Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09
- İlk şeirimi 6-cı sinifdə oxuyanda yazmışam. Bir bəndlik şeir idi. Deyə bilmərəm, müəlliməm bəyəndi, ya yox, amma dedi yaz, səndə alınır...

Aqşin Evrən "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş gənc şairlərdəndir. 22 yaşı var:

- Hazırda Bakı Slavyan Universitetinin dördüncü kurs tələbəsiyəm. Tələbə olandan sonra düşdüyüm mühit ədəbiyyata marağımı daha da artırdı, yaradıcı insanlarla tanış oldum. Ümumiyyətlə, əyalət mühiti ilə paytaxt ədəbi mühiti arasında böyük fərqlər var. Rayonda mənim bir nəfər də olsun yazar tanışım yoxdur. Bakıda isə böyük şairlərlə şəxsən tanış oldum, qaynar ədəbi mühitin içinə düşdüm. Rayonlarda ədəbiyyat ikinci plana keçib, kitabxanalara gedən insanların sayı çox azdır.

- Hansı mətbuat orqanlarında dərc olunubsan?

- Əsasən, internet resurslarında dərc olunuram. “Oxuzalı.az”, “Kultaz.com” saytlarında, universitetimizin “Tələbə dünyası” qəzetində şeirlərim çıxıb. Hiss edirəm ki, dost-tanışın, münasibətim olan insanların şeirlərim haqqında fikirləri yaxşıdır. Amma mənə daha çox ədəbiyyatın öndə gedən nümayəndələrinin fikirləri maraqlıdır. Salam Sarvan “Facebook” səhifəmdə paylaşdığım bir şeirimi oxuyub demişdi ki, son bir ildə oxuduğum ən maraqlı şeirdir. Həmin şeirin bir bəndi yadımdadır:

Ağ göyərçinlərə atdığım dən
qayıdıb anamın saçına düşüb;
indi onun başındakı ağ tükə
"anacan, ağ sapdır düşüb" deməyə lüzum yox!
Anam mənə həqiqəti göstərib həmişə.
Ona yalan deməyə üzüm yox!


Aydın Xan Əbilov, Əsəd Qaraqaplan da yazılarım haqqında fikir bildiriblər.

- Çağdaş Azərbaycan poeziyasından hansı imzaları oxuyursan?

- Qismət, Aqşin Yenisey, Ramiz Rövşən, Salam Sarvan... bu şairləri daha çox oxuyuram. Yaşıdlarımdan Məhbusun, Elçin Aslangilin, Şahlar Ruhinin, Namiq Rəssamın, Emin Pirinin şeirlərini bəyənirəm. Çalışıram, çox mütaliə edim. Məktəb illərində Conatan Svift, Daniel Defonun romanlarını oxumuşam. Sonra Dostoyevski, Tolstoy, Kafkanı oxudum və əsərlərini çox sevdim. Kafkanı çox bəyənirəm. Çağdaş yazarlardan Seymur Baycanın, Kəramət Böyükçölün, Əli Əkbərin yazılarını oxuyuram.

- Sənin şeirlərin Aqşinin, Qismətin şeirlərindən nə ilə fərqlənir? Yoxsa bu şairlər kimi yazmaq bəs edər sənə?

- Şeirlərimi oxuyanlar deyir ki, səndə yeni nəfəs, təzə intonasiya var. Daha çox siyasi, dini, irqi mövzularda yazmaq istəyirəm. Ümumi qlobal mövzular məni düşündürür. Başqa sözlə desəm, ictimai mövzularla məişət mövzularının əlaqəsi, vəhdəti məni daha çox maraqlandırır.

- Aqşin, nəyə görə bütün gənc yazarlar Kafkanın, Dostoyevskinin adını birinci çəkirlər? Bu dəb halını alıb, yoxsa doğrudan bu iki yazıçı gənclərin sevimlisinə çevriliblər?

- Məncə bu yazıçıların adı brendə çevrilib. Gözümü açandan elə bu yazıçıların adını eşitmişəm. Məktəbdə ədəbiyyat müəllimlərimiz də Kafka və Dostoyevskinin, Tolstoyun Cavid Zeyballı və Aqşin Evrən

Cavid Zeyballı və Aqşin Evrən

adını daha çox çəkirdilər. Mən də mütaliəyə bu yazıçılarla başladım. Hətta “Nobel” mükafatını qazanan insanlar da çıxışlarında, müsahibələrində bu yazıçıların adını daha çox çəkirlər. Tolstoyun və Viktor Hüqonun əsərlərini oxuyanda özümü hadisələrin içində hiss edirəm.

- İndiyəcən hansısa müsabiqəyə qatılıbsan?

- Universitetlərarası hekayə müsabiqəsi keçirilmişdi, ora “Dünyanın ən kamil cinayətkarı” adlı bir hekayə ilə qatılmışdım. Həmin hekayə “İrəli” ədəbi almanaxında nəşr olundu. Sonra dedilər ki, hekayən yer qazanıb, tələbələrin hekayə toplusunda çap olunacaq. Düzü, “Ədəbi Azadlıq” müsabiqəsinə qatılmağa çəkinirdim. Yazılarımı müsabiqənin bitməyinə iki gün qalmış göndərdim. Adımı onluq siyahıda görəndə sevindim, bu mənim üçün stimul olacaq. Siyahıdakı yazarlardan əksəriyyətinin yaradıcılığı ilə tanışam. Yaxşı ki, münsiflər Qəşəm Nəcəfzadə kimi tanınmış şairin adını onluğa salmayıb, gənclərə meydan verdilər. Amma Sevinc El Sevərin şeirlərini onluq siyahıda görmək istərdim. Şəhriyarın, Elmar Şahmarın onluğa düşən şeirləri xoşuma gəldi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG