Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:29

CAVİDAN "Tarladakı qadınlar" (20-likdən hekayə)


Cavidan
Cavidan
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


CAVİDAN


TARLADAKI QADINLAR


Elə bilirdi, gün heç vaxt bitməyəcək.

Günəş başının üstündən çəkilmək bilmirdi, elə bil yaxşı bişməmiş gözlük yumurta idi, yapışıb qalmışdı yağı az düşən allüminium tavanın ortasına, əlinə çəngəl keçsə, Göyün üzünü cızım-cızım edərdi, bu nəhəng gözlüyün ağını sarısına qatardı, bu ucuz tavanı qaşıyardı barmaqları taa yorulub qırılana kimi...

- Sənuu, - çağırdılar, - ay Sənubəəər!

- Gəldim, - dedi, rəngi solmuş çit süfrənin bir küncündəki balaca tavanın dibində görünən yağ ləkəsini də əlindəki son çörək tikəsiylə silib cəld ağzına apardı və çörək tikəsi boğazına çatmamış süfrəni tava qarışıq büküb sellofan torbaya soxuşdurdu, - kimin də nəyi var, yığıb e bu sellofana, eşşək yüküdü elə bil!

- Sən yumurta yeməkdən birtəhər olacaqsan axırı, - dedilər, deyəndə də güldülər hələ bir.

- Dedilər, filankəs acından öldü, dedi, varıydı ki, yemədi?! – hikkəylə əyri belini çiyninə aşıraraq cərgənin sonundakı yerini tutdu.

- Başa düşmədim, kim dedi, kimə dedi, kim acından öldü? – soruşdular.

- Eee, heç kim, misaldı daa! Söz demək olmur e! – ilk zərbədəcə bir pomidor tağını ikiyə böldü, həmən də ətrafına boylandı ki, görsün, bunu görən oldumu.

- Misaldı, yox bir, məsələdi! – güldülər ona, - gözlə, indi Rəsul gəlib həll eləyəcək.

- Bax, xəbər verəni söymüşəm! – qırdığı tağın kəsik yerini yenidən torpağa əkdi ki, bilinməsin.

- Allah vurub onu! - dedilər və başlarını bellərinə salladılar, belləri cadar-cadar olmuş torpağın üstündə tak-tuk oynayınca da unutdular dünyanı, istinin, işin, tarlanın ritminə düşdülər, əllərini, ayaqlarını, bədənlərini, başlarını eyni bir ahəng eyni bir dalğaya adlatdı da apardı özüylə - tak-tuk, tak-tuk, tak...

***

Qıpqırmızıydı lalələr.

Yamyaşıl otların arasından tək-bir, cüt-bir boylanırdılar.

Göyün üzündə tərtəmiz, par-par yanan Günəş vardı, Yerin üzündə o idi, Savaş idi, sevgiləri idi, ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.

Nə pomidor tarlası vardı, nə zəhlətökən alaq otları, nə köhnə allüminium tava, nə də az qala maşın yağı dadı verən maye damlalarının üstündə bişib gözə girən yumurta gözlüyü.

Heç müharibə də yox idi...

***

- Savaşdan nə xəbər var? – soruşdular, onu xəyallarından ayıldaraq.

- Heç bir xəbər yoxdu, - belini yerə dayayıb, belini dikəldərək dedi, - elə keçən ay televizorda görünəndi, daha heç nə.

- Bəxtəvərin oğlu məktub-filan da yollamır, - dedilər, Savaşı qınayaraq.

- Onun məktub yazmağa vaxtımı olar indi? – dedi, gözləri yol çəkərək, - müharibədi e bu, “xalabacı” oynamaq deyil!

- Arifin oğlu gəlib, Sultanağa yoxdumu? Deyir, ön cəbhədə o qədər qız-gəlin var ki, əsgərlər elə səngərdən-səngərə axtara-axtara qalıblar kəndçilərini-filan, - dedilər, bir-birlərinə göz vurub, ona işarəylə gülərək, - heyf, bizim kənddən hələ gedən yoxdu.

***

Üzləri üzdə deyildi heç birisinin.

Üzlərini, başlarını möhkəm-möhkəm sarımışdılar pambıq yaylıqlarla, Gün dəyməsin, ləkə düşməsin, qaralmasın deyə.

Əyinlərində köhnə kişi paltarları vardı – rəngi getmiş şalvarlar, sapı qaçmış köynəklər.
Ayaqları uzunboğaz rezin çəkmələrdə it-bat olmuşdu, əllərində fəhlə əlcəkləri saralırdı.
Gülmək üçün qəhqəhə çəkməli, ağlamaq üçün hönkürməli idilər.

Təbəssümləri, qəhərləri bilinmirdi, görünmürdü, niqab altında dustaq olmuşdu.
Bir-birlərinə bənzəyirdilər...

***

- Bax, Sultanağa, sən mənim sinif yoldaşım olmusan, Savaşın da ən yaxın dostlarındansan, - oğlanın sağ ayağının dizindən aşağısından gözünü çəkə bilməyərək, udqundu, - de görüm, onu oralarda heçmi görmədin?

- Yox, Sənu, - Sultanağa da gözlərini onun nəzərlərinə pərçim edərək, qəhərini uddu, - ora bəyəm balaca bir yerdi ki? Cəbhədi, döyüş meydanıdı, atışma başlayanda özün özünü tanıyıb tapa bilmirsən, qaldı ki...pomidor tarlası deyil e ora, ay qız?!

- Sultanağa, mən o qədər narahatam ki axır günlər! – gözlərindən yaş sel kimi axdı oğlanın sağ ayağının dizindən aşağı, - Sultanağa, ondan heç bir xəbər yoxdu!

- Narahat olma, - oğlan masanın üstündən siqaret götürüb alışdırdı, titrəyən barmaqlarıyla Sənubərin gözlərindən axan yaşı silməyə cəhd elədi, bacarmadı, - onların batalyonu Ağcabədi tərəfdəydi, axırıncı dəfə ordan soraq bilmişəm, yəqin döyüşürlər, indi orda baş qarışıqdı, vaxt tapan kimi yazacaq sənə yəqin.

- Qorxuram, elə bilirəm nəsə var başında, amma mənim xəbərim yoxdu, - ayağa durub getməyə hazırlaşdı, oğlanın da onu ötürmək üçün qalxmaq istədiyini görüncə, əlini çiyninə qoydu, - yox, sən durma, bağışla, anan dedi uzanmısan, qulaq asmadım, dedim, onu görməsəm, tərpənməyəcəm qapınızdan.

- - Yaxşı, - Sultanağa gülümsəyib, yastığına dirsəkləndi, - get, bir xəbər bilsən, mənə də mütləq de, özüm çətin daha kəndə-kəsəyə çıxam, ən azından, ayaqsızlığa öyrəşməyim lazımdı hələ.

- Öyrəşərsən, - axmaq bir söz dediyinin həmən fərqinə varıb, cəld qapıdan çıxdı, özünü Sultanağanın alaqapıdakı kənd arvadlarıyla dərdləşən anasının üstünə atdı, hönkürdü, - Ayna xala, bağışla məni, gərək onu narahat eləməyəydim, qıçlarım sınaydı, gəlməyəydim gərək, belə görməyəydim onu...

***

Qıpqırmızıydı qan laxtaları.

Yamyaşıl otların arasından tək-bir, cüt-bir boylanırdılar.

Göyün üzündə qan-qırmızı Günəş vardı, Yerin üzündə o idi, Savaş idi, sevgiləri idi, ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.

***

- Gecə gəlib xeyli pomidor oğurlayıblar, - dedilər, - biz dünən Rəsula ha dedik, dərək, bitsin, qulaq asmadı, icazə vermədi, indi bax, düşdük ziyana!

- Hər gün heç olmasa, adama bir təndir çörəyi aparırdıq yetimlərə, onu da Xudavəndi-aləm çox gördü bizə, - dedilər sonra.

- Rəsul özünü qudurmuş it kimi aparır! Qul kimi işlədir adamı, səkkiz-doqquz saat can veririk gün altında, evdən-eşikdən xəbərimiz olmur, gedəndə bircə dənə qara-qura çörək verir, öz arvadının, uşağının harasını sıxsan, yağ çıxar amma! – bunu da dedilər, - Allah elə kasıb üçün kəsib də, ona nə var e, Sovetin vaxtında da camaat onun fəhləsiydi, indi də!

- Allahın qaravulçusunu da tutmağa canı çıxır, bir kaftar itlə bu boyda tarlanı necə qorumaq olar, bilmirəm! – deyindilər daha sonra, - Allah bilir, o yazıq iti də xəsisliyindən ac saxlayır elə!

***

- Eşşəksən e sən, it deyilsən! Ölmüsən elə! Bir bütöv çörək verirəm hər gün sənə, gözündən gəlsin görüm! – Rəsul ağaca bağladığı qoca köpəyin üstünə çöməldi, - dayan, indi özüm sənin gözündən gətirərəm!

Bir dizi üstə çöküb, qollarını, sinəsini cırmaqlamağa çalışan itin ayaqlarını allüminium məftillə möhkəmcə sarıdı, zingiltisi hürməsinə qarışmış heyvanın başına bir təpik ilişdirib, daha sonra halsız bədəninin üstünə əyildi, bir əliylə alt çənəsindən yapışıb, o biri əlinin iki barmağını burun deşiklərinə salaraq, o yana-bu yana dartmağa başladı, it vurnuxdu, amma Rəsulun əllərindən qurtula bilməyib çarəsizcə qıvrıldı, bircə dəqiqədən sonra onun çənələri bir-birindən ayrılıb qırılmışdı, qapanmasın deyə ağac parçası dayanmış ənginin hər iki tərəfindən yerə qan damlaları süzülməyə başlamışdı.

Rəsul yaxınlıqdakı xəndəkdən bir topa köhnə parafin gətirdi, onları bir ağac parçasının başına toparlayıb bağladı, sonra bu topaya od vurub, yenə itin üstünə əyildi, əriyib tökülən parafini itin boğazına, burun deşiklərinə, gözlərinin içinə tökməyə başladı...

***

- Oğru kimdir görəsən, - soruşdular maraqla, - aparmağı bir yana, nə qədərini də əzib zay eləyib.

- Oğru birdimi, ikidimi, - cavab verdilər inamla, - odey, Allahverdinin qızının cehizlik məcməyisini-qazanını aparıblar eyvanın başından, misdi, allüminiumdu, hamısını qızıl kimi sandıqlayıb saxlayasan gərək indiki zamanda, vallah, iki daşın arasından itir hər şey.

- Mənim tavam da itib, - dedi Sənubər, - elə sellofanın içindən götürüblər, günün günorta çağı, biz o biri xəndəyin yanında işləyən vaxt, bapbalaca tavaydı da, köhnə, əyri, kimin nəyinə lazım olub, bilmirəm.

- Ay qız, metal kimi satırlar da, kiloyla çəkirlər, verirlər adamlar var, onlara, görmürsənmi, maşın-maşın aparırlar İrana, orda da deyir, velosiped düzəldirlər onlardan, həə, əridirlər dəə, - dedilər, - camaat işıq məftillərini satır e, bu kənd o kəndinkini oğurlayır gecəylə, o kənd bu kəndin.

- Yəqin elə bu pomidoru da kimdisə, başqa kənddən gəlib aparıb, tək də olmayıb, adam gərək şir ürəyi yesin ki, Rəsulun ipinə ilişsin, - əlavə elədilər, - vallah, bizim kənddə elə uşaq tapılmaz.

- Neyləsin e camaat, aclıqdı da! – dedilər sonra.

***

Qıpqırmızıydı pomidorlar.

Yamyaşıl tağların arasından tək-bir, cüt-bir boylanırdılar.

Göyün üzündə sapsarı Günəş vardı, Yerin üzündə onlar idilər, savaş idi, sevgiləri idi, ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.

Elə bilirdilər, gün heç vaxt bitməyəcək...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG