Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Jurnalistlər Bakı istintaq təcridxanasına köçürülüb


«Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb. Aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Onun sözlərinə görə, jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər.

«Turan»a danışan vəkil Zaur Quliyevin səhhətində yaranmış problemlərdən ciddi narahatlıq keçirdiyini deyib: «Onda mədə xorası var. Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Zaur Quliyev təxirə salınmadan müalicə olunmalıdır».

Jurnalistlər Qubanın icra başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamaqda ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə iş açılıb.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
XS
SM
MD
LG