Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17
«Məhəmməd Füzulinin İmam Hüseynin ayağı altında dəfn olunması fikri yanlışdır».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yazıçı-jurnalist Zakir Sadatlı söylədi.

İki il əvvəl İraqa səfər edən jurnalist bu barədə Azərbaycan Televiziyasında «Gündoğandan-Günbatana» adlı 6 sənədli film də hazırlayıb. Bir az əvvəl isə onun səfər təəssüratlarını əks etdirən «İraq olsun» adlı kitabı çapdan çıxıb.

FÜZULİ HAQQINDA BİLDİKLƏRİMİZ...SƏHVDİR

Ərəb və türkmən alimləri ilə söhbətlər edən və bu söhbətləri lentə alıb Azərbaycana gətirən Zakir bəy maraqlı bir nəticəyə gəlib: «İndiyədək Füzuli barəsində apardığımız araşdırmalar bir daha nəzərdən keçirilməlidir. Məlumatsızlıqdanmı, ya nədənsə indiyədək Füzuli haqqında olan informasiyalar, xüsusən də həyatı və tərcümeyi-halı ilə bağlı məlumatlara ədəbiyyatşünaslarımız yenidən baxmalıdır. Füzuli haqqında bildiklərimiz təəssüf ki, səhvdir».

FÜZULİNİN QƏBRİNİN ÜSTÜNDƏ SU HOVUZU TİKİBLƏR

​Zakir Sadatlı Məhəmməd Füzulinin məzarının İmam Hüseynin məzarından xeyli aralıda olduğunu dedi: «1979-cu ilə qədər Füzulinin məzarı böyük Bəktaşilər nəslinin nümayəndəsi olan və Dədə Bəktaşi deyilən bir şəxslə eyni günbəzin altında olub. İmam Hüseyn məqbərəsindən bir xeyli aralıda. Bu məzara qulluq edən Niyazi adında bir şəxs olub—ona kiliddar deyirlər—həmin adam bolqar türkü imiş. 1978-79-cu illərdə məzarı söküblər, günbəzi götürüblər - bunu həm ərəb, həm türkmən alimləri təsdiq elədi, Məhəmməd Mehdi Bayat adlı Füzulişünas alim də. Deyilənə görə, Füzulinin də, Dədə Bəktaşinin də cəsədi orada qalıb. Üstündə su hovuzu tikiblər. Mən o hovuzu da lentə almışam. Hovuzun içində bir gəmi maketi də düzəldib qoyublar—guya Nuhun gəmisidir...».

FÜZULİYƏ SİMVOLİK BAŞDAŞI QOYULUB

Zakir bəyin dediyinə görə, həmin dövrdə Türkiyə bu məsələyə qarışıb və etirazını bildirib: «Bu etirazdan sonra su hovuzundan xeyli aralıda simvolik bir başdaşı qoyublar ki, guya bu, Füzulinin qəbridir. Əslində isə Füzulinin məzarı bu gün Kərbəlada—İmam Hüseynin məqbərəsinin yaxınlığında su hovuzunun altındadır».

FÜZULİ DİKTATURA REJİMİNİN QURBANI OLUB

Aparıcının: «Bunu etməkdə bir səbəb vardımı, axı hamı bilir ki, Füzuli dahi türk şairidir. Belə bir şairin kiminsə torpağında yatması ölkənin qürur qaynağı olmalıydı»—sualını Zakir Sadatlı belə cavabladı: «Bu, İraq rejiminin təbiətindən doğan bir məsələdir. O illərin siyasi mənzərəsi haqqında yəqin məlumatınız var. O dövrdə belə münasibət təkcə türkmənlərə, başqa xalqlara deyil, ərəblərin özünə də qarşı yönəlmişdi. Bu məsələ diktaturanın—tiranların təbiətindən doğan bir məsələ idi. Füzuli də həmin məsələnin qurbanı olub».

FÜZULİNİN ƏMİZADƏLƏRİ İLƏ GÖRÜŞDÜM
Füzuli

Füzuli


Zakir Sadatlı Füzulinin mənsub olduğu tayfanın Kərkükdən 80 km. aralıda Karanaz köyündə yaşadığını söylədi: «Füzulinin əmizadələri Qaryağdı soyadını daşıyırlar. Kərkük yaxınlığındakı Tazə Xurmatı adlanan bir qəsəbədə yaşayırlar. Mən bu nəslin bir neçə nümayəndəsi ilə görüşdüm. Kərkük şəhərində yaşayan Vəli Yağmurun—o da Füzuli nəslindəndir—evinə də getdim, ailəsi ilə tanış oldum, hətta onun sazını da dinləmək qismətim oldu».

KƏRKÜKDƏ FÜZULİ MƏHƏLLƏSİ VAR

Zakir Sadatlı Füzulinin Azərbaycandan getməsinə də şübhə ilə yanaşır: «Bu bir az mübahisəli məsələdir. Həqiqətə uyğun deyil. Əslində Füzulinin nəsli Kərkük ellərindən bu yerlərə gəlib. Türkmənlər yaşayan ərazilərdə bu gün kifayət qədər Bayat adını daşıyan tayfalar var, adamlar, kəndlər var. Bu onu göstərir ki, həmin arenada həm yayılmasına, həm də çoxluğuna görə həmin tayfa yerlidir, oralıdır. Füzuli özü doğulub Hillədə. Kərbəlada doğulmayıb. Amma Füzulinin atası Kərkükdən gedib. Orada Kərkük qalası var. Böyük qaladır—bir şəhər boyda. Həmin yerdə indi də Füzuli məhəlləsi var. Həmin qalada 4 peyğəmbər dəfn olunub».

BAX, BU BİZİK!

Yazıçının fikrincə, Kərkük şəhəri və orada yaşayan insanlar bizim ilkinliyimizdir: «Əgər türk xalqlarının ilkinliyinə nəzər salmaq istəyirsinizsə, mütləq onları görməlisən. Onları görəndə, insan özü—özünü görür. Sanki ruhun sahilinin o biri tayını görürsən və deyirsən—bax, bu, bizik».

SƏN DEMƏ, RƏSSAM FÜZULİNİ DÜZ TƏSVİR EDİBMİŞ...

Aparıcının: «Füzuli nəslindən olanlar babaları barədə nə danışırlar, Füzuli onlara yaxındır, ya uzaq» - sualı belə cavablandı: «Təbii ki, yaxındır. Füzuli ilə qürur duyurlar. Füzulinin əmizadələrindən biri ilə tanış oldum. Onlara Qaryağdılar deyirlər. Həmin əmizadə eynən Füzuliydi. Şəkillərini kitablarda gördüyüm Füzuli. Füzulinin mənsub olduğu əşirət iki qoldan ibarətdir. Biri Bayatlar, o biri Qaryağdılar. Orada məndən soruşdular ki, sizdə Qaryağdı kəndləri-köyləri varmı? Gələndən sonra bildim ki, Gəncə yaxınlığında bir zamanlar Qaryağdı kəndi olub».

İMAM HÜSEYN MƏQBƏRƏSİNDƏKİ FÜZULİ GUŞƏSİ

Zakir Sadatlı İmam Hüseyn məqbərəsindən də danışdı: «Məqbərənin 10 qapısı var. Onlardan biri «Qiblə qapısı» adlanır. Ora girəndə sağ tərəfdə birinci qapı Füzuli guşəsidir. Şəklini də qoyublar, harada doğulduğunu qeyd ediblər».

KƏRBƏLADA FÜZULİ ARXI...

Verilişimizin qonağı Fərat çayından Kərbəlaya gələn bir arxdan da danışdı: «Bu arxı vaxtilə Qanuni Sultan Süleyman Füzulinin xahişi ilə çəkdirib. Əsrlər boyu həmin arx Füzuli arxı adlanıb. Sonradan İmam Hüseyn arxı deyiblər...».

FÜZULİ O TORPAQLARA MƏXSUSDUR

Zakir Sadatlı Füzuli sevgisinin azlığından da şikayətləndi: «Təbii ki, Füzulini bizdə daha fundamental şəkildə araşdırıblar. Füzulini sevmək lazımdır. Amma bizim sevgimiz azlıq edir. Füzuli üçün nə isə etmək lazımdır».

Qonağımız Füzulinin məzarını Azərbaycana gətirməyin də əleyhinədir: «Gətirmək mümkündür. Amma mənim təəssüratlarım göstərdi ki, şairin qəbrinin orada qalması daha məqsədəuyğundur. Çünki Füzuli köklü şəkildə o torpaqlara bağlı adamdır».

FÜZULİNİ DUSTAQLIQDAN QURTARMAQ LAZIMDIR

Aparıcının «bəs axı məzarı hovuzun altındadır» söylədiniz—sualının cavabında Zakir Sadatlı: «Təbii, onu mütləq dustaqlıqdan azad etmək lazımdır»—dedi.

- Zakir Sadatlı İraq səfərindən daha nələr söylədi? Onu kimlər girov götürdü? Kitab niyə «İraq olsun» adlanır?

«İz» proqramını elə buradan dinləyin.


Şərhləri göstər

XS
SM
MD
LG