Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28

Seçkidə qeydə alınan pozuntulara inzibati məhkəmələr baxa bilər


Azərbaycanda seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilir. Bununla əlaqədar olaraq İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə əlavə və dəyişikliklər edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, inzibati Prosessual Məcəlləyə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatla bağlı yeni fəsil əlavə olunur.

Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətinə, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.

İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu qəbildən olan işlərə mülki icraat qaydasında baxılır. Yeni dəyişikliklərlə əlaqədar olaraq Mülki Prosessual Məcəllədən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat hissəsi çıxarılır.

Qanun layihəsi bu gün – aprelin 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG