Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:45

Lalə Məhərrəmli. Bir mən, bir gecə


.
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik.

Lalə Məhərrəmli 1987-ci ildə anadan olub. Şeir yazmağa birinci sinifdən başlayıb.

Şeirlərini ilk dəfə şair İbrahim İlyaslı oxuyaraq bəyənib. Qafqaz Universitetinin Hüquq Fakültəsinin Beynəlxalq münasibətlər bölümünü bitirib.

İndiyə qədər 6 müsabiqədə iştirak edib. Universitet daxilində keçirlən şeir müsabiqələrində 2 dəfə qalib olub. Bundan başqa Kultaz.com saytında keçirilmiş "9 ay müsabiqəsi"ndə ikincilik qazanıb.



Lalə Məhərrəmli


MƏN EVDƏ OLMAYACAM

Bəsdir daha, uzun çəkdi bu həsrət.
Aylar, illər üzümüzə şiniyir.
Sabah yığış,
yığış bizə qonaq gəl.
Gözümdə gözünün yeri göynüyür.


Ünvanımız köhnə ünvan,
Bilirsən.
Binamızı, qapımızı bilirsən.
Yollar üstə axtarmasın gözlərin.
Sən gəldiyin yol üstə durmayacam.
Məni ki, hamıdan yaxşı bilirsən.
Sən gələndə
Mən evdə olmayacam.


Bilirəm evlənmisən,yoldaşını
Götür gəl.
Bilirəm balan da var, balanı da
Götür gəl.
Evcik – evcik oynasın
Balan mənim balamla.
Yemək də var, çay da var.
Yoldaşın süfrə açar...
Sən oturub söhbət et, tanış ol
Yoldaşımla.
Mən evdə olmayacam.

Arada qalx ayağa,
Yoldaşından, yoldaşımdan xəlvəti
Gəz evin künc bucağın.
Axtar məni o evdə.
Qoxla əşyalarımı.
Donsun əlin – ayağın.
O iydən anlayarsan, necə özgələşmişəm
O iydən anlayarsan
Doğurdan dəyişmişəm.
Sən evimdə olanda
Mənim əşyalarımdan
Sən məni qoxlayanda
Mən evdə olmayacam.
Olmayacam deyirəm
Bir də axı nə bilim
Bəlkə evdə olacam
Olsam da düşünmə gəl.
Mən o mən olmayacam.


BAŞINA DÖNÜM

Dönür, özlərinə dönük çıxanlar.

Dönür, dönüklərin başına dönür.

Başı olanlardan çevrilən üzlər

Başı olmayanın başına dönür.


Kiminin dönəndə yanır işığı.

Kiminin işığı döngədə sönür.

Yerdən yüksələnlər əyilib qat –qat

Yerə girənlərin başına dönür.


Axı kim dönmür ki, bu zəmanədə

Əyri əyridən, düz düzündən dönür.

Özgənin əlində işi keçənlər

Özgədən inciyib özündən dönür.


Köksüz adamlarin kəsilmir kökü.

Kökündən dönənlər köksüzə dönür.

Hamı üçə qaçir, beşə firlanir.

Təklənib tək onda öksüzə dönür.


Nə vaxtdan başlayır dönüş tarixi

Bəlkə də dönənlər qədimdən dönüb.

Hər şeyin başına fırlanan insan

Ya rəbbim, bəlkə də ilk səndən dönüb.


Ey Adəm övladı, axtarma düzlük.

Başın sağa – sola boşuna dönür.

Çox da bel bağlama Yer kürəsinə.

O özü günəşin başina dönür.


İYSİ GƏLİR

Adam badam iysi gəlir
Yağlı adam iysi gəlir.
Cırtdanların ağzından div
Divdən cırtdan iysi gəlir.
Yağ-çörəkdən minnət iysi
Minnətdən qan iysi gəlir.

Yaxınlar uzaqda durur
Yaxınların yox qoxusu
Uzaqlar qılığa girir
Uzaqların iysi gəlir.

Ətir dəymədi cismimə
Ətirlər şüşə məhbusu
Istəmərəm bir də olsun
Mənim zövqümün məhbusu
Çox da ki o məhbuslardan
Məst edən gül iysi gəlir
Mən tər qoxusun sevirəm
Tərim azad – azad axır
Tərimdən hürr iysi gəlir



BİR MƏN, BİR GECƏ

Yenə tək qalmışıq..
bir mən..bir gecə..
Yenə otağımda mən boyda gecə.
Yenə biz əl-ələ tutub gecəylə.
Dərdlərin üstündən keçəcik bugün.
Yenə pozmayacıq adətimizi.
Doyunca göz yaşı içəcik bugün.
Alar əllərimi qara ovcuna
Əlimin kirlərin gizlədər gecə.
Sıxar sinəsinə xəstə ruhumu.
Məni günahlardan tərlədər gecə.
Yenə tək qalmışıq
Bir mən..bir gecə.
Gecə kipriyimdən asar özünü.
Gecə nəfəsimdən dolar sinəmə.
Gecə saçlarımla boğar özünü.
Gecə ulduz olar yağar üstümə.
Yansın binaların gur işıqları.
Gecəmi əlimdən alan olmasın
Zülmət qaranlığa büründüm..
heç kim
Gecəni əynimdən soyundurmasın.
Ehh..Gecə tökülməyə başlar üstümdən
Günəş otağıma dolar gizlicə.
Sinəmdə, saçımda, kirpiklərimdə.
Mənimlə sabaha çıxar bir gecə.
Yenə tək qalarıq..
Bir mən..bir gecə



YOLDAŞINI SEVMƏYƏNDƏ

Hər gün..hər gün sən açırsan səhəri.
Özgələşmiş bir doğmanın üzünə.
Yatağında ən yaxında olanın
Ürəyində ən uzağın üzünə.

Soyudarsan öz səsinlə səsin də.
Üşüyərsən buz bağlayan səsiylə.
Aranızda yırtıq, sökük yerləri
Yamayarsan bir körpə nəfəsiylə.

Bir ömürdə yol yoldaşı olarsız.
Yoldaşlıqdan xəbər verməz addımlar.
Ikiniz də bir yol üstə durarsız.
Sən aşağı, o yuxarı addımlar.

Addım addım uzaq düşər könüllər.
Körpəniz də qaçar vəzifəsindən.
Gözləriniz səssiz – səssiz danışar.
Ayrılıq tökülər hər cümləsindən.

Bir gün əllərindən tutar ayrılıq.
Çıxarar üzüyü, qaçırar səni.
Olmaz xatirəsi heç bir əşyanın.
Ayrılıq əli boş aparar səni.

Yenə də rahatlıq tapmaz ürəyin
Şəklini əlivə alıb baxarsan
Hər cizgisi bir şey salar yadına
Üzüyünü barmağına taxarsan

Saçlarını öpərsən,oxşayarsan
Gözlərinlə gözlərində gəzərsən
Anlayarsan bu gülməli gərçəyi
Ayrıldığın gündən onu sevirsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG