Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:49
Azərbaycanda yodsuz duzun istehsalı və istifadəsi ilə bir neçə ildir ki, mübarizə aparılmasına baxmayaraq belə hallar hələ də davam edir , - bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində yodsuz duzların istifadəsi azalıb və 3 il bundan əvvəlki 75%-dən 15%-ə düşüb, amma pozuntular hələ də qalır: «Bu gün də Qaradağ duz gölündən və onun yaxınlığında yerləşən Buta duz gölündən hər gün təqribən 10 ton duz toplanıb respublikanın müxtəlif yerlərinə daşınır və təmizlənmədən əsasən çörəkbişirmə, konservləşdirmə, süd məhsullarının istehsalı sənayesində istifadə olunur».

Yodsuz duzların insanlarda bir sıra xəstəliklərə səbəb olduğunu deyən AİB rəhbəri bildirib ki, təşkilat Buta gölündə apardığı monitorinqin nəticələri ilə bağlı çoxsaylı dövlət qurumlarına - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsinə, eləcə də Baş Prokurorluğa rəsmi müraciət etsə də, belə halların qarşısı alınmayıb.

Hazırda ölkənin ticarət məntəqələrində satılan yodsuz duzların markalarını açıqlayan E.Hüseynov bu duzların satışının qadağan edilməsi barədə müraciətlərinin də cavabsız qaldığını bildirib: “Belə duzların bəziləri həddən artıq baha qiymətə – kiloqramı 30 manata satılır”.

Təşkilat sədri yodsuz duzların əsasən süd məhsulları istehsal edən zavodlarda istifadə olunduğunu bildirib: «Bunu onunla əsaslandırırlar ki, guya yodlu duz südü korlayır. Bu fikir həqiqətəuyğun deyil». E.Hüseynov AİB-in bununla bağlı araşdırma apardığını və yaxın vaxtlarda belə süd zavodlarının adlarını ictimaiyyətə açıqlayacaqlarını bildirib.

Naxçıvandan gətirilən duzlarda da problemlərin olduğunu bildirən E.Hüseynovun sözlərinə görə, bəzən bu duzların tərkibinə daş duzlar qatılaraq minerallar kimi qələmə verilir, amma bu da keyfiyyətsiz əlavələrdir: “Hələlik ölkədə yeganə keyfiyyətli duz istehsalçısı Masazırda fəaliyyətə başlamış «Azərduz» müəssisəsidir”.

Təşkilat rəhbəri qənd istehsalında da ciddi pozuntuların olduğunu, qəndin tərkibinə orqanizm üçün ciddi təhlükə törədən maddələrin qatıldığını bildirib: “Bizdə olan məlumatlara görə, qənd sexlərində qəndi ağartmaq üçün insan həyatına təhlükəli olan “Sodium Hydrogen sulphide” adlı maddədən geniş istifadə olunur”.

Malların etiketində bu barədə məlumatların göstərilmədiyini bildirən E.Hüseynovun sözlərinə görə, hələlik AİB bu maddəni ekspertiza etmək üçün əldə edə bilməyib: “Çünki istehsalçılar onu çox gizli saxlayırlar. Bu maddə insanlarda görmənin zəifləməsinə, tənəffüs yolu xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG