Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:32
- Bakı mühitindən fərqli olaraq bir-birimizin gözəl misralarına çox sevinirdik… Lənkəran ədəbi mühiti gözəl, güclü mühit olub. Heç vaxt bir-birimizə nəyinsə xətrinə güzəşt etməmişik, yalandan tərif söyləməmişik.

Bunu Balayar Sadiq deyir. “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin onluğuna keçən şair 2004-cü ildə Lənkərandan Bakıya köçüb.

- 1965-ci ildə Lerik Rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunuyam. İlk şeirim 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Bu yaşda on iki kitab müəllifiyəm. Sonuncu kitabım “Allahın unutduğu adam” adlanır. Əyalətdə yaşayıb-yaratmaq əvvəllər çətin idi, amma internetin imkanları bu boşluğu doldurdu. İndi sayt bolluğudur, dərc olunmaq, tanınmaq asanlaşıb.

- Bakıya köçməyiniz nə ilə bağlı idi? Nəyə görə Lənkəranda, sizə daha doğma olan mühitdə yaşamadınız?

- Lənkəranda yaşamaq mənim səhhətimə ziyan idi. Ora rütubətli yerdir. Bakıda yaşamaq rahatdır. Konkret iş yerim yoxdur, amma necə deyərlər, Allah adamı dolandırır. Yazıçılar Birliyi adımı Prezident təqaüdünə təqdim etmişdi. Həmin təqaüd əlimdən çox tutdu. Qəzetlərə yazılar verirəm, redaktə, korrektə işləri ilə məşğulam. Bu işlərin hamısı indi pul deməkdir. Mən peşəkar ədəbiyyat adamıyam, belə işləri yaxşı bacarıram.

- 12 kitab sizə nə qazandırıb? Yoxsa söz, ədəbiyyat sizin də mənəvi təsəlli yerinizdir?

- Azərbaycanda ədəbiyyata qazanc yeri kimi baxmaq... bir az qəribə səslənir. Ona görə də bu haqda geniş danışa bilməyəcəyəm. Gəl, paytaxt ədəbi mühitinin bəlalarından danışaq. Hamı bir-birini tərifləyir, dahi düzəldir. Mən şeiri Vaqif Cəbrayılzadədən öyrənmişəm. Həmin gün də yadımdadır. Vaqifin “Adamlar və atlar” poeması nadir əsərlərdəndir. Qulu Ağsəsin yaxşı şeiri var:

Görsən ki, hər yerdən əlin
üzülür,
Görsən üşüyürsən, yandır
özünü


Mən bu iki misra ilə neçə il yaşaya bilərəm. Səlimin də, Qəşəmin də şeirləri haqqında eyni fikirdəyəm. Bizim bədbəxtliyimiz ordadır ki, ad çəkmək istəmirik, biz-birimizi qısqanırıq. Elçin Əfəndiyevin Yaşarla müsahibəsi çıxıb, oxuyub heyrətləndim. Elə bildim, nəhəng bir kəllə ilə üz-üzəyəm.

- Belə başa düşdüm ki, Qulu Ağsəs, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə müsahibələrində sizin adınızı çəkmirlər deyə, umu-küsü edirsiniz...

- Olub-olub... Çoxdur. Hərə öz çəkisini bilməlidir. Şair ədəbiyyata nə gətiribsə, onunla qalır. Ədəbiyyatda dəstə yaratmaq lazım deyil. Vaxtilə yazmışdım ki, ədəbiyyatın Cavid Zeynallı və Balayar Sadiq

Cavid Zeynallı və Balayar Sadiq

əyaləti olmur. Dünya miqyasında götürəndə Gəncə əyalətdir də, amma ordan Nizami çıxıb.

- Tanınmış imza sahiblərindən şeirləriniz haqqında fikir bildirən olubmu?

- “Ömrün hünər nəğməsi” poemam haqqında Bəxtiyar Vahabzadə kitabında bir abzas xoş söz yazmışdı. “Ədəbiyyat qəzeti”ndə Davud Nəsib şeirlərim haqqında yazmışdı. Vaqif Yusiflinin, Ələkbər Salahzadənin, Adil Mirseyidin böyük qayğısını hiss etmişəm. Sabir Əhmədli “Ədəbiyyat qəzeti”ndə şeirlərimi çap edib.

- Gənclərdən kimi oxuyursunuz?

- Zərdüştün, Qismətin, Vüsal Nurunun, Kəramətin kitablarını oxumuşam. Hamısı istedadlı gənclərdir. Amma baxır gələcəkdə özlərini necə realizə edəcəklər. Dünya dəyişir, modernləşir. Kimin qabında nə varsa, o da üzə çıxacaq.

- İstərdim müsabiqəyə qatılmağınızdan danışsınız...

- Mən internetlə sən deyən maraqlanmıram. Şairə Mənsurə Qaçayqızı mənə dedi, şeir müsabiqəsi keçirilir. Səhv etmirəmsə, Mənsurə xanım ötən hekayə müsabiqəsinin onluğuna düşmüşdü. Mən internetlə yazı göndərə bilmirəm, şeirlərimi əmim oğlu göndərdi. Şəhriyar del Gerani o gün mənə deyir, sənsən, Qəşəmdir – biz sizi qoymayacağıq müsabiqədə qalib olasınız. Dedim ay bala, səninlə mən yarışa çıxmamışam. Deyir, siz cavanların qarşısını alırsınız. Ədəbiyyatda heç kim heç kimin qarşısını ala bilməz.

- 10-luq siyahıda olan şeirlərdən hansıları bəyəndiniz?

- Ümumiyyətlə uğurlu şeirlərdir. Sadəcə, şeirlərdə bir az sintetiklik var. Texnikaya çox uyma hiss etdim. Rüqəyya Kəbirinin şeirləri xoşuma gəldi. İnsan sevəndə hansı hissi keçirirsə, onu da yazmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG