Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Sayman Aruz: “Biz Yazıçılar Birliyinin ən kasıb otağına sığınmışıq”


.
Quzey Azərbaycanda Güney Azərbaycan ədəbiyyatına diqqət və qayğı yoxdur. Bizim ziyalılarımız, ictimai xadimlərimiz və hətta millət vəkillərimiz belə bu təkanı vermir. Hamısı uzaq durur...


Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan" şöbəsinin rəhbəri, şair Sayman Aruzla müsahibə


- Sayman bəy, siz Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan" şöbəsinin rəhbərisiz. Söhbətə bu şöbənin yaranması ilə başlayaq.

- Bu şöbənin yaranması çox maraqlı və çətin bir proses üzərində qurulub. İndiki dövrdə Azərbaycan Yazıçılar Birliyində belə bir otağa sahib olmaq o qədər də asan bir iş deyil. Yadıma gəlir iki il bundan qabaq Fikrət müəllimlə danışanda və onun müsbət nəzərini görəndə belə, inana bilmirdim ki, nə vaxtsa Cənubi Azərbaycan şöbəsinin otağını yarada bilərəm.

Zaman keçdikcə məsqədimə doğru yaxınlaşdım. Bu məsələdə xüsusilə Fikrət Qocanın və Rauf Aslanovun dəstəyini vurğulamalıyam. Bu otaq hal-hazırda ən kasıb otaqdır. Həm də Yazıçılar Birliyinin ən son otağıdır. Bir fikir verin dam örtüyünün altındakı otaqdır. Və bizdən yuxarı da yalnız Allah var.

- Bu otaq sanki nağıllardakı o sonuncu, qırxıncı otağa bənzədi. Nağıllardan da məlumdur ki, qirxıncı otaq həmişə özündə ən vacib və sirli olanı saxlayır.

- Doğurdan da nağıl kimi bir otaqdır. Amma onu da qeyd edim ki, otağımızın pəncərəsi belə yoxdur. Pəncərə əvəzinə mən Təbrizin bir şəklini asmışam. Otağımızın belə olmasına baxmayaraq ürəyimiz daima istidi və mən bu otağı cənubluların bir uğuru hesab edirəm. Bunu da qeyd edim ki, bu otaq çağdaş Cənubi Azərbaycan ədəbiyyatının bir gərəyi idi. Çünki onların burda çap olunmaları və burda tanınmaları üçün bir dəstək lazım idi. Təbii ki, buna da maliyyə lazımdı.

- Maliyyə məsələsi ilə bağlı bir az sonra suallarım olacaq. Sayman bəy, Güney Azərbaycan ədəbiyyatı ilə bağlı kifayət qədər işlər görürsüz və nəticə də göz önündədir. Bəs son zamanlar Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sizin fəaliyyətinizdə nə kimi yeniliklər var? Həmçinin də öz yaradıcılığınız da olan yeniliklərdən bir az məlumat verin.

- İlk öz yaradıcılıq fəaliyyətimdən danışım. Mənim yeni “Yüz il inqilab” adlanan romanım “Qanun” nəşriyyatında çapa hazırlanır. (Romandan parçanı oxu - "Oxu zalı") Bu roman Güneydə olan hadisələrlə bağlıdı. Bir şüar kimi səslənməsin deyə daha çox poetik ədəbi və şəkildə olmasına diqqət etmişəm.

- Qeyd etmisiniz ki, hər iki ədəbiyyatı birləşdirmək lazımdı. İndi sizin bu romanınız hansı ədəbiyyatın nümunəsi kimi anlaşılsın ?

- Oxuyanlar deyir ki, bu romanı hər iki tərəf başa düşə bilir.

- Sayman bəy o zaman sizin bu yeni romanınızı ümummilli roman adlandırmaq olar?

- Bu romanın süjet xəttini dünyanın hər bir yerində ola bilər. Çünki dünyada xain də var, millətçi də var, inqilabçı da var, işgəncə verən də var, edam olunan da var, əzab çəkən də var. Qayıdaq sualın ilk hissəsinə. Bildiyiniz kimi mən Cənubi Azərbaycan ədəbiyyatı Sayman Aruz

Sayman Aruz

ilə bağlı 13 kitab çap elətdirmişəm. Həm də yeni kitabların nəşr etdirmək fikrim var. Həm də Yazıçılar Birliyinin bu yaxınlarda olacaq qurultayında bir neçə yeni təkliflərim olacaq. Özümdən əlavə bu işə yeni iki nəfərin də cəlb olunmasını istəyirəm. Cənubi Azərbaycan ədəbiyyatını və fars dilini bilən iki insan burda işə cəlb olunsun. Bizə tez-tez tərcümələr lazım olur, daha sonra burda jurnal, qəzet və sayt hazırlamaq istəyirik. Bunların hamısı sırf Cənubi Azərbaycan ədəbiyyatının təbliğatı üçün nəzərdə tutulub.

- Bəs maliyyə dəstəyi olacaqmı?

- Bilirsiz fond məsələsi təsdiqlənsə, biz bu dediklərimizi layihə şəklində dövlətə təqdim edəcəyik. Mən inanıram ki, alınacaq. Çünki bu fondla bağlı müsbət rəylər eşidirəm və bəzi fikirlər mənə gəlib çatır.

- Fondun adını çəkdiz. Keçən ilin oktyabr ayında sizin bir tədbiriniz olmuşdu. Bu tədbir Cənubi Azərbaycan ədəbiyyatının tanıtımı və eyni zamanda Cənubi Azərbaycan ədəbiyyatı fondunun yaradılması ilə bağlı idi. Bu fond haqqında bir az məlumat verin.

- Son məruzəmdə mən bir sıra təkliflər irəli sürmüşdüm və bu təkliflərdən ən birincisi Cənubi Azərbaycan Ədəbiyyatının fondunun yaradılması idi. Bu fondun yaradılmasına çox böyük ehtiyac var idi. Daim kimdənsə kitab çap olunması üçün maliyyə istəmək bir az naratçılıq yaradırdı. Bu fondun yaranması vacib şərtlərdən biridir. Bu fond kitabların çapı və təbliğatı üçün çox vacibdir. Həmçinin də jurnal, qəzet və saytın maliyyə gərəklərini ödəyəcək. Millət vəkili Qənirə Paşayeva və milət vəkili Qüdrət Həsənquliyev də iştirak etmişdi tədbirdə. Bu işlə bağlı dəstək olacaqlarını da qeyd etmişdilər.

- Güney Azərbaycan ədəbiyyatının geniş yayılması üçün həm burda, həm də güneydə sizcə necə bir təkana ehtiyac var?

- Kifayət qədər potensialımız var. Çünki kifayət qədər yazıçımız, şairimiz, inqilabçımız və ideoloqumuz var. Təkanı da ancaq iqtisadi və ictimai diqqətdə görürəm. Bax siz bizim saytlarda, yaxud televiziyada bu ədəbiyyatın təbliği ilə bağlı bir məlumat görmüsünüz? Yox. Görə də bilməzsiz. Bax elə saytlardan deyim sizə. Nə azadlıq.org-un Oxu zalında, nə Kulis.az nə də ayrı bir saytlar bu ədəbiyyata maraq göstərmir. Demək bizim öz içimizdə bir biganəlik var. Mən hesab edirəm ki, Quzey Azərbaycanda Güney Azərbaycan ədəbiyyatına diqqət və qayğı yoxdur. Bizim ziyalılarımız, ictimai xadimlərimiz və hətta millət vəkillərimiz belə bu təkanı vermir. Hamısı uzaq durur. Bu haqda Rafiq Tağı daim yazırdı. Amma ondan sonra bir baxın kimsə yazırmı? Mənim fikrimcə, ədəbiyyatda və mədəniyyətdə sərhəd yoxdur və olmamalıdır. Bu yerdə Həmid Herisçinin bir fikrini qeyd etmək istərdim. O deyir ki, Şimali Azərbaycanda ciddi yazıçı yoxdur. Düzü mən bu fikirlə razı deyiləm, çünki ciddi yazıçı dostlarım var. Elə Rafiqin özü ciddi yazıçıdı. Sadəcə bəzi yazıçılar onlar öz həyatlarına ciddi yanaşmırlar.

- Son dövrlər Cənubi Azərbaycan ədəbiyyatında olan dalğa bizlərə çoxlarını tanıtdı. Yəqin ki, artıq daha da sərt fikirləri ilə yetişməkdə olan gənclər də var?

- Əlbəttə var. Duman Ərdəm adlı bir şair var. Onuun çox böyük bir şair olacağına inanıram. Sonra Fərzad Leysi və “ Baraz” təxəllüslü çox maraqlı bir şair var. Bəhram Sürgünün adlı şairimiz də var. Həmçinin bir məqamı da qeyd edim ki, Səməd Behrənginin nağılları, Cənubi Azərbaycan şeir antalogiyası və adını çəkdiyim şairlərin kitablarını çapa hazırlayıram.

- Bu kitabların çapına maliyyə dəstəyi mütləq lazımdı. Yazıçılar birliyinin də hansısa bir köməyi olacaq?

- Yazıçılar Birliyi müəyyən qədər kömək edir. Əgər mən ancaq bu köməyə arxalansam ildə 2 kitab çıxardaram. Amma Cənubi Azərbaycan ədəbiyyatını tanıtdırmaq üçün ən azı ayda iki kitaba ehtiyac var. Fond gələn aydan işə düşsə yəqin ki, maliyyə də ayrılacaq.

- Tədbirdə qeyd etmişdiz ki, Azərbaycana kitabları çap olunan şairləri dəvət edəcəksiz. Bu yaxınlarda belə bir dəvət edəcəyiniz şair varmı?

- Bəli, söylədiyim kimi, yaxın vaxtlarda kitablarını burada dərc olunan şair-yazarları Azərbaycana dəvət edəcəyik. Ancaq bilirsiniz ki, bu dəvətlər maddı vəsait tələb edir və hal hazırda bizim buna bir imkanımız yoxdur.

- Bəs siz cənubda olan yazarlarla necə əlaqə saxlayırsız. İnternete çıxışları varmı və bu gənclərdə daha çox hansı cərəyanın təsirini duyursuz?

- Cüneydə internetə çıxışları bir az məhduddu, amma yenə də bacardıqca yazışa bilirik. Arda da telefon əlaqəsi yaradırıq. Yeni nəsl gənclərdə daha çoz avanqard bir cərəyanın izlərini görürəm. Modern və klassik yazanlar da var, amma əsas odur ki, bu yazdıqlarının kökündə millilik olsun. Milli ruh mütləq olmalıdı.

modern.az

Günün bütün mövzuları

XS
SM
MD
LG