Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54
Azadlıq Radiosunun proqram direktorunun müavini Nenad Pejic bu yazısı ilə 20 il əvvəl Balkan müharibəsinin başlanmasını xatırlayır.


...Mən telefonu götürdüm. Bu, Radovan Karadgic idi.

“Siz, cənab Pejic, dövlət çevrilişi hazırlayırsınız.” – deyə o telefonda qışqırırdı, - “Siz Bosniyanı Yuqoslaviyadan qoparmaq istəyirsiz. Serblər heç zaman bunu qəbul etməyəcəklər. Siz insanları qızışdırıb Yuqoslaviyaya qarşı qaldırırsınız, siz yayımı dayandırmalısınız!” – deyə o tələb edirdi...

Mən onda Sarayevo televiziyasının proqram direktoru idim.

1992-ci ilin apreli idi, münaqişənin rəsmi olaraq başlanmasına bir neçə gün qalmışdı. Amma elan olunmamış münaqişə başlanmışdı. Artıq milli zəmində qətllər, quldurluq, evdən çıxarılma cinayətləri baş verirdi.

Sarayevonun özündə isə gecələr atışmalar baş verirdi, müxtəlif yarımhərbi qruplar nəzarət-keçid məntəqələri yaratmışdılar.

Bizim bu barədə məlumatlarımızı Yuqoslaviya Milli Ordusu vecinə almırdı, bunun etnik münaqişə yox, ayrı-ayrı insident olduğunda israr edirdi.

Dövlət isə artıq 3 etnik qrup arasında münaqişə meydanına çevrilmişdi

Karadgicin zəngindən 1 gün əvvəl biz təxminən 40 tələbənin sülh uğrunda keçirdiyi yürüşdən yayım vermək qərarına gəlmişdik. Tələbələr parlament binasına tərəf yürüş edəcək, bütün partiyalardan yığışıb sülh haqqında qətnamə qəbul etməyi tələb edəcəkdilər.

Biz düşündük ki, bu, sülhün əldə edilməsi üçün son şansdır və aksiyadan canlı yayım vermək qərarına gəldik.

Adi vaxtlarda bu aksiyanı çətin ki efirə veriləcək qədər mühüm sayardıq.

Amma vəziyyət normallıqdan çıxmışdı. Bizim yayımımız isə 2 gün çəkdi. Sonrakı bir neçə gündə baş verən hadisələr nəinki Bosniyanın həyatında, həm də mənim jurnalist karyeramda ən mürəkkəb dövr oldu.

Biz aksiya yerinə bir neçə çəkiliş qrupu yolladıq. Onlar aksiyanı müxtəlif bucaqlardan çəkəcəkdilər. Hətta heç kimin şübhələnmədiyi yerlərdə ehtiyat kameralar da gizlətdik. Əgər yayımımıza mane olsaydılar, onlardan istifadə edəcəkdik.

Yayım öz effektini verdi

Axşama yaxın artıq küçələrə on minlərlə insan çıxmışdı.

O qədər gərginlik içində işləyirdik ki, bir də yadıma düşdü ki, xörək yemək belə yadımdan çıxıb. Yalnız arada kofe, pivə içir, siqaret çəkirdim.

Stjepan Kljujic, Radovan Karadzic və Alija Izetbegovic, Sarayevo, 1992.

Stjepan Kljujic, Radovan Karadzic və Alija Izetbegovic, Sarayevo, 1992.

Ertəsi gün səhər artıq küçədəki insanların sayı 100 minə yaxın idi. Külqabım siqaret kötükləri ilə dolmuşdu.

O zaman Sarayevonun əhalisi təxminən yarım milyon nəfər idi. Küçələrə çıxanların əhval-ruhiyyəsi yüksək idi. Bəziləri aksiyaçılara yemək gətirirdi.

İnsanlar Sarayevo televiziyasına da zəng edir, sülh tələb edirdilər.

Siyasi liderlərdən kimsə tribunaya çıxıb çıxış edirdisə, onu fitə basır, danışmağa qoymurdular.

İnsanlar siyasətçilərə qulaq asmaq istəmir və vahid səslə sülh tələb edirdilər.
Karadciçin partiyası isə bizdən yayımı dayandırmağı tələb edirdi, insanları Yuqoslaviyanı parçalamaq üçün qızışdırdığımızı deyirdi.

Hökumətin rəhbəri İzetbekoviç də bunu tələb edirdi, mən isə bunlara fikir vermədən yayıma davam edirdim.

İnsanlar siyasətçilərə etibar etmirdi və istəyirdilər ki, mən onlarla danışıqlara gedim, amma bu mənim üçün jurnalistika ilə siyasətin sərhədini aşmaq demək olardı.

Mən siyasətdə tərəf olacaqdım

Ona görə də partiya liderlərini studiyaya dəvət etdim ki, sülhü orada müzakirə etsinlər.

Beləliklə, üç əsas partiyanın rəhbəri Radovan Karadgic, Aliya Izetbeqoviç və Milyenko Brkiç, eləcə də Yuqoslav Ordusundan general Milutin Kukanyaç, Avropa Birliyinin nümayəndəsi studiyaya gəldilər.

Onlar faktiki olaraq milyonların taleyini həll edəcəkdilər. Əksəriyyəti silahlı cangüdənlərlə gəlmişdilər. Amma həmin adamları studiyaya silahlı buraxa bilməzdik.

Nəhayət onlar “Kalaşnikov”larsız studiyaya girməyə razı oldular.

Tələbələrin yürüşü, 1992

Tələbələrin yürüşü, 1992

Həyatımda belə ağır və mühüm danışıqlar görməmişdim.

Danışıqlar ittihamlar, hətta hədələrlə müşayiət edilirdi

Bir məqam gəldi ki, Karadgic studiyanı tərk etmək istədi. İstəyirsiz inanın, istəyirsiz yox, onu pencəyindən tutdum və getməyə qoymadım.

Az sonra İzetbeqoviç getmək istədi, yenə paltarından tutdum və buraxmadım. Nəhayət ikisi də yerlərinə əyləşdi.

Uzun danışıqlardan sonra partiya liderləri könülsüz olaraq sülhə razı oldular. Bunu televiziyadan da elan etdik ki, atəşkəs əldə edildi.

Avropa Birliyinin nümayəndəsi müzakirədən sonra mənə dedi ki, siz illüziyalarla yaşamayın, onlar studiyadan çıxan kimi hər şeyi məhv edəcəklər. Mən də dedim ki, “illüziyalarla yaşamıram amma ən azı sülhə cəhd etdim”.

Həmin gün ölkədə sülh bərqərar oldu, amma ertəsi gün səhər rəsmi olaraq müharibə başlandı.

Düzdür, 20 il əvvəlin o cəhdimizə baxanda etiraf edirəm ki, hərəkətim siyasi xarakter daşırdı, amma mən peşman da deyiləm. Çünki biz televizyanı müharibə üçün yox, sülh üçün istifadə etməyə çalışırdıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG