Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:09

«Siyasi partiyalar haqqında» qanuna dəyişiklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub


«Siyasi partiyalar haqqında» qanuna dəyişiklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, iclasda parlamentdə təmsil olunan siyasi partiyaların və ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak ediblər.

Layihədə qeyd olunur ki, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir, partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca göstərilir. Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Siyasi partiyalar MM-ə seçkilərdə siyasi partiyalar bloku şəklində iştirak etdikdə, ayrılan bu vəsait yuxarıda göstərilən qaydada hər bir siyasi partiyaya ayrıca verilir. Büdcədən ayrılan vəsait müvafiq icra hakimiyyəti orqanı tərəfindən rüblər üzrə bərabər hissələrlə siyasi partiyaların bank hesablına köçürülür. Partiyalar dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdikdə, həmin vəsait dövlət büdcəsində qaytarılır. Başqa bir dəyişikliyə görə, siyasi partiyaların ianə qəbul etmək hüququ var. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında qeyd edilməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidir.

Siyasi partiyaların aşağıdakılar tərəfindən maliyyələşdirilməsi o cümlədən ianələr qəbul etməsi qadağandır: dövlət orqanları və digər dövlət qurumları, bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər, fondlar, dini qurumlar və hüquqi şəxslər.

Layihədə o da qeyd olunur ki, məhkəmə siyasi partiyanın ləğvi barədə iş üzrə qərar qəbul edilənə qədər müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həmin partiyanın fəaliyyətini dayandıra bilər.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG