Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51
Bu gün—aprelin 6-da saat 16-30-da Bakı Slavyan Universitetinin akt zalında maraqlı bir konsert düzənlənəcək.

Almaniyadan gələn folklorçu alim və folklor nümunələrinin mahir ifaçısı Eberhard fon Kummer «Nibelunqlar nəğməsi» dastanından seçmələr söyləyəcək.

Xəbəri BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev AzadlıqRadiosuna verib.

Xatırladaq ki, Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti – Mayns və «Osvald fon Volkenştayn Cəmiyyəti» arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən “Kitabi-Dədə Qorqud” və «Nibelunqlar haqqında nəğmə»: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb» adlı layihə həyata keçirilir.

Layihənin 10 il müddətində həyata keçirilməsi və bu məqsədlə iki ildə bir dəfə Azərbaycanda və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpoziumun təşkili nəzərdə tutulub.

Bu simpoziumlar sözügedən dastanların ədəbi xüsusiyyətləri, üslubiyyatı, nəşri və tərcüməsi, kulturoloji aspektləri, eləcə də, onların dərki və hər iki xalqın dünyagörüşü ilə bağlı müxtəlif məsələləri əhatə edir.

Artıq layihə çərçivəsində 2009-cu ildə Bakı Slavyan Universitetində «Kitabi-Dədə Qorqud » və «Nibelunqlar haqqında nəğmə» eposlorının linqvistik təhlili» adlı ilk simpozium keçirilib.

2011-ci ildə Almaniyanın Mayns şəhərində keçirilən ikinci simpoziumda isə hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektləri araşdırılıb.

Layihənin həyata keçirildiyi müddətdə Almaniyanın Vürsburq Universitetinin, eləcə də BSU-nun professoru, «Osvald fon Volkenştayn» Cəmiyyətinin prezidenti Dr. Ziqlinde Hartman mütəmadi olaraq BSU-nun Filologiya fakültəsinin germanşünas tələbələrinə mühazirələr oxuyub, ustad dərsləri keçib, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşüb. Bu il martın 28-dən xanım Hartman universitetdə orta əsrlər alman ədəbiyyatından silsilə mühazirələr aparır və bu mühazirələr aprelin 13-dək davam edəcəkdir.

Bu gün düzənlənən konsert də xanım Hartmanın təşkilatçılığı sayəsində baş tutacaq.

Konsertə universitetin professor, müəllim və tələbə heyəti ilə yanaşı, BSU ilə sıx əməkdaşlıq edən millət vəkilləri, dövlət işçiləri, mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin səfirləri dəvət olunub.

Giriş azaddır.
XS
SM
MD
LG