Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:49

Ə.Alpoutun «Həyatımın hekayətləri» kitabı Türkiyədə çap olundu


-
Kitab «Azərbaycan ədəbiyyatı» seriyasından Ankara «Bengü Yayınları»nda çıxıb.

Kitab Azərbaycan ədəbiyyatının dostları - Yakub Deliömeroğlununİmdat Avşarın yardımı ilə nəşr olunub.

Nəşrə hazırlayan və ön sözün müəllifi yazıçı-jurnalist Zakir Sadatlıdır.

Xatırladaq ki, Zakir Sadatlı ötən əsrin 20-ci illərində bolşevik işğalından sonra Azərbaycandan qaçmağa məcbur qalmış Əziz Alpoutun xatirələr əlyazmasını Türkiyədə tapıb üzə çıxarıb, dilimizə uyğunlaşdırıb keçən il Bakıda çap etdirmişdi.

1961-ci ildə qələmə alınmış 652 səhifəlik bu kitab Azərbaycan mühacirət ədəbiyyatının yeni bir səhifəsidir.

Ötən əsrdə Azərbaycanın keçdiyi bütün tarixi hadisələr—100 il əvvəlin Bakısı, Cümhuriyyət dövrü, Cümhuriyyət qurucuları, bolşeviklərin Bakını tutması, yerli əhaliyə tutduğu divan, Sibir sürgünü, Azərbaycan mühacirlərinin ağır həyatı, bu yolda verdikləri ölüm-dirim savaşı Əziz bəyin gündəliklərində sənədli şəkildə əbədiləşib.

Hər zaman Bakı həsrəti ilə yaşayan Əziz bəyin bir arzusu olub və bunu gündəliklərində belə ifadə edib:

«…Böylece bağımsız Azerbaycan Cümhuriyyetinin üçrəngli bayrağı tekrar Millet Meclisi binasına dikilir. Hazar-dan koşub gelen külek de onu okşar. Ölmeden görürsem, ne mutlu bana…»

Əziz Alpout 1988-ci ildə 93 yaşında Türkiyədə vəfat edib.

Vətənin müstəqillik qazanmasına bir neçə il qalırdı.

Amma Xəzərdən coşub gələn küləklərin mehi artıq hiss olunmağa başlamışdı.

Heyf ki, Əziz bəy doğma Bakını, Milli Məclisin üzərində dalğalanan üçrəngli bayrağı bir daha görə bilmir.
XS
SM
MD
LG