərzəliyevQabil Qafarov barələrində seçilmiş inzibati həbs müddətinin bitməsi ilə bağlı bu gün sərbəst buraxılacaqlar.

Ümumilikdə saxlanılanlar saxlanılma şəraiti və məntəqə əməkdaşlarının rəftarından şikayət etməyiblər. Eyni zamanda, saxlanılanlar hər hansı pozuntuya yol vermədiklərini, onlardan ikisi isə ilkin tutulma zamanı polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiklərini bildiriblər.

«Müvəkkil məsələlərin araşdırılması, müvafiq tədbirlər görülməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması və nəticəsi barədə ona məlumat verilməsi məqsədilə daxili işlər nazirinə müraciət edib».

Saxlananların vəkili Əsabəli Mustafayev bildirib ki, onlar vərəqə paylanarkən saxlanılsalar da sonradan polisə müqavimət göstərməkdə ittiham olunublar. Vəkil polisdə saxlananların söyüş və təhqirlərə məruz qaldıqlarını, onlara vəkilləri, yaxınları ilə əlaqə saxlamaq imkanı verilmədiyini də bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə vəkilin dediklərini əsassız adlandırıb. Bildirib ki, «əgər həm saxlananların, həm də müdafiə tərəfinin polisə qarşı yönəlmiş ittihamlarla bağlı sübutları varsa, Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər».
XS
SM
MD
LG